Siqaret bəladır, “elektron”u isə xroniki intihardır

post-img

Son vaxtlar gənclərin, bəzən, hətta yeniyetmələrin ovuclarında kiçik bir əşyanı ağızlarına aparıb sonra havaya tüstü buraxdıqlarının şahidi oluruq. Bu halla taksidə gedərkən də rastlaşır, yol yoldaşımızın elektron siqaretdən istifadəsinə şahid oluruq. Və müşahidə edirik ki, elektron siqaretlərə, xüsusən gənclərimizin marağı böyükdür və bu maraq getdikcə artır. Onlar “zərərsizdir”–deyib istifadə etdikləri bu siqaretin inkişafda olan orqanizmə mənfi təsirini bimirlər. Əgər bilsələr ki, həmin zərərsiz hesab etdikləri siqaretlər orqanizmdə hansı ciddi xəstəliklərə yol açır, yəqin ki, ondan imtina edərlər. Düşünürük ki, bu sahədə maarifləndirmənin böyük rolu ola bilər. Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Musa Qəniyevdən elektron siqaretlərin zərərli təsirini, yaratdığı fəsadların bəzi aspektlərini təhlil etməyi xahiş etdik.

– Professor, elektron siqaret nədir və onda orqanizmə zərər verən hansı maddələr toplanıb?

– Elektron siqaretlər yüksək dispers aerozol yaradan elektron sistemdir. Onun rezervuar hissəsindəki mayenin tərkibin­də nikotin, aromatik əlavələr, həlledici (məsələn: propilenqlikol, qliserin) və 10–20 faiz su olur. Bəzi markalarda bu tər­kibdə tetrahidrokannabinolun olması da istisna deyildir. Elektron siqaretin buxar şəkilli aerozolunda karbonil birləşməsi, nitrozamin, xrom, nikel, kadium, gümüş, civə, alüminium, anabazin, duasetil, ben­zaldehid, formaldehid, və s. ümumilikdə, 4 mindən artıq maddə olur. İstifadəçi tənəffüs havası ilə aerozol buxarını ciyər­lərinə çəkərkən bu maddələr onun bütün orqan və sistemlərinə yayılır. Marketinq maraqlarına görə deyilməsə də, əslində elektron siqaretdə nikotin və digər zərərli maddələrin miqdarı göstərilən normativ­lərdən 10–30 faiz çox olur.

– Həmin siqaretlər hansı xəstəlik­lərə və necə yol açır?

– Əminliklə bildirirəm ki, elektron siqa­retlər adi siqaretlərdən daha təhlükəli və qorxuludur. Bu siqareti çəkərkən buxar halında olan aerozol, ağız boşluğu və tənəffüs yolu selikli qişasını yandırdığın­dan çox ciddi xəstəliklərə səbəb ola bi­lir. Elektron siqaretin xərçəng, kəskin ağ ciyər və ürək xəstəlikləri törətmə poten­sialı adi siqaretdən dəfələrlə yüksəkdir. Digər tərəfdən, aerozolun ultrakiçik his­səcikləri (diametri 2,5 mikromillimetrdən kiçik, yaxud həmin ölçüyə bərabər) ağ ciyər toxumasının dərinliyinə nüfuz edir, selik baryerinə təsir göstərərək mukosili­ar klirensi zəiflədə, perebronxial iltihab və fibroza səbəb ola bilir. 

Aerozolun tərkibində olan bəzi mad­dələrin, xüsusən akroleinin mutagen təsir göstərməsi, xromosom aparatında ciddi dəyişikliklər törətməsi mümkündür. 

Əvvəllər elektron siqaret çəkməmiş şəxs, cəmi 20 dəfə bu tüstünü ciyərlə­rinə alıb-verərsə, alveolların makrofaq­larında 60-dan artıq genin ekspresiya­sında, irsiyyətə verilmə ehtimalı olan dəyişiklik baş verir. Aerozolun tərkibin­dəki formaldehidin çox güclü kanserogen (xərçəngtörətmə) olması isə, məlum həqiqətdir. Bu siqaretdən daimi istifadə, orqanizmin toxumalarını fermentlərin destruktiv təsirindən qoruyan zülal-inhi­bitorların aktivliyini kəskin şəkildə azaldır. Asılılıq törətmə potensialına görə isə adi siqaretdən heç də geri qalmır. Elektron siqaretdən ümumi istifadə, hepatit, vərəm və bu kimi qorxulu və öldürücü infeksiya­lara yoluxmaya 100 faizli zəmin yaradır.

Belə siqaretin ağ ciyərə təsiri, klinik gedişinə görə koronavirusdan praktik ola­raq fərqlənməyən atipik gedişli, ikitərəfli kəskin ağ ciyər pnevmoniyasına səbəb ola bilir. Məsələn, “Nyu York Tayms” qəze­tinin 5 avqust 2019-cu il sayında haqqın­da məlumat verilən, yanvar ayına qədər 2,5 mindən artıq insanın yoluxduğu və 60 nəfərin ölümünə səbəb olan atipik pnev­moniyanın koronavirus etiologiyalı oldu­ğu iddia olunsa da, aparılan monitorinq bunun məhz elektron siqaretlə əlaqədar olduğunu təsdiq etdi. Odur ki, bu xəstəlik ümumdünya elmi ədəbiyyatında EVALI (ing. E-ciggarete or vaping product asso­ciate lung injury) adını aldı. 

– Bütün elektron siqaretlərdə niko­tin olur, yoxsa bu siqaretlərin nikotin­sizi də istehsal edilir?

– İstehsal edən ölkədən, siqaretin markasından asılı olaraq elektron siqa­retlərin nikotinsizi də satışa çıxarılır. Hər ikisinin çox zərərli təsiri olduğuna baxma­yaraq, nikotinli və nikotinsiz məhsulların kimyəvi tərkibindəki fərqlilik yalnız nikotin­lə bağlıdır. 2023-cü ildə sübut olundu ki, ağ ciyərlərdə mikrosirkulyasiyanın daha ciddi pozğunluğunu törətdiyinə görə niko­tinsiz siqaretin dağıdıcı təsiri, nikotinlidən daha güclüdür. Qəribə görünsə də, bunu provitamin olaraq nikotinin orqanizmdə vitamin B3-ə (vitamin PP, nikotinamid, ni­kotin turşusu) çevrilərək, nisbi korreksiya halı törətməsi ehtimalı ilə əlaqələndirirlər.

Unutmaq olmaz ki, həmin siqaretdən, hətta qısamüddətli istifadə olunsa belə, ağ ciyərlərin bərpası 2–3 aya qədər, asi­nusların regenerasiyası isə 12 ay və daha uzun müddətə bərpa olunur. 

– Elektron siqaretin istehsalına və satışına qadağa, istifadəsinə görə cə­rimə tətbiq edilirmi?

– Qadağalar var. Elektron siqaretin satışı və istifadəsinə 2021-ci ilə qədər dünyanın 41 ölkəsi, o cümlədən, Aİ-nin Danimarka və Norveç (Norveç Krallığı) kimi ölkələrində qadağa qoyulmuşdur. 2024-cü ildə bu siyahıya qardaş Türkiyə və Qazaxstan da əlavə olunub. Misir, İor­daniya, Oman, Qətər və sair kimi müsəl­man ölkələrində isə elektron siqaret ha­ram hesab edilərək qadağan olunmasına “fətva” verilmişdir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhi­sar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən 2023-cü ildə “Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər” dövlət standartı qəbul edilib. Dövlət stan­dartı hazırlanarkən Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə rəsmi qaydada razılaşdırılıb.

Qeyd edək ki, ölkəmizdə məhsulun 18 yaşa çatmamış şəxslərə əvəzli və ya əvəzsiz verilməsi, həmçinin 18 yaşa çat­mamış şəxslər tərəfindən istifadəsi qada­ğandır.

– Professor, mütəxəssis olaraq gənclərə nə tövsiyə edirsiniz? 

– Elektron siqaretin marketinqi hazır­da əsasən internet və sosial şəbəkələr vasitəsilə edilir. Bu təbliğatın əsas is­tiqaməti və obyekti yeniyetmələr və uşaq­lardır. Odur ki, üzümü bütün ailələrə tutub deyirəm: “Elektron siqaret, guya “qorxu­suz su buxarı” hasil edir” – fikri tamamilə yanılış və əsassızdır. Siz çalışın, övladla­rınızı elektron siqaret bəlasından qoruya biləsiniz... 

Ölkəmizin gəncləri arasında elektron siqaretdən istifadənin artması, səhiyyə­mizin potensial problemi hesab olunma­lıdır. Gənclərimizi bu bəladan qorumağın yeganə yolu, bu siqaretlərin ölkəyə gətiril­məsi və istifadəsinə mütləq və qeyd-şərt­siz olaraq qadağanın qoyulmasıdır. Eyni zamanda, elektron siqaretin orqanizmə vurduğu zərər, yaratdığı fəsadlarla bağ­lı roliklər çəkilməli, maarifləndirici vide­çarxlar hazırlanmalı, KİV nümayəndələri mütəxəssis fikirləri ilə əhalini məlumatlan­dırmalıdırlar.

Söhbəti hazırladı:
Zərifə BƏŞİRQIZI
XQ





Müsahibə