Lakin vaxtında aradan qaldırılmayan qüsurlar bəlaya çevrilir
Müasir dövrdə uşaqlarda nitqin vaxtında formalaşmaması valideynlərin ən çox narahatlıq duyduğu məsələlərdəndir. Əgər XX əsrin 70-ci illərində uşaqların cəmi 4 faizində nitq qüsurları müşahidə olunurdusa, bu gün həmin göstərici 6 dəfə artıb. Bu, həm tibb mütəxəssislərini, həm də valideynləri ciddi düşündürür. Bəs nitq qüsuru nədir?
Qeyd edək ki, nitq qüsuru uşağın psixofiziki və emosional inkişafına birbaşa təsir edən, ünsiyyət bacarıqlarını, təfəkkürünü və sosial uyğunlaşmasını məhdudlaşdıran çoxşaxəli problemdir. Onların arasında səslərin və söz birləşmələrinin düzgün tələffüz olunmaması, cümlələrin məntiqi ardıcıllıqla qurulmaması, söz ehtiyatının azlığı, eşidilən nitqi tam başa düşməmək kimi əlamətlər artıb. Mövzu ilə bağlı həmsöhbətimiz psixoloq Vüsalə Əmiraslanovadır.
– Nitq pozuntusu ən çox məktəbəqədər yaş dövründə müşahidə olunur. Valideyn bu əlamətləri gördükdə nə etməlidir?
– Valideynlər çox zaman nitqin gecikməsini “uşaq gec açılır”, “qonşunun nəvəsi də belə idi” kimi təsəllilərlə izah etməyə çalışır. Bu, problemə səhv yanaşmadır. Nitq inkişafı yaş göstəricilərinə uyğun irəliləmədikdə valideynlər gözləməməlidir. Bu gecikmələr öz-özünə aradan qalxmır və vaxtında loqopedə müraciət edilmədikdə daha ciddi problemlərin yaranmasına yol açır.
Normal inkişaf meyarları göstərir ki, 1 yaşında barmaq göstəricisi formalaşır, yəni uşaq istədiyini barmağı ilə göstərə bilir. 2 yaşına doğru isə nitqi formalaşır, 2,5 yaşa qədər uşaq sadə ifadələri qurmağı, 3 yaşda artıq cümlələrdən istifadə etməyi bacarır. 4 yaşında isə onlarda ardıcıl, məzmunlu nitq formalaşır. Bu mərhələlərdən kənara çıxan hallar inkişaf tempində uyğunsuzluqdan xəbər verir, valideynlərin diqqətli olması, pediatr və loqopedin rəyini vaxtında alması zəruridir.
Xüsusilə auitizm simdromu olan uşaqlara diqqət yetirilməlidir. Çünki autizmli uşaqların öz dünyası olur. Onlar ətraf mühitdən təcrid olunur, bir hərəkətin, yaxud bir əşyanın üzərində təkrarlayıcı hərəkətlər edirlər. Bu uşaqların söz ehtiyatı yalnız bir-iki sözdən ibarət olur və həmin sözlər daim təkrarlanır. Belə uşaqlar mütləq psixiatr və nevropotoloq müayinəsindən keçirilməlidir. Müraciət nə qədər erkən olsa, səmərəsi də bir o qədər tez alınar.
– Ata-ananın nitq mədəniyyəti uşağın gələcək danışıq tərzinə təsir edirmi?
– Uşağın nitqinin necə formalaşacağı, ilk növbədə, evdə eşitdiyi səsdən, yəni valideynin nitqindən asılıdır. Çünki uşaq danışığı xüsusi dərsliklə yox, təqlidlə öyrənir. Evdə necə danışılırsa, uşaq da həmin nitqi mənimsəyir. Valideynin nitq mədəniyyəti uşağın gələcək danışıq tərzinin əsasını təşkil edir.
Bu məsələdə diqqətli olmaq lazımdır, səhvlər təkrar edilməməlidir. Məsələn, ən geniş yayılmış yanlışlardan biri uşağı əzizləmək üçün istifadə edilən kiçildilmiş sözlərdir. Maşını “bibit, pişiyi “psi”, çörəyi “pəpə” və s. səsləndirmək olmaz. Bu sözlər uşaq tərəfindən normativ forma kimi qəbul edilir və sonra onları düzəltmək çox çətin olur.
Danışığın ritmi də vacibdir. Həddən artıq sürətli və ya çox ləng nitq uşağın ritmik qavrayışını pozur, sözləri bütöv şəkildə dərk edə bilmir.
Bundan başqa, çoxdilli ailələrdə uşağın nitqi formalaşmamış ona iki və üç dildə müraciət edirlər ki, nəticədə nitqin formalaşması, anlama, qavrama bacarıqları ləngiyir. Nitqin inkişafına təsir edən geniş yayılmış səbəblərdən biri də pedaqoji baxımsızlıqdır. İlkin yaşlarda uşaqla az ünsiyyət yaratmaq, onun oyuncaqlarla çox oynamasına, yaxud balacanın uzun müddət cizgi filmi izləməsinə imkan vermək, başqa sözlə, ona lazım olan diqqətin göstərilməməsi uşağın ümumi, yəni fiziki, psixi və əqli inkişafının ləngiməsinə səbəb olur.
Uşağa yönəlmiş sözlər aydın olmalı, ardıcıllıq pozulmamalı və cümlələr qrammatik baxımdan düzgün qurulmalıdır. Danışıq zamanı evdə səs-küyün, o cümlədən televizor, planşet, musiqi cihazlarının söndürülməsi vacibdir. Çünki əlavə səslər uşağın diqqətini yayındırır və nitqin mənimsənməsini ləngidir. Təcrübə göstərir ki, uşaqlar valideynlərinin tələffüzünü birbaşa “köçürür”.
– Bəzən uşaqlar hərfləri unudurlar. Bu zaman nəyə diqqət edilməlidir?
– Uşağın hansı hərfləri unutduğunu və ya bir-biri ilə qarışdırdığını müəyyənləşdirmək, ilk növbədə, böyük əhəmiyyət daşıyır. Bu hal həmişə eşitmə qabiliyyəti ilə bağlı fiziki problemlərlə əlaqəli olmur. Bəzən uşaq sadəcə oxşar səsləri kifayət qədər fərqləndirə bilmir və nəticədə çaşqınlıq yaranır. Belə vəziyyətlərdə müntəzəm tapşırıqları daha maraqlı və yaradıcı fəaliyyətlərlə zənginləşdirmək lazımdır. Uşağa əvvəlcə hərfi çəkmək, sonra isə onu istədiyi rənglərlə boyamaq tapşırığı verilə bilər. Plastilindən müxtəlif formalı hərflər düzəltmək də olduqca faydalıdır. Bu zaman bir neçə qavrama mərkəzi eyni anda işə düşür və uşaq hərfi həm vizual, həm də taktil şəkildə yadda saxlayır.
Valideynlərin yaradıcılığı da mühüm amildir. Çoxları hərfləri uşağa daha anlaşıqlı obrazlarla əlaqələndirir. Məsələn, üstü bəzəkli tortu görərkən “O” hərfini xatırlatmaq mümkündür.
Hər bir uşağın öyrənmə tərzi fərqlidir. Ona görə də mövcud üsullar içindən ən münasibini seçmək vacibdir. Doğru yanaşma həm hərflərin daha asan mənimsənilməsinə, həm də öyrənmə prosesinin uşaqlar üçün maraqlı və səmərəli olmasına şərait yaradır.
– Evdə nitqin inkişafına dəstək hər bir valideynin borcudur. Ev şəraitində uşağın nitqinin inkişafına necə kömək etmək olar?
– Valideynin məsələyə sistemli yanaşması bəzən loqoped kabinetində görülən iş qədər nəticə verir. Sadəcə düzgün üsullar seçilməli və bu gündəlik həyatın bir parçasına çevrilməlidir.
Uşağa yaşına uyğun nağıl və qısa hekayələr oxumaq nitqin inkişafında əvəzsiz rol oynayır. Hər gün oxunan bir-iki kiçik mətn uşağın həm söz ehtiyatını artırır, həm də diqqətini, qavrayışını möhkəmləndirir. Yeni sözlərin izah edilməsi və onların vizual materiallarla dəstəklənməsi uşağın xatirəsində daha möhkəm iz buraxır. Həmçinin gündəlik fəaliyyətləri sözlərlə müşayiət etmək vacibdir. “İndi corab geyinirik”, “qabı yuyuram”, “şirəni stəkana tökürəm”, “qapını açıram” sözləri uşağın nitqini həyatın içində formalaşdırır.
Onu da deyim ki, nitqin möhkəmlənməsində təkrarın rolu danılmazdır. Uşaqlar eşitdikləri mətni nə qədər çox təkrarlayırlarsa, beynin dil mərkəzləri o qədər aktiv olur və nitq daha tez formalaşır. Buna incə motorika məşqlərini də əlavə etmək lazımdır. Yəni barmaq, bilək və əl əzələlərinin koordinasiyalı işləməsi uşaqların ümumi inkişafında mühüm rol oynayır. Bu bacarıqlar vasitəsilə uşaq yazı yazmaq, şəkil çəkmək, düymə bağlamaq, yemək yemək kimi gündəlik fəaliyyətləri müstəqil şəkildə icra etməyi öyrənir.
Plastilinlə oynamaq, xırda əşyaları çeşidləmək, barmaq oyunlarını icra etmək təkcə əlin çevikliyini artırmır, həm də nitqlə bağlı neyron əlaqələri gücləndirir. Müşahidələr göstərir ki, loqopedin verdiyi tapşırıqlar evdə vaxtında yerinə yetirildikdə nəticə təxminən 2,5 dəfə daha tez əldə olunur. Bu da bir daha sübut edir ki, valideynin evdəki dəstəyi loqopedik müdaxilənin ən güclü davamı və tamamlayıcısıdır.
– Genetik meyillilik zəif nitqin inkişafına səbəb ola bilərmi?
– Bəli, genetik meyillilik bu səbəblər sırasında ilk yeri tutur. Bəzən ailədə oxşar ləngimənin yaşanması uşağın nitqinin də eyni istiqamətdə inkişaf etməsinə təsir göstərir. Tez-tez xəstələnən, xüsusilə uzun sürən tənəffüs yolu problemləri yaşayan uşaqlarda nitqin ləngiməsi daha çox müşahidə olunur. Hamiləlik və doğuş zamanı baş verən risk amilləri də beyin funksiyalarına təsir edərək nitq prosesini ləngidir.
Eşitmə zəifliyi isə ən çox gözdən qaçan, amma nitqin təməlini sarsıdan faktordur. Uşaq səsi tam eşitmirsə, onu düzgün təqlid etməsi mümkün olmur. Son və ən mühüm amil isə valideynlə ünsiyyətin azlığıdır. Uşaq danışığı ekrandan yox, insandan öyrənir. Ritmi, intonasiyanı, pauzanı, reaksiyanı yalnız canlı ünsiyyətdə qavrayır.
Təəssüf ki, müasir dövrdə bir çox valideynlər televizor, planşetin və müxtəlif rəqəmsal proqramların uşağın dilini “açacağına” inanırlar. Lakin bu fikir tamamilə yanlışdır. Televizor, planşet və rəqəmsal proqramlar uşağın nitqini inkişaf etdirmir, əksinə, bəzən ləngidə bilir. Nitqi yalnız bir amil formalaşdırır: valideyn səsi, valideyn sözü, valideynin göz kontaktı. Odur ki, zəif nitq inkişafı şübhəsi yaranan anda çözüm aydındır. Bu zaman ekranı yox, uşağın özünü dinləmək lazımdır. Uşağı dilə gətirən məhz canlı sözdür.
– Valideynlər bəzən uşaqları bir-biri ilə müqayisə edirlər. Bu nə dərəcədə doğrudur?
– Uşaqların inkişaf tempi fərqlidir və bu normaldır. Valideynlərin ən çox etdiyi səhvlərdən biri uşaqları bir-biri ilə müqayisə etməkdir. Bu, təkcə yanlış deyil, həm də psixoloji baxımdan təhlükəlidir. Bunun əvəzində valideynlərin əsas prinsipləri belə olmalıdır: uşaqları danlamayın, səhv tələffüzləri təkrarlamayın, düzəlişi sakit və nümunə göstərməklə edin. Hər kiçik uğuru qeyd edin və uşağın özünəinamını gücləndirin. Nitqin inkişafı təkcə texniki bacarıq deyil, həm də uşaq üçün emosional və psixoloji təhlükəsiz mühitin yaradılmasıdır.
Ümumiyyətlə, uşağın nitqi təkcə öyrənilən sözlərlə deyil, sevgi və anlayışla da formalaşır. Bəli, uşaqlarda nitq pozuntularının artması müasir cəmiyyətin aktual problemlərindən biridir. Lakin vaxtında aparılan diaqnostika və düzgün korreksiya proqramı ilə bu pozuntuların böyük əksəriyyəti tam aradan qaldırıla bilər.
Pünhan ƏFƏNDİYEV
XQ


