Dövlətimizin başçısının qeyd etdiyi kimi, texnoloji inkişaf qarşıda duran vacib vəzifələrimizdən biridir. Bu gün istər sənaye inkişafı, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hər bir sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır.
Bildiyimiz kimi, hazırda ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ciddi hazırlıq gedir. Ötən ay Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda 3 günlük Yüksək Səviyyəli 29-cu toplantı keçirilib. Prezident İlham Əliyev tədbir iştirakçılarına müraciətində vurğulayıb ki, artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır.
Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətməklə yanaşı, sadə insanların da gündəlik həyatlarına və yaşam tərzlərinə əhəmiyyətli dərəcədə təsir göstərir: “Bildirmək istərdim ki, Azərbaycan COP29-a var gücü ilə hazırlaşır, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək səylərini əsirgəmir. Bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə qarşı mübarizədə ölkəmiz digər dövlətlərlə birgə əməkdaşlıq çərçivəsində ağıllı həllər tapmağa çalışacaq, eyni zamanda, biz töhfə vermək istəyən qeyri-hökumət təşkilatları və beyin mərkəzləri ilə əməkdaşlığa açığıq”.
Müraciətdə belə bir inam ifadə edilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri mitiqasiya və adaptasiya, maliyyələşmə, iqlim dəyişmələri və onun biomüxtəlifliyə, su və qida təhlükəsizliyinə olan təsirləri, ərzaq və kənd təsərrüfatı sektorunun hazırkı vəziyyəti, elm, texnologiya və innovasiyanın rolu kimi mövzular ətrafında müzakirələr aparmaqla, COP29-a hazırlıq mərhələsində iqlim fəaliyyəti gündəliyinin irəli aparılmasına və planetimiz üçün həyati vacib olan qərarların qəbul edilməsinə öz töhfəsini verəcək.
Oxuculara təqdim etdiyimiz bu səhifədə dünyada texnoloji inqilabın yeniliklərinə, ölkəmizdə maşın və ya proqram təminatını ehtiva edən süni intellektin inkişafı meyilləri, robototexnikanın uzunmüddətli hədəfləri barədə materiallar əksini tapıb.