“Kişilər ağıllıdır, yoxsa qadınlar?”

post-img

İnsanlarda belə fərq axtarmağın heç bir əsası yoxdur

Sosial şəbəkələrdə xeyli vaxtdır ki, kişi beyninin intellektual fəallığı, əqli inkişaf əmsalına görə qadınlardan yüksək olması barədə müxtəlif fikirlər səsləndiri­lir. Həmin paylaşımlarda deyilənlər, yazılan rəylər isə ciddi müzakirə və fərqli yanaşmalara səbəb olur. Görəsən, bu baxışların əsası varmı? Bioloji cəhətdən qadın və kişi beynində hansı fərqlər var? Bu suala cavab almaq üçün Azərbay­can Tibb Universiteti farmakologiya kafedrasının müdiri Musa Qəniyevə müraciət etdik. Professor XQ-yə hər iki cinsdən olan insan beyninin bioloji, koqnitiv və hərəki aktivlik nöqteyi-nəzərindən, müqayisəli - elmi təhlilini verdi.

– Professor, kişi və qadın beyni­nin intellektual fəallığında fərqlilik varmı?

– Qadın və kişi beyini arasında in­tellektual fərqliliyi, əsasən beyinin çəki­si ilə əlaqələndirirlər. Bu əmsala görə, kişi beyini qadın beyinindən 11–12 faiz ağırdır və daha həcmlidir. Kişilərdə orta beyin çəkisi 1 kiloqram 345 qram, qa­dınlarda isə 1 kiloqram 222 qramdır. Lakin minimal kritik çəki nisbəti nəzərə alınmazsa (qadınlarda 800 qram, ki­şilərdə 900 qram), beyin çəkisinin çox olması, yüksək intellekt və zəka sahibi olmağın təsdiqi deyil. 

Məsələn, dahi şəxsiyyətlərdən hesab olunan Artur Konan Doylun beyninin çəkisi, hətta minmal kritik göstəricidən də az – 800 qram, Jak Fransuanınkı 1 kiloqram 45 qram, Al­bert Eynşteyninki isə, 1 kiloqram 230 qram olmuşdur. Statistika beyin çəkisi 2 kiloqram 600 qramdan da artıq olan kəmağıl insanların sayının da çox ol­duğunu təsqiq edir. Digər tərəfdən, kişi beyini daha böyük və həcmli olsa da, qadın beyninin biofəallığı daha yük­səkdir, həyəcan və psixi təsirlərə qarşı daha dözümlüdür.

– Demək, kişi, yaxud qadın olma­sına baxmayaraq insan beyinlərində fərq yoxdur. 

– Xeyr, bioloji fərq var. Kişi beyinin­də daha çox ağ maddə, qadın beyinin­də isə, boz maddə üstünlük təşkil edir. Limbik sistemlə bağlı qabıqaltı ensefal mərkəzin emosional stimul, yaddaş və orientasiyaya məsul müvafiq struktur­larına münasibətdə də qadın və kişilər arasında fərqlilik mövcuddur.

Beyinin sol payı daha çox qadın­larda, sağ payı isə kişilərdə inkişaf etmişdir. Odur ki, kişilərdə sağ, qa­dınlarda isə sol beyin yarımkürəsinin fəaliyyət potensialı daha yüksəkdir. Məsələn, danışıq mərkəzinin beyinin sol payında yerləşməsi səbəbindəndir ki, qadınlar ünsiyyətə (söhbət, qeybət və s.) daha çox meyilli olurlar. Və ya, kollektiv toplanış və ünsiyyət zamanı kişilərlə müqayisədə qadınlarda daha yüksək emosional intellekt, şifahi duy­ğuların mürəkkəb leksik təfəkkürlə ifa­dəsi, digərinin emosional vəziyyətinin daha yaxşı başa düşülməsi də bununla bağlıdır.

Boz qabar sahəsində gender fərq­liliyinə görə kişilərin beyinində yarım­kürədaxili, qadınlarda isə yarımkürə-arası sinaptik əlaqələr daha üstündür. Kişi və qadın beyini arasında bioloji, koqnitiv və hərəki fəallıq baxımından fərqlilik təkcə söylədiklərimlə məhdud­laşmır... 

– Oxucular üçün maraqlı olardı: başqa fərqliliklər hansılardır?

– Bunlar əqli inkişaf əmsalına əsaslı surətdə təsir göstərməyən, cinsi amillə bağlı fərqliliklərdir. Əqli inkişafın göstə­ricisi olan bu əmsala görə qadın və kişi beyini arasında mütləq fərqlilik yoxdur. Bu paradoksal bir hal olsa da, reallıq­dır. Əsasında isə o durur ki, beyin çox mürəkkəb, lakin öz strukturunu dəyişə bilən plastik orqandır. Konkret şərait, mühit və inkişaf dinamizmindən asılı olaraq, yeni sinaptik əlaqələrin yaran­ması hesabına, fərd olaraq bir insanın beyininin potensial bioloji fəallığı digə­rindən artıq ola bilər. Yəni söylədiyim şərtlər daxilində qadın və kişi beyini­nin inkişaf əmsalı bir - birini dəfələrlə üstələyə bilər.

Bu neyrobioloji inkişafın mütləq qa­nunudur. Odur ki, bu göstərici kişinin qadından daha ağıllı olması düşüncə­sinə səbəb olmamalıdır. Beyinin çəki və həcm ölçüsünün faiz nisbətində fərqliliyə gəlincə, burada məlum öl­çülərə cinsiyyət hormonu (testesteron, estrogen) və neyromediator sistemin təsiri əsas kimi götürülür. Maraqlıdır ki, qadınlara təbiətin bəxş etdiyi qoruyucu və gözəllik hormonu olan estrogenlər, həm də beyin qan dövranını güclən­dirməklə, qadınlarda yaddaş itkisi və demensiyanın inkişafının qarşısını alır.

Digər tərəfdən, beyin çəkisində qeyd olunan gender fərqliliyi mütləq göstəricilərə əsaslanır. Yəni bu halda ümumi bədən çəkisi nəzərə alınmır. Çünki kişilərin çəki və orta boy nisbəti qadınlardan artıqdır. Əgər bu göstəri­cilər eyni rəqəm daxilində götürülərsə, kişi və qadın beyininin çəkisi böyük eh­timalla eynidir.

– Bununla bağlı sosial şəbəkələr­də müzakirə açan istifadəçilərə töv­siyəniz.

– Bir psixofarmakoloq həkim ola­raq fərdi müşahidə, gəldiyim qənaət və apardığım elmi araşdırmaların müqa­yisəli təhlili, kişilərin qadınlardan daha ağıllı olması fikrinin tamamilə yanlış, əsassız, əslində isə, patoloji yanaşma olduğunu təsdiq edir. Sosial şəbəkələr­də söylənənlər heç bir elmi əsasa isti­nad etmir. Allah tərəfindən yaradılan­ların möcüzəsi olan insanlar arasında idrak və təfəkkürə görə gender fərqliliyi yoxdur. Onu da qeyd etməyi özümə borc bilirəm ki, fikirlərim və apardığım bu təhlil kimlərisə qane etməyə bilər. Lakin mən, elmi həqiqətə inanır və ona əsaslanıram.

– Maraqlı və inandırıcı cavablara görə təşəkkür edirik.

Söhbəti hazırladı:
Z.BƏŞİRQIZI
XQ

Müsahibə