Azərbaycan XI Türk Tibb Dünyası Qurultayında təmsil olunub

post-img

Ankara şəhərində Türkiyə Respublikası Prezidentinin himayəçiliyi və Türkiyənin Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə XI Türk Tibb Dünyası Qurultayı keçirilib. Qurultayda 19 ölkənin səhiyyə nazirləri və onların nümayəndə heyətləri ilə yanaşı, səhiyyə sahəsində tanınmış elm adamları iştirak ediblər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, açılış mərasimində çıxış edən Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu XI Türk Tibb Dünyası Qurultayının əsas mövzusunun “İnnovativ səhiyyə” olduğunu bildirib: “Builki qurultay Türk dünyası ailəsindən olan alimlərin töhfələri ilə zənginləşdiriləcək və "İnnovativ səhiyyə" modeli çərçivəsində yerli səhiyyə texnologiyalarının inkişafı məsələlərinə toxunulacaq. Eyni zamanda, qurultay zamanı əczaçılıq, peyvəndlər, tibbi cihazlar və süni intellekt kimi səhiyyə məhsulları sahələrində dövlət-özəl tərəfdaşlıqlarının gücləndirilməsi ilə bağlı mühüm müzakirələr aparılacaq”.

Tədbirdə çıxış edən dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Sancar türk dövlətlərinin səhiyyə sahəsində böyük potensialını qeyd edərək, birgə elmi araşdırmaların aparılması təklifini irəli sürüb: “Mənim üçün ən önəmli amillərdən biri türk alimlərinin müasir elmdə ən ön sıralarda yer almasıdır".

Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxışında XI Türk Tibb Dünyası Qurultayının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb: “Burada iştirak edən qardaş ölkələrin hər birinin qlobal səhiyyə landşaftının təkmilləşdirilməsində özünəməxsus missiyası var. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti və gərgin zəhməti sayəsində ölkəmiz hərtərəfli inkişaf edir. Səhiyyənin tərəqqisi daim diqqət mərkəzində saxlanılır”.

Qurultayın əhəmiyyətini vurğulayan T.Musayev bildirib ki, müxtəlif ölkələrin səhiyyə nazirlərinin və elm adamlarının iştirakı ilə yaradılan bu platforma türksoylu peşəkarlarla əlaqələr qurmaq, qarşılıqlı əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün möhkəm əsaslar yaradır. Nazirin sözlərinə görə, hazırda dünya ölkələri əhalinin sağlamlığı və rifahının qorunmasında çoxsaylı çağırışlarla üzləşir: “İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial dəyərlərin dəyişməsi və vətəndaş gözləntilərinin yüksəlməsi ilə xarakterizə olunan bir dövrdə tibbi qayğıya ənənəvi yanaşmalar kifayət etmir. Müasir dövrdə vətəndaşlar sağlamlıq qərarlarını sorğulamağa və təsir etməyə çalışan, sağlamlıq nəticələrinin birgə yaradıcısı olan səhiyyə sisteminin fəal iştirakçılarıdır”.

Teymur Musayev qeyd edib ki, dezinformasiya ilə mübarizə milli səhiyyə təhlükəsizliyinin əsas komponentlərindən birinə çevrilməlidir: “Texnologiyaya əsaslanan, pasiyent mərkəzli, emosional və elmi cəhətdən yüksək hazırlıqlı tibb işçisinin olması zamanın tələbidir. Həmçinin Türk dünyasının vahid tibb elmi məkanının yaradılması, elmi-tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təminatını birgə fəaliyyətimizin aparıcı istiqamətləri kimi görürük. Fürsətdən istifadə edərək, donor və resipiyent məlumatlarının sərhədlərarası mübadiləsini nəzərdə tutan Türktransplant vahid informasiya sisteminin yaradılmasında göstərdiyi dəstəyə görə qardaş ölkələrin səhiyyə nazirlərinə təşəkkürümü bildirmək istərdim”,- deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.

XI Türk Tibb Dünyası Qurultayı çərçivəsində T.Musayev həmkarları - Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu, Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Hakan Dinçyürek və Somalinin səhiyyə naziri Ali Haji Adam Abobakar ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı xalqlarımız arasında münasibətlərin inkişafında dövlət başçılarının müstəsna rolu vurğulanıb. Tədbirin mahiyyətini qeyd edən nazirlər bildiriblər ki, belə qurultayların keçirilməsi ölkələrimizin səhiyyə sistemlərinin yaxınlaşması, eləcə də qlobal tibbin inkişafına töhfə baxımından olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, XI Türk Tibb Dünyası Qurultayı çərçivəsində hüceyrə və gen terapiyaları, iqlim dəyişikliyi və fəlakətlər zamanı uşaq və qadınların sağlamlığı, ənənəvi təbabət və elmi sübutlara əsaslanan təbabət arasında körpü, sosial media və uşaqların sağlamlığı kimi mövzuları əhatə edən panel sessiyalar keçirilib.





Sosial həyat