Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin qaliblərini elan edib.
Azərbaycan Animasiya Assosiasiyasının sədri, rejissor, prodüser Rəşid Ağamalıyevin bildirdiyinə görə, cari ildə 6 qısametrajlı animasiya filminin – “Narqız”, “Yulaf dönərgə”, “Yer və Ay”), “Molla Nəsrəddin”, “Əbədi xatirə”, “Kapitan və Xəzər dənizi” kimi ekran işlərinin istehsalına dəstəkçi olmuş ARKA-nın qərarı ilə müsabiqə çərçivəsində daha 7 animasiya film dövlət dəstəyinə layiq görülüb. Bunlar “Eyni yağışın altında”, “Oyun”, “Kölgəsiz Adamlar”, “Qayıtmışam”, “Hipotez”, “Fazzi: oyanış” və “İşquzların bilgi çanağı” adlı layihələrdir. Beləliklə, ARKA artıq 15 animasiya filminin istehsalına dəstək verib. Bir sıra studiyalarda da maraqlı seriallar üzərində iş gedir.
Qeyd edək ki, müsabiqənin məqsədi yerli kino istehsalını təşviq etmək, gənc rejissorların və animasiya sahəsində fəaliyyət göstərən yaradıcıların layihələrini dəstəkləməkdir. Gələn ilin mayında keçiriləcək 9-cu Beynəlxalq Animafilm Festivalı ərəfəsində layiqli layihələrə dövlət dəstəyinin göstərilməsi gələcək uğurlarla bağlı nikbinliyi daha da artırır. Daha öncə Bakıda yüksək təşkilatçılıqla düzənlənmiş festivallarda 25 ölkədən yüzlərlə ən yaxşı film təqdim olunub.
Ə.DOSTƏLİ
XQ

