Xəyallar dünyasına rəngli körpü

post-img

Müasir Azərbaycan təsviri sənətində hər bir fırça ustasının öz dəst-xətti, rəng yaddaşı, öz baxışı var. Elə sənətkarlar var ki, onların əsərlərində sanki zaman dayanır, rənglər danışır, sükut dərin bir fəlsəfəyə çevrilir. Belə rəssamlarımızdan biri də tanınmış fırça ustası Tahir Şıxəliyevdir. Onun yaradıcılığı rənglərin təkcə estetik yox, həm də mənəvi, simvolik mahiyyət daşıdığı bədii aləmdir.

1959-cu ildə Bakıda, İçərişəhərdə dünyaya göz açan Tahir Şıxəliyev elə uşaqlıqdan tarixlə nəfəs alan bir mühitdə böyüyüb. Qız qalasının sakit heybəti, Şirvanşahlar sarayının zərif memarlığı, dolanbac daş küçələrin sükutu onun yaddaşında rənglərdən toxunmuş poetik bir dünya yaradıb, yaradıcılığının təməlini formalaşdırıb.

Kiçik yaşlarından rəssamlığa marağı oyanan Tahir Şıxəliyevə ailəsi böyük dəstək olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, daha sonra Tbilisi Dövlət İncəsənət Akademiyasında təhsil alaraq incəsənətin sirlərinə dərindən yiyələnib. Məhz Tbilisi dövrü onun rəng duyumuna yeni nəfəs gətirib, yaradıcılığında qrafik təfəkkürü dərinləşdirib. Bakı və Tbilisi - bu iki qədim şəhər onun yaradıcılığında bir-birinə qovuşaraq sintez təşkil edir.

Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Tahir Şıxəliyevin əsərləri fərqli ideyalar, hər bir detalın, simvolun dərinliyi ilə fərqlənir. “İnikas”, “Tale telləri”, “Haray”, “Nəsillər”, “İblisin təvəllüdü” kimi əsərlərində hər bir fiqur, hər detal bir mənanın daşıyıcısına çevrilir. Daha çox mürəkkəb çoxfiqurlu kompozisiyalar yaradan rəssamın əsərləri özünəməxsusluğu ilə seçilir.

Tanınmış rəssamın qrafik əsərlərində isə teatrallıq açıq şəkildə hiss olunur. Rəssam tamaşaçı qarşısında sanki görünməz bir pərdəni qaldırır və arxasındakı səhnədən rəngarəng həyatın özünü göstərir. Maskalı obrazlar, marionet fiqurlar, çəkisiz məkanda dayanan insan siluetləri reallığın metaforalarıdır. Rəssamın yaratdığı bu teatrallıq bir oyun deyil, həyatın simvolik təcəssümüdür.

Tahir Şıxəliyevin uzun illik peşə fəaliyyəti onun bədii düşüncəsinə paralel bir xətt təşkil edir. O, sənətdə fərqli olmaq, öz dünyanı yaratmaq prinsipinə hər zaman sadiq qalır. Əsərlərində insanın daxili dünyası ilə kainat arasında körpü qurur. Rəssamın üslubu isə aydın, lakin sirli, gerçək, eyni zamanda, xəyali dünyaya açılan pəncərədir. Palitrası isə rəngarəngdir. Onun tablolarında, qrafik lövhələrində bütün əlvan rəngləri görmək olar.

Soydaşımızın əsərləri Rusiya, Gürcüstan, Türkiyə, Almaniya, ABŞ, Serbiya, Rumıniya və s. kimi ölkələrin muzey və şəxsi kolleksiyalarında saxlanılır. Onun fərdi sərgiləri də yaradıcılıq yolunun mühüm mərhələlərini əks etdirir. Bu günədək saysız-hesabsız sərgiləri keçirilən rəssamın Zaman Art Qalereyasında “Zaman naxışları” adlı fərdi sərgisini, Türkiyə - Azərbaycan dostluğuna həsr olunmuş “Saküder” rəssamların qrup sərgisini vurğulamaq olar. Bu sərgidə o, “Sakder-2025” İncəsənət mükafatına layiq görülüb. Rəssam yaxın vaxtlarda İtaliyada Palazzo Mandrilli qalereyasında “Sarı rəngin əfsanələri” fərdi sərgisini keçirməyə hazırlaşır.

Bu gün Tahir Şıxəliyevin emalatxanasında günəşin sarı işığı kətanlara düşür və hər rəng ləkəsi bir düşüncəyə çevrilir. Onun sənətində işıq heç vaxt sönmür, çünki o, rənglərlə deyil, işığın ruhu ilə yaradan sənətkardır.

Ziyarət CABAROVA-QƏHRƏMANOVA,
sənətşünas



Mədəniyyət