15 iyun Milli Qurtuluş günüdür
1993-cü ilə qədər ölkəmiz elə vəziyyətə düşmüşdü ki, Azərbaycanın bir dövlət kimi mövcudiyyəti şübhə altında idi. Elə bir xaos, özbaşınalıq şəraiti yaranmışdı ki, bundan baş çıxarmaq hər kəsin işi deyildi, yaxın gələcəkdə respublikada sabitliyin bərpa olunacağına bütün dünya şübhə ilə yanaşırdı. Problemlər baş alıb gedirdi, həmin problemləri aradan qaldıra biləcək yeganə qüvvə isə yalnız Heydər Əliyev şəxsiyyəti ola bilərdi. Ölkəni görünməmiş bəlalardan xilas etmək üçün lazım olan enerji, müdriklik və uzaqgörənlik yalnız bu nadir insanda var idi, ümidlər yalnız ona idi. Çünki xalq yaxşı bilirdi ki, Azərbaycan xalqının tarixində ulu öndərimiz Cavanşir, Şah İsmayıl Xətai kimi şan-şöhrətli dövlət xadimləri ilə bir cərgədə durur.
Dünyanın məşhur siyasətçiləri, dövlət xadimləri Heydər Əliyevi siyasət nəhəngi adlandırırlar. O, tarixi perspektivləri qabaqcadan görmüş, ən çətin məqamlardan yeganə düzgün qərarlar qəbul etmək bacarığı ilə çoxlarını heyran qoymuşdur.
Heydər Əliyevin 15 iyun 1993-cü ildə respublika rəhbərliyinə böyük qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətlərdən xilas etdi. Elə o zaman Heydər Əliyev çıxışlarının birində belə demişdi: “Azərbaycan bərbad vəziyyətdədir, bəzi adamlar on gündür ki, barmaq-barmağa vurmayıblar. Kabinetlərdə boş-boş şayiələrlə məşğul olurlar. Mən heç kəsə heç bir qarantiya vermirəm. Mən özümü peyğəmbər hesab etmirəm. Fəqət bu ağır vəziyyətdən çıxmaq üçün fəaliyyət göstərəcəyəm”. Bəli, indi bu fəaliyyətin nəticələri artıq hər birimizə bəllidir. Məhz bu fəaliyyətin hesabına Azərbaycan yaşayır, tərəqqi edir.
Milli Qurtuluş gününün əhəmiyyəti haqqında XQ-yə Milli Məclisin üzvü Naqif Həmzəyev danışaraq qeyd etdi ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış ən əlamətdar günlərdən biridir. Həmin gün Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilərək ölkənin idarəçiliyini öz üzərinə götürdü. 1997-ci ildə isə Milli Məclis bu tarixi günü rəsmi bayram – Milli Qurtuluş Günü elan etdi. Heydər Əliyev 1987-ci ildə sovet iqtidarından ayrılandan sonra Azərbaycanda vəziyyət sürətlə pisləşdi. Ermənistan silahlı qüvvələrinin Qarabağda işğalçılıq siyasəti genişlənir, AXC-Müsavat iqtidarının səriştəsizliyi ölkəni dərin böhrana sürükləyirdi. 1993-cü ilə qədər dövlət əmlakı açıq-aşkar talan edilirdi, qanunsuz silahlı dəstələr ölkənin müxtəlif bölgələrini idarəsizliyə sürükləyirdi, Kəlbəcər işğal edilmişdi, Vətəndaş müharibəsi təhlükəsi real idi. Ölkə beynəlxalq təcrid vəziyyətinə düşmüşdü.
Prezident ölkədəki real vəziyyətdən bixəbər, hakimiyyət daxilindəki qruplaşmalar isə birincilik uğrunda bir-birinə qarşı mübarizə aparırdı. Azərbaycan dövlət kimi məhv olmaq təhlükəsinin astanasında dayanmışdı. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublika rəhbərliyinin təkidli dəvətini qəbul edərək Bakıya gəldi. O, yalnız hakimiyyət kürsüsünə oturmadı – həyatını təhlükəyə qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. İyunun 15-də Ali Sovetin sədri seçilən Heydər Əliyev tarix qarşısındakı məsuliyyətini tam dərk edərək dedi: “Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm”.
N.Həmzəyev daha sonra qeyd etdi ki, hakimiyyətə qayıdandan sonra Ulu Öndər bir sıra tarixi addımlar atdı: Asayiş bərqərar edildi, soyğunçuluğa və əmlak qəsbləriyə son qoyuldu; Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi; “Əsrin müqaviləsi” imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin təməli qoyuldu; Konstitusiya qəbul edildi, çoxpartiyalı siyasi sistem formalaşdı; Beynəlxalq inteqrasiya prosesi başlandı, ölkə dünya birliyinə qoşuldu; Vətəndaşlara öz dövlətinə inam qaytarıldı. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. O, Şuşa, Laçın, Ağdam, Kəlbəcər haqqında deyirdi: “Biz onlarsız yaşaya bilmərik “.
Bu arzu 2020-ci il Vətən müharibəsindəki möhtəşəm Zəfərlə gerçəkləşdi. Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi. Bu gün üçrəngli Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə əzəmətlə dalğalanır. Milli Qurtuluş Günü təkcə tarixi bir tarix deyil – bu, xalqın öz xilaskarını tapdığı, dövlətin yenidən qurulduğu, müstəqilliyin möhkəmləndirildiyi simvolik bir dönüş nöqtəsidir. Prezident İlham Əliyevin dediyi kimi: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu məhz Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.
Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim uca tutur, onun işığında irəliyə doğru inamla addımlayır.
Müşfiq MİRZƏ
XQ

