Labirintdən “doğru istiqamətə”

post-img

Si Cinpinin sülh mesajı Çin–ABŞ münasibətlərini normallaşdırmağa yönəlib

Supergüc rəqabəti fərqli qaydalarla aparılır. Burada tərəflər qlobal iqtisadiyyatın, texnoloji təchizat zəncirlərinin və maliyyə axınlarının görünməz telləri ilə bir-birinə möhkəm sarılmış durumda, habelə bir-birindən əhəmiyyətli dərəcədə asılı ziddiyyətli simbioz halında qarşı-qarşıya gəlirlər. Söhbət nə dostluqdan gedir, nə də tam düşmənçilikdən. Bu, tarixdə analoqu olmayan, həm rəqabət, həm də məcburi tərəfdaşlıq elementlərini ehtiva edən yeni geosiyasi vəziyyətdir. Məhz belə bir partlayışa meyilli tarazlıq fonunda Çin Xalq Respublikasının Sədri Si Cinpinin Pekində səsləndirdiyi “Çin və ABŞ münasibətlərdə əldə olunan dinamikanı qoruyub saxlamalı və doğru istiqamətdə irəliləməlidirlər” müraciəti bütün bəşəriyyətin gələcək taleyini müəyyənləşdirəcək tarixi yol ayrıcına işarə edən dərin mənalı çağırış kimi dəyərləndirilməlidir.

Bəli, Çin liderinin bəyanatı bir-birinə həm rəqib, həm də həyati dərəcədə bağlı olan iki qlobal gücün idarəolunmaz eskalasiya qorxusu ilə maraqlar toqquşması arasında yaşaya biləcəyi ağrılı dilemmanı aşmaq üçün siyasi iradə nümayişidir. Onun yanaşması mahiyyət etibarilə, dünya nizamının gələcəyinə dair mühüm sualı ortaya qoyur. Bəşəriyyət iki fərqli sivilizasiya və siyasi sistemə malik supergücün sülh şəraitində birgə mövcudluğuna və ortaq problemlərin həllinə nail ola biləcəkmi, yoxsa rəqabət instinktləri qarşılıqlı faydalı əməkdaşlıq zərurətinə üstün gələcək? Nəzərə alaq ki, hazırkı müsbət dinamikanın qorunması daha ümidverici ssenarinin reallaşması üçün tarixi fürsət verir.

Mövzuya dərin bələdçilik üçün, ilk növbədə, Si Cinpinin “əldə olunan dinamika” ritorikasının mahiyyətini dərindən anlamaq şərtdir. Dinamika Ticarət müharibələri ilə başlayan və sonradan texnoloji rəqabət, ideoloji qarşıdurma, hərbi gərginliklə dərinləşən kəskin konfrontasiya mərhələsindən sonra yaranmışdır. İki ölkə arasında münasibətlər o qədər pisləşmişdi ki, Tayvan boğazında və ya Cənubi Çin dənizində təsadüfi hərbi insidentin tammiqyaslı münaqişəyə çevrilməsi riski beynəlxalq analitik mərkəzlər tərəfindən real ssenari kimi müzakirə olunurdu. Məhz bu fəlakətli perspektivdən yayınmaq zərurəti və hər iki tərəfin liderlərinin nümayiş etdirdiyi müdriklik tərəfləri yenidən dialoq masasına daşıdı. Bali adasında G-20 sammiti çərçivəsində, daha sonra isə San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Zirvə görüşü zamanı ölkə rəhbərləri səviyyəsində baş tutan görüşlər yeni mərhələnin təməlini qoydu. Görüşlərin ardınca ABŞ-ın sabiq dövlət katibi Antoni Blinken, maliyyə naziri Canet Yellen və digər yüksək rütbəli rəsmilərin Pekinə səfərləri, hərbi kanallar da daxil olmaqla, kommunikasiya xətlərinin bərpasına nail olunması münasibətlərdəki ən təhlükəli “sərbəst düşüş” mərhələsinə son qoydu. Bu dinamikanın əsas məqsədi “rəqabəti məsuliyyətli şəkildə idarə etmək” və potensial böhran anlarında birbaşa əlaqə vasitəsilə yanlış anlaşılmaların, hesablamaların qarşısını almaq idi. Deməli, Si Cinpinin qorunmasına çağırdığı “dinamika”, əslində, strateji rəqabətin davam etdiyi şəraitdə, sadəcə olaraq münaqişə risklərini minimuma endirmək üçün yaradılmış “təhlükəsizlik kəməri” funksiyasını yerinə yetirir. Bu, iki nəhəngin bir-birinə zərər vurmadan eyni planetdə yaşamağı öyrənmək naminə atdığı zəruri və praqmatik addımdır.

Məsələnin ən çətin, lakin eyni zamanda ən ümidverici tərəfi Çin liderinin arzuladığı “doğru istiqamət” anlayışının Vaşinqton və Pekin tərəfindən fərqli təfsir edilməsinə baxmayaraq, müəyyən sahələrdə ortaq məxrəcə gəlmək potensialının mövcud olmasıdır. Pekinin nəzərdə tutduğu addım, ilk növbədə, qarşılıqlı hörmət prinsipinin bərqərar olmasıdır. Həmin prinsip ABŞ-ın Çinin siyasi sisteminə və özünəməxsus inkişaf yoluna hörmət etməsini, onun daxili işlərinə qarışmaqdan imtinasını nəzərdə tutur. Çin Kommunist Partiyasının rəhbərliyi altında formalaşmış siyasi modelin legitimliyini sorğulayan hansısa cəhd Pekin tərəfindən birbaşa təhdid kimi qəbul olunur. “Doğru istiqamət” Vaşinqtonun Tayvan məsələsində “Vahid Çin” siyasətinə sadiq qalmasını, adanın müstəqilliyini dəstəkləyən hər hansı addımdan çəkinməsini və Tayvana silah satışını dayandırmasını tələb edir. Çünki Tayvan Pekin üçün müzakirə mövzusu olmayan, toxunulmaz “qırmızı xətt” və milli birləşmənin əsas hədəfidir.

Vaşinqtonun “doğru istiqamət” təsəvvürü fərqli məntiqə söykənsə də, dialoqa açıq qapılar saxlayır. ABŞ üçün bu məsələ, ilk növbədə, Çinin mövcud beynəlxalq qaydalara əsaslanan nizam çərçivəsində fəaliyyət göstərməsidir. Vaşinqtonun nəzərində Cənubi Çin dənizindəki hərbi fəaliyyətlər beynəlxalq dəniz hüququnun pozulması və qonşu ölkələrə təzyiq, həmin nizamı sarsıtmağa yönəlmiş addımlardır. ABŞ üçün “doğru istiqamət” Çinin iqtisadi sahədə ədalətli ticarət praktikalarına, o cümlədən intellektual mülkiyyət oğurluğuna, dövlət subsidiyalarına və bazarın xarici şirkətlər üçün qeyri-bərabər şərtlərlə açılmasına son qoymasıdır. Vaşinqtonun arzuladığı “doğru istiqamət”, həmçinin Pekinin insan hüquqları sahəsində, xüsusən Sincan, Tibet və Honkonqda vəziyyəti yaxşılaşdırması və beynəlxalq öhdəliklərinə əməl etməsidir. ABŞ-ın “de-risking” (riskləri azaltma) siyasəti də məhz həmin kontekstdə başa düşülmələrdir. Bu, Çindən tamamilə iqtisadi asılılığı azaltmaq, xüsusən həssas texnologiyalar və təchizat zəncirləri sahəsində Qərbin mövqelərini gücləndirmək deməkdir. Vaşinqtonun məqsədi Çinlə rəqabətdə öz üstünlüyünü qoruyacaq strateji sahələri nəzarətdə saxlamaqdır.

Göründüyü kimi, hər iki tərəfin “doğru istiqamət” anlayışı arasında dərin və barışmaz mövqelər mövcuddur. Pekin statusunun tanınmasını və hörmət tələb edir, Vaşinqton isə davranışların dəyişdirilməsini və mövcud qaydalara riayət olunmasını istəyir. Lakin müsbət tərəf ondadır ki, hər iki paytaxt ziddiyyətlərin birbaşa toqquşma yolu ilə həllinin fəlakətli nəticələr verəcəyini anlayır. Bu cür anlayış birgə fəaliyyət üçün imkanlar yaradır və Si Cinpinin çağırışının reallaşması üçün mühüm zəmin formalaşdırır.

Bunlardan birincisi, qlobal iqlim dəyişmələri ilə mübarizədir. Planetin ən böyük iki iqtisadiyyatı, istixana qazları emissiya edən ölkəsi olan ABŞ və Çin olmadan, iqlim fəlakətinin qarşısını almaq qeyri-mümkündür. Bu sahə rəqabətin sıfır məbləğli oyun məntiqinin işləmədiyi, bir tərəfin uğurunun digərinin uğurundan asılı olduğu real nümunədir. Son dövrlərdə iqlim məsələləri üzrə xüsusi nümayəndələr səviyyəsində dialoqun bərpası, Paris Sazişinin hədəflərinə çatmaq üçün birgə səylərin artırılması, yaşıl texnologiyalar (günəş panelləri, elektrik avtomobilləri, batareya texnologiyaları) sahəsində potensial əməkdaşlıq bəşəriyyətin ümumi gələcəyi naminə iki ölkənin bir araya gələ biləcəyini göstərən parlaq ümid işığıdır.

İkinci mühüm əhəmiyyətli sahə qlobal ictimai səhiyyədir. COVID-19 pandemiyası bütün dünyaya acı dərs verdi. Viruslar sərhəd tanımır və qlobal təhdidlərə qarşı yalnız qlobal həmrəyliklə mübarizə aparmaq mümkündür. Gələcək pandemiyalara hazırlıq, yeni patogenlərin erkən aşkarlanması üçün məlumat mübadiləsi, peyvənd və dərmanların birgə tədqiqi, Ümumdünya Səhiyyə Təşkilatı kimi beynəlxalq qurumların gücləndirilməsi kimi məsələlər Vaşinqton və Pekinin ortaq maraqlarına tam cavab verir.

Üçüncü sahə, qlobal iqtisadi sabitliyin qorunmasıdır. ABŞ və Çin iqtisadiyyatları bir-birinə o qədər dərin şəkildə inteqrasiya olunub ki, onların birində baş verən ciddi böhran qaçılmaz olaraq digərinə və bütün dünya iqtisadiyyatına zərbə vurur. Bu, “qarşılıqlı təminatlı iqtisadi məhv” vəziyyətidir. Maliyyə bazarlarının tənzimlənməsi, qlobal borc böhranı ilə mübarizə, beynəlxalq valyuta sisteminin sabitliyinin təmin edilməsi kimi məsələlər, yalnız iki ölkənin sıx koordinasiyası ilə həll oluna bilər.

Son dövrlərdə əldə edilən ən konkret və ümidverici nəticələrdən biri, fentanil kimi sintetik narkotiklərin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə sahəsindəki razılaşmadır. ABŞ-da on minlərlə insanın ölümünə səbəb olan həmin bəlaya qarşı mübarizə Vaşinqton üçün prioritet məsələdir. Pekinin fentanilin istehsalında istifadə olunan kimyəvi maddələrin ixracına nəzarəti gücləndirməyi öhdəsinə götürməsi konkret və həyati nəticələr verən əməkdaşlığın mümkünlüyünü sübut etdi. Həmin addım göstərdi ki, siyasi iradə olduğu təqdirdə, hətta ən mürəkkəb məsələlərdə belə ortaq dil tapmaq və birgə fəaliyyət göstərmək olar. Eyni məntiq süni intellektin təhlükəsizliyi kimi yeni və həlledici sahəyə də şamil edilə bilər. Hər iki ölkə süni intellektin inkişafında liderdir və onun nəzarətdən çıxmasının bütün bəşəriyyət üçün fəlakətli nəticələr verə biləcəyini anlayır. Süni intellektin hərbi məqsədlərlə istifadəsi ilə bağlı “qırmızı xətlərin” müəyyən edilməsi, təhlükəsizlik protokollarının hazırlanması və bu sahədə beynəlxalq normaların yaradılması iki ölkənin birlikdə üzərində işləyə biləcəyi ən aktual məsələlərdəndir.

Si Cinpinin “dinamikanı qorumaq və doğru istiqamətdə irəliləmək” çağırışına qayıtsaq, aydın olur ki, onun arzusu heç də reallıqdan tamamilə uzaq deyil. Proses iki supergücün rəqabətin qaçılmaz olduğunu anladığı, lakin həmin rəqabətin fəlakətli toqquşmaya çevrilməsinin qarşısını almaq məsuliyyətini daşıyan yeni mərhələnin başlanğıcını simvolizə edir. Hazırkı sabitləşmə hər iki tərəfin birbaşa toqquşmanın fəlakətli nəticələrindən çəkindiyi və ortaq maraqların mövcudluğunu anladığı üçün baş verib. ABŞ-Çin münasibətlərinin gələcəyi, çox güman, nə tammiqyaslı Soyuq Müharibə, nə də strateji tərəfdaşlıq olacaq. Yəni dünya iki supergücün daimi rəqabət, məhdud əməkdaşlıq və mütəmadi böhran riski şəraitində bir-birini idarə etməyə çalışdığı, son dərəcə mürəkkəb və proqnozlaşdırılması çətin dövrə qədəm qoyub.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət