Cabbar Qaryağdıoğlunun yetirməsi Zülfüqar Hacıbəylinin xeyir-duası ilə məşhurlaşmışdı
Böyük Üzeyir Hacıbəylinin qardaşı və silahdaşı Zülfüqar bəy gənc istedadlar sorağıyla Şuşada səfərdə idi. Bəstəkar bir axşam uşaqlıq xatirələrinin izi ilə Cıdır düzünə qalxıb qarşı yarğanın o tayının bənzərsiz mənzərəsini seyr edirdi. Dağ çayı tək qəfil kükrəyən xoş bir avaz xəyala dalmış Zülfüqar bəyi yerindən tərpətdi...
“Üçmıx” zirvəsindən çağlayıb, gömgöy Çaxmaq meşəsinin üstündən qanad çalaraq Daşaltı dərəsi boyunca yayılan və “Qaya başı”nın “Topxana”ya baxan sıldırımlarında cingiltili əks-səda verən bu əfsunlu səsi, axtardığını tapmış kimi, axıracan dinləyən bəstəkarın sevinci birə-beş artdı. Sənət xiridarı oxuyanın kim olduğunu öyrənib-bilmək üçün bu avazın yayıldığı səmtə – “Ağzıyastı kaha”nın dikdirində görünən qaraltıya doğru getməyə başladı. Uçurumun başında yastı bir daşın üstündə oturub quzu otaran 10–12 yaşlarında bir uşaq idi. Yaxınlaşıb son dərəcə nəvazişlə soruşdu:
– Oxuyan sən idinmi, oğlum?!
Oğlan cəld yerindən qalxıb eyni nəvazişlə cavab verdi:
– Bəli, əmi, mən idim, nə olub?!
Qarşısındakı uşağın hazırcavablığı və nəzakəti Zülfüqar bəyə çox xoş gəldi və onun kimlərdən olduğunu soruşdu:
– Saatlı Müseyibin oğluyam, papaqçı Müseyibin. Adım da Əlipaşadır!
Zülfüqar bəy də özünü nişan verdi:
– Çox gözəl, oğlum! Atan mənim köhnə tanışımdır ki! Bir-birimizi yaxşı tanıyırıq. Hər dəfə mən Şuşaya gələndə onunla görüşməmiş getmirəm. Axşam evə gedəndə atana de ki, Zülfüqar əmi şəhərdədir. Özü biləcək hansı Zülfüqar.
Səhərisi köhnə dostlar ikiqat mehribanlıqla görüşdülər. Müseyib Məmmədbağır oğlu ilə Zülfüqar bəy Hacıbəyov uşaqlıq dostu idilər. Qonşu məhəllələrdə yaşasalar da, bir yerdə böyüyüb ərsəyə çatmışdılar. Zülfüqar bəy çoxdan Bakıda yaşayırdı, Müseyib isə Şuşada sadə bir peşəylə - dərziliklə məşğul olurdu. Yaxşı tar çalmağı var idi, mütaliəni də çox sevirdi. Böyük və zəngin kitabxanasındakı kitabların bəziləri AMEA Əlyazmalar İnstitutunda saxlanılır.
Şuşaya gələn bütün ziyalılar, ilk növbədə, onun qapısını döyərdi. Elə bugünkü qonaqları da Zülfüqar bəylə yanaşı, Şuşada yaradıcılıq ezamiyyətində olan görkəmli ziyalılar – folklorşünas Salman Mümtaz, ədəbiyyatşünas Feyzulla Qasımzadə, tarixçi İsaq Məmmədov idi. Bir azdan Tiflis səfərindən yenicə qayıdan xanəndə Cabbar Qaryağdıoğlu və şəhər ağsaqqallarından Məşədi Abış bəy Novruzbəyov da gəlib çıxdılar.
Lap kiçik yaşlarından Əlipaşanın qeyri-adi səsi olduğunu görən atası oğluna yaxın qohumu, xanəndə Cabbar Qaryağdıoğlundan musiqi dərsi keçməyi xahiş eləmişdi. Böyük ustad da az bir vaxtda musiqini dinləmək, qavramaq qabiliyyəti çox güclü olan Əlipaşaya muğamın yolunu, texnikasını, oxumaq qaydalarını, ifa tərzini öyrətmişdi. Allah-taala da bu uşağa elə bir istedad vermişdi ki, o, diqqətlə qulaq asdığı hər hansı bir mahnını, yaxud muğam parçasını dərhal mənimsəyir, heç kəsi yamsılamırdı. El havalarını, muğamları yeni xallarla, yeni nəfəslərlə səsləndirirdi.
Əlipaşa ilk sənət müəllimindən həm də səylə şeir-qəzəl öyrənir, mahnı və muğamları yaradıcılıq süzgəcindən keçirib, sonra oxuyurdu. Gənc xanəndə saysız-hesabsız qədim el mahnılarını, təsnifləri, zəngin və mürəkkəb muğamları, xüsusilə, “Çahargah”ı və “Mahur”u şövqlə oxuyurdu. Əlavə olaraq, İslam Abdullayevin, Seyid Şuşinskinin, eləcə də ustadının qrammofon vallarını vaxtaşırı oxudaraq saatlarla qulaq asması onun bir xanəndə kimi yetişməsində çox mühüm rol oynayırdı.
Qonaqların salam-kəlaməndan sonra məclis başlandı. Ev sahibinin “xoş gəldisi”ndən sonra şair təbi olanlar təzə şerlərini oxudular. Cabbar Qaryağdıoğlu şəyirdini oxumağa həvəsləndirmək məqsədilə bir-iki ağız deyəndən sonra Zülfüqar bəy tarı götürdü, Əlipaşa qavalı əlinə aldı, “Segah” üstündə el havaları oxumağa başladı. Hamının diqqəti Əlipaşaya yönəldi. Balaca xanəndənin bülbül kimi cəh-cəhi muğamın həzin təranələri ilə qonaqların ürəklərini riqqətə gətirdi. Əlipaşa muğama ayaq verib, “Qarabağ şikəstəsi”nə keçmək istərkən ustadı əlini qaldırıb, ondan oxumağı dayandırmağı işarə elədi. Çünki artıq yarım saat fasiləsiz oxuyan balaca xanəndəni yormaq, gücə salmaq olmazdı.
Məclis başqa bir səmtə çevrildi, Zülfüqar bəy məqsədini açıb dedi. Əlipaşanı özü ilə Bakıya aparmaq istəyini bildirdi. Müseyib Zülfüqar bəyin təkidli xahişini, oğlunun razılığını və qonaqların da bu fikri alqışladıqlarını görüb, Əlipaşanın Bakıya getməsinə razılıq verdi, amma bir şərtlə ki, özü də onunla getsin.
1932-ci ilin yayı idi. Balaca Əlipaşa Zülfüqar bəy Hacıbəylinin təşəbbüsü ilə Bakıya çağırıldı və həmin vaxtdan da o, əsl, peşəkar sənət aləminə qədəm qoydu və bu sahədə sərrast qədəmlərini atmağa başladı. Balaca xanəndə görkəmli tarzən Qurban Pirimovun nəzarəti altında məşqlərə başladı. Bakıda ilk konsert uğurlu oldu. Şəhərin mərkəzi küçələrinin görümlü yerlərində vurulmuş cəlbedici afişa ötüb-keçənləri ayaq saxlamağa məcbur edirdi: “Şuşadan dəvət olunmuş 12 yaşlı xanəndə Əlipaşanın konserti”.
Gözəl yaz axşamlarından birində balaca xanəndənin ilk konsertinə baxmağa tələsənlər dəstə-dəstə Müdafiə Evinə (indiki M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına - V.Q.) sarı gəlirdilər. Bakının bütün mədəniyyət və incəsənət xadimləri - görkəmli müğənnilər, bəstəkarlar, şairlər, yazıçı və sairlər sorağı sürətlə Bakıya yayılmış bu istedadlı uşağın konsertinə yığışmışdı. Salonda bir dənə də olsun, boş yer yox idi.
Balaca Əlipaşa peşəkar xanəndələr kimi sərbəstcə səhnəyə çıxdı. Sonra Qurban Pirimovun üçlüyü göründü. Uşaq xanəndə incə və məlahətli səsi ilə ilk ifasını dinləyicilərinə təqdim elədi. Elə ilk anlardan da ifaçılığı ilə elə bir məharət göstərdi ki... Bulaq təki saf, yumşaq, şirin səsi, ifasının sadəliyi, son dərəcə sərbəst ifa tərzi, texniki ustalığı bir yana, vurduğu sərrast zəngulələr, cəsarətli gəzişmələr, geniş diapozon hamını heyrətdə qoydu, qəlblərdə dərin iz buraxdı.
Qısa fasilədən sonra Əlipaşa muğama keçdi, zil pərdədə, kövrək və lirik “Yetim Segah”a başladı. Onun zəngulələrlə dolu cingiltili səsi bütün salona yayıldı. Əlipaşa muğamı da, təsnifləri də səsinin diapozonuna görə ifa elədi, qəzəlləri olduqca aydın və rəvan oxudu, ölçüdən zərrə qədər kənara çıxmadı, uzun-uzadı zəngulələrlə tamaşaçıları yormadı. Muğamın həzin melodiyası doğma ana laylası kimi dinləyicilərin hisslərini kükrədirdi. Xanəndə hərdən bir özünə qapanıb, gözlərini yumur, elə bil “Yetim Segah”ın qəmli rəvayətini salondakılara nağıl edirdi…
Konsert başa çatanda Əlipaşanı uzun-uzadı alqışladılar. O, salondakılara dönə-dönə baş əydi, sürəkli alqışlar altında səhnəni tərk elədi. Çox böyük uğurla keçən birinci konsertdən sonra respublika qəzetləri öz səhifələrində bu şuşalı xanəndəyə səxavətlə yer ayırır, onun parlaq istedadı barədə rəylər, maraqlı yazılar dərc eləyirdi. “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetinin 27 sentyabr 1933-cü il tarixli sayında çap olunmuş “Qayət məlahətli səsə malik Əlipaşanın konserti” adlı məqalədə deyilirdi: “14 yaşlı Əlipaşa qayət, məlahətli və gözəl səsə malikdir. Birinci konsertini Şuşa və Qaryagin şəhərlərində vermiş və böyük müvəffəqiyyət qazanmışdır. Əlipaşa Azərbaycan Radio İdarəsi tərəfindən Bakıya dəvət edilmişdir… Əlipaşa bir-birinin ardınca nə az, nə çox, düz 27 konsert verdi”.
Bəzən gənc xanəndə Xan Şuşinski ilə birlikdə çıxış edirdi. Əlipaşa Daşdəmirovun çıxışları barədə şəhərin görkəmli yerlərində afişalar vurulur, qəzetlərdə elanlar dərc edilirdi. Hər dəfə də onun konsertləri anşlaqla keçirdi. Gənc xanəndənin uğurlu çıxışlarından sonra Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə ona xüsusi təqaüd kəsildi. Lakin səsini qorumaq, ifaçılıq məharətini saxlamaq üçün keçid dövrünə qədər müvəqqəti olaraq oxumamaq tövsiyə edildi və Şuşa Dövlət Musiqi Texnikumunun tar sinfində təhsil almağa göndərildi.
1934-cü ilin baharında Zaqafqaziya xalqlarının I musiqi olimpiadasında iştirak etmək üçün Əlipaşa Daşdəmirov yenidən Bakıya dəvət olundu. İstedadları seçmək üçün mayın 15-dən 20-dək Üzeyir Hacıbəyovun rəhbərliyi ilə ümumrespublika baxışı keçirilirdi. Baxış-müsabiqədə Əlipaşa yenə böyük uğur qazanaraq Fəxri fərmana layiq görüldü.
1938-ci ildə 17 yaşlı Əlipaşa Daşdəmirov Şuşa Musiqi Texnikumunu bitirdi və uşaq musiqi məktəbi təşkil etmək üçün o, Nuxa şəhərinə göndərildi. Burada həm direktor vəzifəsini daşıdı, həm də tar müəllimi kimi fəaliyyət göstərdi. Məktəbin birinci buraxılışından sonra Əlipaşa səfərbərliyə alınıb, müharibəyə yollandı, lakin respublikada pedaqoji kadrlara böyük ehtiyac olduğuna görə 1942-ci ildə geri çağırılıb, Şura orta musiqi məktəbinə direktor göndərildi. Çox çəkmədən xüsusi istedadını və təşkilatçılıq qabiliyyətini nəzərə alaraq Azərbaycanın müxtəlif rayonlarında yeddiillik musiqi məktəblərinin və texnikumlarının təşkili işi ona həvalə olundu.
1945-ci ildə Əlipaşa Daşdəmirov Ağdamda ibtidai musiqi məktəbi açdı və musiqi texnikumunun (1948–1963) bünövrəsini qoydu. Az müddət içərisində burda vokal, fortepiano, xor dirijorluğu, nəfəsli çalğı alətləri, tar və xanəndəlik şöbələri açdı, zəngin kitabxana yaratdı, gənc musiqiçi kadrlarının yetişdirilməsində xüsusi səy göstərdi. Onun işgüzar əməyi sayəsində məktəb respublikada ən nümunəvi musiqi tədrisi müəssisələrindən birinə çevrildi.
Əlipaşa müəllim 1963-cü ildə Bakıya göndərildi və A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin Sumqayıt filialını yaratmaq yenə də bu təşkilatçı pedaqoqa həvalə olundu, onun ilk direktoru (1965–1971) oldu və sonra müstəqil məktəbə çevrilməsində səyini və bacarığını əsirgəmədi. Yenidən Bakıya qayıdaraq 8 nömrəli internat məktəbdə tar müəllimi və musiqi işləri üzrə direktor müavini (1977–1983) vəzifələrində çalışdı. Həmin dövrdə o, ali təhsil almağı da unutmadı. Əvvəlcə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Texnikumunu tar sinfi üzrə bitirdi, sonra isə konservatoriyada musiqi təhsili aldı.
Yarım əsrdən artıq muğam və mahnı ifaçılığı meydanında öz havalı köhlənini səyirdən ustad sənətkar ömrünün qürub çağlarını qardaş Türkiyədə keçirdi və 2011-ci il fevralın 15-də 90 yaşında burada haqq dünyasına qovuşdu. İndi onun da ruhu xoşbəxtliyə çatıb, Pənahabad - Şuşa qalasında qalan dünyası ilə qovuşub.
Vasif QULİYEV,
“Şuşa” qəzetinin baş redaktoru