“Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” Prezident sərəncamına uyğun olaraq, Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə Bölməsi böyük dövlət xadimi və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olmuş Fətəli xan Xoyskinin həyat və fəaliyyətinə həsr edilmiş dəyirmi masa təşkil edib.
“Azərbaycan milli dövlətçilik tarixində Fətəli xan Xoyski irsi – ədalətin, vətənpərvərliyin və istiqlalın təcəssümü” mövzusunda yubiley məclisində açılış nitqi ilə çıxış edən AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev 1918-ci ildə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını ölkə tarixinin ən şərəfli səhifələrindən biri kimi dəyərləndirib. O, Ümummilli lider Heydər Əliyevin milli azadlıq və istiqlal uğrunda mübarizə tarixinin öyrənilməsinə xüsusi önəm verdiyini xatırladıb, bugünkü mərhələdə Prezident İlham Əliyevin milli dövlətçilik ənənələrini uğurla davam etdirdiyini vurğulayıb.
Bildirilib ki, Fətəli xan Xoyskinin 150 illik yubileyinin ölkədə təntənə ilə qeyd edilməsi müstəqil dövlətimizin və onun rəhbərinin Azərbaycan tarixində müstəsna rol oynamış şəxsiyyətlərin irsinə göstərilən yüksək diqqətin nümunəsidir. Mərasimdə Gəncə Bölməsinin Xalq Cümhuriyyətinin tarixinə, xüsusilə Gəncə səhifələrinə dair apardığı elmi tədqiqatlar və nəşrlər barədə məlumat da verilib.
Dəyirmi masa AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini Əlimuxtar Muxtarov “Gəncə Bölməsinin Cümhuriyyət nəşrləri”, Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri Nərgiz Rəsulova “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq arenada tanınmasında Xoyskinin rolu”, Tarix şöbəsinin kiçik elmi işçisi Yasin Alməmmədov “Milli dövlətçilik və demokratiya ənənələrimizin banisi Fətəli xan Xoyski”, Etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Nərmin Alıyeva “Fətəli xan Xoyski və Gəncə: milli mücadilə və dövlətçilik yolunun başlanğıcı”, Etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Aytən Əliskəndərova “Fətəli xan Xoyskinin Azərbaycan tarixində yeri və rolu” mövzularında məruzələrlə davam edib, müzakirələr aparılıb.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

