Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində “İnklüziv cəmiyyətin qurulmasında DOST modeli: Dayanıqlı inkişaf üçün innovativ sosial xidmətlər” mövzusunda tədbir keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi tərəfindən təşkil olunan, yerli və beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin,digər maraqlı tərəflərin iştirak etdiyi tədbirdə Azərbaycanın sosial müdafiə sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlardan bəhs olunub. Ölkədə vətəndaşyönümlü xidmət modelinin təkamülü və inklüziv sosial xidmətlərin genişləndirilməsi istiqamətində görülən işlər müzakirə edilib.
Tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev ölkəmizdə sosial müdafiə sisteminin inkişaf etdirılməsi və müasirləşdirilməsi, bu sahədə xidmətlərin əlçatanlığının artırılması üçün son illər aparılan islahatları qeyd edib. O, DOST modelinin bu islahatların mühüm nailiyyətlərindən olduğunu vurğulayıb, habelə sosial sahədə rəqəmsal texnologiyaların geniş tətbiqi istiqamətində atılan addımları diqqətə çatdırıb.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST modelinin yüksək vətəndaş məmnunluğuna əsaslanan unikal xidmət platforması olduğunu bildirib. Bu modelin sosial xidmətlərin daha operativ, şəffaf və keyfiyyətli təqdim edilməsində, eləcə də dövlət-vətəndaş münasibətlərinin yeni müstəviyə daşınmasında mühüm rol oynadığını vurğulayıb.
Tədbirdə 1 saylı Bakı DOST Mərkəzinin direktoru Ruslan Mirzəliyev "İnteqrasiya olunmuş və data əsaslı sosial müdafiə sistemlərinin inkişafı: DOST modeli və Xidmət və İnnovasiya üzrə Mükəmməllik Mərkəzi" mövzusunda təqdimatla çıxış edib.
İslam İnkişaf Bankı Qrupunun Qadınların və Gənclərin Gücləndirilməsi üzrə meneceri Ahmed Faruk Diken isə inklüziv inkişafın təmin edilməsində institusional əməkdaşlığın gücləndirilməsi və innovativ sosial həllərin tətbiqinin qlobal əhəmiyyətini qeyd edib.
Tədbir DOST konsepsiyası, sosial xidmətlərin tam rəqəmsallaşdırılması, inklüziv məşğulluq və sosial innovasiyalar istiqamətində reallaşdırılan layihələr barədə geniş təqdimatla və təcrübə mübadiləsi ilə davam edib.






