Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Şimal-Qərb Universitetinin astronomları "Ceyms Uebb" (James Webb) kosmik teleskopunun köməyi ilə "Çəhrayı planet" kimi tanınan GJ504b obyektini tədqiq edərək, onun atmosferində duz buludları aşkarlayıblar. 2013-cü ildə kəşf edilən bu qeyri-adi göy cismi Yerdən 57 işıq ili uzaqlıqda yerləşir və Günəşə bənzər bir ulduzun ətrafında dövr edir. Bu kəşf, soyuq kosmik obyektlərin atmosferində duz buludlarının mövcudluğuna dair elm dünyasında əldə olunmuş ilk birbaşa sübuddur.
GJ504b olduqca soyuq və sönük (az parlaq) bir obyektdir: onun temperaturu təxminən 290°C-dir ki, bunu adi çörəkbişirmə sobasının temperaturu ilə müqayisə etmək olar. Kütləsi Yupiterdən təxminən 25 dəfə böyük olduğu üçün alimlər onun tam olaraq nə olduğunu – nəhəng bir planet, yoxsa qəhvəyi cırtdan ulduz olduğunu hələ də dəqiqləşdirə bilmirlər. Bu səbəbdən astronomiyada o, şərti olaraq "planetar kütləli yoldaş" adlandırılır. Yaşı 2,5-4 milyard il arasında qiymətləndirilən bu nəhəng obyektin zaman keçdikcə soyuması onun hazırkı aşağı temperaturunu izah edir.
Əvvəllər bu obyekti Yerüstü teleskoplarla öyrənmək mümkün deyildi, çünki o, kosmik standartlara görə son dərəcə sönük işıq saçırdı. Lakin "Ceyms Uebb" teleskopu onun zəif işığını qeydə almağa və rəng spektrini çıxarmağa imkan yaradıb. Spektral analiz nəticəsində atmosferdə su buxarı, metan, karbon qazı, ammonyak və digər molekulların izləri tapılıb.
Maraqlıdır ki, alimlərin qurduğu ilkin atmosfer modelləri teleskopun real müşahidələri ilə üst-üstə düşmürdü. Tədqiqatçılar bulud faktorunu hesaba qatdıqdan sonra tapmaca həll olunub: məlumatları ən mükəmməl şəkildə izah edən məhz duz buludlarının varlığı olub. Bu buludlar atmosferin daha dərin qatlarından gələn molekulyar siqnalları pərdələyərək mənzərəni dəyişirmiş. Belə bir fərziyyə elm adamları tərəfindən hələ 15 il əvvəl irəli sürülsə də, yalnız indi vizual təsdiqini tapıb. Bundan əlavə, GJ504b obyektinin ağır elementlərlə – metallarla olduqca zəngin olduğu üzə çıxıb.
Bu sirli göy cisminin mənşəyi hələ də sual altındadır: o, həm böyük bir planet, həm də kiçik bir ulduz kimi formalaşmış ola bilər. Alimlərin rəyinə görə, bu mühüm kəşf kainatdakı digər soyuq və sönük planetlərin tədqiqində yeni bir era açacaq. Tədqiqatın ətraflı nəticələri iyunun 18-də nüfuzlu "The Astronomical Journal" nəşrində işıq üzü görüb.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

