Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” 2024-cü il 16 aprel tarixli 211 nömrəli Qərarı ilə Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində yerləşən bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə alınmasının müddəti “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsinə uyğun olaraq 1 (bir) il müddətinə uzadılsın.
2. Tikintiyə icazə verən orqan (qurum) bu Qərarın 1-ci hissəsinə uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən 3 (üç) gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 19 ” “ iyun ” 2026-cı il
№ 186

