Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Texas A&M Universitetinin tədqiqatçıları sübut ediblər ki, məməlilərdə süni şəkildə aktivləşdirilə bilən regenerasiya (bərpa) mexanizmləri hələ də qorunub saxlanılır. "Nature Communications" jurnalında dərc olunan məqalədə alimlərin biologiyanın fundamental qanunlarına meydan oxuyan bir tədqiqatın nəticələri dərc olunub. Ənənəvi olaraq hesab olunurdu ki, salamandrlardan (suda-quruda yaşayanlar) fərqli olaraq, məməlilər yaraları yalnız kobud çapıq toxuması yaratmaqla sağalda bilirlər ki, bu da onların itirilmiş bir ətrafı yenidən uzatmaq şansını birdəfəlik əlindən alır.
Orqanizmdə çapıqların yaranması prosesini "fibroblast" adlanan hüceyrələr başladır. Onlar infeksiyanın qarşısını almaq üçün yaranı sürətlə qapadırlar. Regenerasiyaya qadir olan heyvanlarda isə eyni hüceyrələr özlərini tam fərqli aparırlar – onlar "blastema" adlanan xüsusi strukturda toplanırlar və sonradan həmin nöqtədən yeni toxuma cücərməyə başlayır.
Tədqiqatçılar məməlilərdə fibroblastların davranış trayektoriyasını dəyişməyi qarşılarına məqsəd qoyublar. Onlar yara ilkin olaraq bağlandıqdan sonra tətbiq edilən iki mərhələli xüsusi terapiya hazırlayıblar. İlk olaraq zədələnmiş nahiyəyə fibroblastların böyümə faktoru yeridilir ki, bu da hüceyrələri adi çapıq yerinə blastema bənzəri bir struktur yaratmağa məcbur edir. Bir neçə gündən sonra isə prosesə ikinci komponent – sümük morfogenetik zülalı qoşulur. Bu siqnal hüceyrələrə yeni toxumaların inşasına başlamaq əmrini verir. Ən heyrətamiz məqam odur ki, bu proses üçün kənardan heç bir kök hüceyrə köçürülməsinə ehtiyac qalmayıb, orqanizm daxili gücü hesabına bunun öhdəsindən gəlib.
Eksperimentlər zamanı bioloqlar amputasiya olunmuş sümük nahiyələrini, vətərləri, bağları və hətta oynaq elementlərini uğurla bərpa edə biliblər. Yenidən yetişdirilən strukturlar itirilmiş üzvlərin tam ideal surəti olmasa da, onlar təbii ardıcıllıqla düzülmüş düzgün toxuma dəstinə malik olublar.
Yaxın gələcəkdə bu zülalların klinik praktikada tətbiqi həkimlərə ağır travmalardan və amputasiyalardan sonra pasiyentlərdə çapıq izlərini minimuma endirməyə və onların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa kömək edəcək.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

