Azərbaycan dövlətçiliyinin ideoloji və siyasi təməli

post-img

Konstitusiya və Suverenlik İli – 2025

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Prezident İlham Əliyevin müdrik dövlətçilik qərarlarından biri kimi tarixə düşür. Bu təşəbbüs, bir tərəfdən, müstəqilliyimizin bərpasından ötən dövrdə qazanılan nailiyyətlərin ümumiləşdirilməsi, digər tərəfdən isə yeni milli ideoloji prioritetlərin formalaşdırılmasına xidmət edir. Burada söhbət heç də hüquqi sənədlərin və tarixi faktların xatırladılmasından deyil, həm də qüdrətli Azərbaycanın möhkəmlənmiş dövlətçilik dayaqlarının, dönməz müstəqillik kursunun və milli kimliyin dünyaya təqdimindən gedir.

Azərbaycan xalqı tarix boyu müstəqillik ideyasını öz varlığının əsas ruhu kimi yaşadıb. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki il mövcud olsa da, milli dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Bu dövlət Şərqdə ilk demokratik respublika olaraq, xalqın siyasi iradəsini ifadə edib, müstəqillik ideyasını dövlətçilik reallığına çevirib.

Lakin 1920-ci ildə Cümhuriyyətin süqutu ilə Azərbaycan uzun illər Sovet İttifaqının tərkibində yaşadı. Bu dövr ərzində xalqımız öz müstəqillik arzusunu heç vaxt unutmadı. 1990-cı illərin əvvəllərində, Sovet İttifaqının dağılmasından sonra isə öz müstəqilliyini bərpa etmək üçün mühüm addımlar atdı. Bununla yanaşı, Azərbaycan xalqının suverenlik arzusu və müstəqillik iradəsi 1918-ci ildə qurulmuş və cəmi iki il yaşayan Azərbaycan Xalq Cümhuriyyətindən irəli gələn ənənələrə söykənirdi.

Cümhuriyyətin süqutundan sonra 70 ilə yaxın Sovet İttifaqının tərkibində olan Azərbaycan xalqı öz müstəqillik arzularını daim ürəyində yaşatmışdı. 1991-ci il oktyabrın 18-də qəbul edilən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycan rəsmən müstəqil dövlət statusunu bərpa etdi. Beləliklə, Azərbaycan xalqı öz dövlətçilik yolunu yenidən təsdiq etdi və beynəlxalq ictimaiyyətin tamhüquqlu üzvü kimi tanındı.

Dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən olan Əsas Qanun da məhz Ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlandı. 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında ölkəmizdə müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edildi. Belə ki, Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət bəslənilməsi, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin qurulması, siyasi sistemdə plüralizmə təminat verilməsi və ümumbəşəri dəyərlərə sadiqlik göstərilməsi öz əksini tapdı.

Azərbaycanın dövlət müstəqilliyinin hüquqi əsaslarının möhkəmləndirilməsində 1995-ci ildə qəbul edilmiş Konstitusiya xüsusi əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış bu sənəd ölkəmizin müasir inkişaf yolunu müəyyənləşdirən strateji çərçivədir. Konstitusiyada təsbit edilən dəyərlər – dövlət hakimiyyətinin demokratik formalaşması, insan hüquqlarının qorunması, siyasi plüralizm, dünyəvi dövlət quruculuğu və ümumbəşəri dəyərlərə sadiqlik göstərilməsi Azərbaycanın müstəqil dövlət kimi inkişaf modelinin mahiyyətindən xəbər verir.

Ulu öndər Konstitusiyanın yalnız hüquqi deyil, həm də mənəvi dəyər daşıdığını xüsusi vurğulayaraq deyirdi: “Bizim Konstitusiyamız xalqın Konstitusiyasıdır. Hər bir vətəndaşın Konstitusiyasıdır!” Bu fikir Azərbaycan vətəndaşlarının dövlətlə münasibətlərini yeni bir fəlsəfi məna ilə zənginləşdirirdi. Qeyd edim ki, müstəqilliyin bərpası ilə dövlətçilik tariximiz yeni çağırışlarla üz-üzə qaldı. Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğalı Azərbaycanın suverenliyini məhdudlaşdırdı. Uzun illər davam edən bu vəziyyət xalqımızın milli kimliyinə, ərazi bütövlüyünə və konstitusion dəyərlərinə qarşı açıq bir təhdid idi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər isə suverenlik anlayışını tam şəkildə gerçəkləşdirdi. Bu parlaq Qələbə yalnız hərbi nəticə deyildi. Belə bir tarixi uğur, eyni zamanda, hüquqi, siyasi və mənəvi müstəvidə Azərbaycanın öz milli iradəsini təsdiq etməsi idi. Konstitusiyanın hüquqi qüvvəsi bütün ərazilərimizdə bərpa olundu və müstəqilliyimizin dönməzliyi əyani şəkildə sübut edildi.

Müharibədən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri Azərbaycanın qüdrətli dövlət iradəsinin göstəricisidir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, yeni iqtisadi zonaların formalaşması və inteqrasiya layihələri suveren dövlətin praktik gücünü nümayiş etdirir.

Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycanın bərpa siyasəti yalnız iqtisadi və sosial layihələrlə məhdudlaşmır, həm də milli ideoloji bazanı möhkəmləndirir. Bu, dövlətin vətəndaş qarşısında məsuliyyətini, eləcə də beynəlxalq müstəvidə mövqelərini gücləndirir.

“Konstitusiya və Suverenlik İli”nin ideoloji missiyasına gəldikdə isə 2025-ci ilin bu adla elan olunması bir neçə istiqamətdə strateji məqsədlərə xidmət edir. Birincisi, bu, tarixi yaddaşı möhkəmləndirir. Azərbaycan xalqının yüzillik müstəqillik arzuları və dövlətçilik ənənələri cəmiyyətə daha dərindən çatdırılır. İkincisi, milli ideologiyanın təbliği önə çəkilir. Konstitusiyanın prinsipləri əsasında müasir Azərbaycan vətəndaşının hüquqi, siyasi və mənəvi dəyərlərə bağlılığı möhkəmlənir. Üçüncüsü, müstəqilliyin dönməzliyi təsdiqlənir. Azərbaycanın əldə etdiyi tarixi zəfərlər fonunda suverenliyin qorunması və inkişafı dövlət siyasətinin prioriteti kimi xüsusi diqqətdə saxlanılır. Bütün bunlarla yanaşı, beynəlxalq müstəvidə mövqelərin gücləndirilməsi də əsas şərtlər sırasında yer alır. Qüdrətli Azərbaycan imici dünya ölkələrinə hüquqi, demokratik və müstəqil dövlət nümunəsi kimi təqdim olunur.

Azərbaycan Respublikasının müstəqillik və dövlətçilik tarixi yalnız siyasi hadisələrin xronologiyası deyil, həm də xalqımızın milli iradəsinin, azadlıq sevgisinin və suverenlik uğrunda mübarizəsinin təcəssümüdür. Prezident İlham Əliyevin qərarı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” bu tarixi dəyərlərin yeni mərhələdə təbliğinə, möhkəmlənməsinə və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Bu il təkcə yubiley xarakterli tədbirlərlə məhdudlaşmayacaq, həm də müstəqil dövlətçiliyimizin mahiyyətini bütün parametrləri ilə ortaya qoyacaq. Azərbaycanın güclü dövlət kimi mövqeyinin daha da möhkəmlənməsi, müstəqilliyimizin əbədi və dönməz olduğunun beynəlxalq aləmdə bir daha təsdiqlənməsi isə bu ideoloji missiyanın ən böyük nəticəsi olacaq.

Hidayət NURƏLİBƏYOV,
Nərimanov rayon prokuroru

Siyasət