Çinin ölkəmizdəki səfiri əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinlərini ziyarət edib

post-img

Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsini ziyarət edərək buradakı uşaqlarla görüşüb.

XQ xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Agentliyin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev də iştirak ediblər.

Qonaqlara Agentliyin və müəssisənin fəaliyyəti, göstərilən xidmətlərin istiqamətləri və reabilitasiya prosesi barədə məlumat verilib. Qeyd edilib ki, müəssisədə hazırda 150-yə yaxın uşaq stasionar şəraitdə sosial reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Səfir əlilliyi olan uşaqlarla söhbət edib, onlara hədiyyələr təqdim edib. O, Azərbaycanda həssas əhali qruplarına göstərilən xüsusi diqqət və qayğını yüksək qiymətləndirdiyini bildirib. Lu Mey həmçinin Heydər Əliyev Fondunun həssas əhali qrupları, o cümlədən əliliyi olan uşaqlarla bağlı həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin əlilliyi olan uşaqlar üçün iki sosial xidmət müəssisəsi fəaliyyət göstərir və onlarda xüsusi qayğıya ehtiyacı olan 285 uşaq dövlət himayəsində yaşayır. Bu müəssisələrdə uşaqların sosial reabilitasiyası və sosial adaptasiyası, onların asudə vaxtının səmərəli təşkili və cəmiyyətə inteqrasiyasına dəstək istiqamətində işlər aparılır.











Sosial həyat