Azərbaycan Yazıçılar Birliyi – 90
Ölkəmizdə ədəbi-ictimai fikrin yaradıcı mərkəzi, milli məfkurəni yaşadan, azərbaycançılıq ideologiyasını formalaşdıran və sabahlara daşıyan Yazıçılar Birliyi bütün dönəmlərdə sözə-sənətə sadiqlik nümunəsi göstərib. Bu ədəbi-bədii qurum Azərbaycan dilinin keşiyində dayanıb, zənginləşməsinə çalışıb. 90 illik yubileyini qeyd etdiyimiz bu öncül və nüfuzlu yaradıcılıq qurumu haqqında tanınmış qələm sahiblərimizin özəl fikirlərini oxuculara təqdim etməyə başlayırıq. İlk müsahibimiz Xalq yazıçısı Elçindir.
– Elçin müəllim, deyə bilərik ki, AYB sizə şəxsən daha doğma olan məkandır. Əvvəlcə bu yaxınlığın tarixçəsindən başlayaq...
– Düz deyirsiniz. Mənim uşaqlıq, yeniyetməlik, gənclik illərimlə bağlı bir çox gözəl xatirələrim Yazıçılar Birliyi (o vaxtlar Yazıçılar İttifaqı adlanırdı) ilə bağlıdır və ora mənim üçün məhrəm bir yerdir. Məsələ burasındadır ki, mənim oxuduğum 7 saylı məktəb Yazıçılar Birliyi ilə üzbəüz idi. O zaman atam İlyas Əfəndiyev Yazıçılar İttifaqında işləyirdi, mən də hərdən dərsdən sonra ora gəlirdim. Mən Məmməd Səid Ordubadini, Abdulla Şaiqi, Mirzə Cəlilin xanımını Həmidə xanım Cavanşiri ilk dəfə orda görmüşəm.
Bu sözləri deyirəm və Mehdi Hüseynin ittifaqın 3-cü mərtəbəsində, Natəvan klubunun foyesində xüsusi bir şövqlə bilyard oynamağı, Səməd Vurğunun oyuna baxa-baxa duzlu atmacaları ilə MehdiHüseyni qızışdırmağı, Əbülhəsənin: “Əzizim! Əzizim! Bu nə dəsgahdı belə?” – deməyi, Süleyman Rüstəmin siqaretini tüstülədə-tüstülədə yanındakılara göz vuraraq: “Əbülhəsən, deyirlər, əvvəllər sən də yaxşı bilyard oynamısan?” – söyləməyi, Əbülhəsənin: “Xeyr, Süleyman Rüstəm, bu, sənin təzə uydurmandır!” – deyə ona bozarmağı indi də keçib-getmiş səmimi, istiqanlı və koloritli günlər kimi yadıma düşür.
Elə o Natəvan klubunda ədəbiyyatla bağlı tədbirləri, “Gənclər günü”ndə yazıçı olmaq istəyən bir gənc kimi mənim də hekayəmin oxunub müzakirə edilməsini, Mehdi Hüseynin, İsa Hüseynovun, gənc Bəkir Nəbiyevin. Əliağa Kürçaylının, Kamal Qəhrəmanovun o hekayəni çapa məsləhət görmələrini və 16 yaşımda ikən, 1959-cu ilin indiyə qədər yaddaşıma hopmuş 5 iyulunda “Azərbaycan gəncləri” qəzetində çap olunmağımı – o ilk çapın qürurunu xatırlayıram.
– Sonralar istedadınız daha da parladı və hətta siz Yazıçılar İttifaqında işə də düzəldiniz...
– Elədir, iş elə gətirdi ki, mən 1975-ci ildən etibarən İmran Qasımov, Mirzə İbrahimov, Balaş Azəroğlu, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, Cabir Novruz, İshaq İbrahimov kimi unudulmaz həmkarlarımla birlikdə Yazıçılar İttifaqında katib işlədim. Bu gün mən Əbülqasım Hüseynzadə, Qulam Məmmədli, Əli Səbri kimi qocaman dostlarımı (!), bilavasitə təmasda olduğum Əli Vəliyev, Süleyman Rəhimov, Əbülhəsən, Süleyman Rüstəm, Rəsul Rza, Osman Sarıvəlli, Əhməd Cəmil və bir çox başqa yazıçı və şairlərimizi tez-tez xatırlayıram.
Düzdür, bu xatirələrdə nostalji də var, ancaq mənim üçün onlar həmişə çox xoş, köhnə təbirlə desəm, nəşəli bir aura altında olan xatirələrdir.
Yazıçılar İttifaqının mürəkkəb, 1937–38-ci illərdə isə hətta qorxulu bir tarixi var, ancaq bütün bunlara baxmayaraq, bu qurum Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir, Əhməd Cavad və başqa repressiya qurbanlarıyla, eləcə də salamat qalanlarla birlikdə, müştərək surətdə, yəni bir küll halında Azərbaycan ədəbiyyatının, dilinin, ictimai fikrinin, xalqımızın milli mənliyinin yaşadılmasında və inkişafında xidmətləri böyükdür.
– Elçin müəllim, sonda yubiley arzularınızı eşitmək istərdik.
– Yazıçılar İttifaqı artıq keçmişdə qalıb, adını çəkdiyim və çəkmədiyim qələm sahiblərinin hamısı indi həyatda yoxdur. Nə yaxşı ki, bu gün Yazıçılar Birliyi var və mən bu 90 illik yubileydə, Anar başda olmaqla, birliyin bütün əməkdaşlarını təbrik edir, onlara can sağlığlı diləyir və ən gözəl istəklərimi bildirirəm. Arzu edirəm ki, Yazıçılar Birliyi daha artıq şövqlə, daha artıq ehtirasla ədəbiyyatın keşiyində dayansın. 100 illiyini də Azərbaycan ədəbiyyatının böyük bayramı kimi qeyd eləsin!
– Müsahibə üçün minnətdarıq. Biz də sizə möhkəm can sağlığı, yeni, gözəl əsərlərlə oxucuları sevindirməyinizi arzu edirik!
Müsahibəni hazırladı:
Əli NƏCƏFXANLI,
AYB-nin üzvü