AMEA Rəyasət Heyətinin növbəti iclasında müzakirə olunan məsələlərdən biri “Qərbi Azərbaycan Ensiklopediyasının sözlüyü”nün təsdiq edilməsi olub.
Akademik İsa Həbibbəyli sözlüyün hazırlanması üçün yaradılmış İşçi qrup tərəfindən keçirilmiş müzakirələr nəticəsində Rəyasət Heyətinə 2595 sözdən ibarət sözlüyün təqdim olunduğunu diqqətə çatdırıb. AMEA prezidenti İşçi qrupun fəaliyyətini yüksək qiymətləndirib, sözlüyün nəzərdən keçirilərək ixtisarlar və əlavələr edildiyini bildirib, əhatə dairəsinin, ümumilikdə, 2000 sözə endirilməsi ilə bağlı tapşırıqlarını verib.
Mövzu ilə bağlı çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, İşçi qrupun üzvü Əziz Ələkbərli icmada bütün sahələr üzrə komissiyaların fəaliyyət göstərdiyini bildirib və sözlüyün AMEA rəhbərliyinin və həmin komissiyaların iştirakı ilə yekun müzakirəsinin keçirilməsini təklif edib. O deyib ki, ensiklopediyada əzəli-əbədi torpaqlarımız olan Qərbi Azərbaycanın tarixi, coğrafiyası, etnoqrafiyası, adət-ənənəsi, folkloru, maddi və qeyri-maddi mədəni irsi, şəxsiyyətləri və s. ilə bağlı çoxlu məlumatlar, oçerklər toplanmalıdır.
İşçi qrupun rəhbəri – AMEA Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürov “XQ”yə açıqlamasında bildirib ki, sözlük təsdiq ediləndən sonra ayrı-ayrı hissələri müəlliflər arasında paylaşdırılıb. Ensiklopediya həyatın bütün sahələrini əhatə edəcək və qısa müddətdə nəşr olunacaq.
***
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tarix elmləri doktoru Zemfira Hacıyevanın çapdan çıxmış “AMEA-nın yaranma tarixi 1920–1945-ci illər” (rus dilində) kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli gələn ilin mart ayında akademiyanın yaranmasının 80 ilinin tamam olacağını bildirərək deyib ki, artıq keçiriləcək tədbirlərin ilkin planı müəyyən olunub, bununla bağlı müşavirə keçirilib. Həmçinin yubileyə töhfə olaraq “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabı yenidən çapa hazırlanır.
Akademik elmi məsləhətçisi olduğu “AMEA-nın yaranma tarixi 1920–1945-ci illər” kitabının təqdimatının akademiyanın 80 illik yubileyinə həsr olunmuş ilk tədbirlərdən biri kimi mühüm əhəmiyyət daşıdığını söyləyib. Nəşrdə bu elm ocağının yaranma tarixinin sistemli şəkildə dərindən araşdırıldığını bildirib. O, nəşrin Moskvada rus dilində çap olunmasının Azərbaycan elminin dünya elmi mühitinə çatdırılması baxımından önəmini vurğulayıb.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, 6-cı çağırış Milli Məclis sədrinin müavini, professor Fəzail İbrahimli və başqaları kitabın məziyyətlərindən söhbət açıblar. Sonda nəşrin müəllifi Zemfira Hacıyeva çıxış edərək təqdimatın bütün iştirakçılarına xoş sözlərə görə minnətdarlığını bildirib.
Ə.DOSTƏLİ
XQ