Özbəkistan Mədəniyyət Nazirliyi (ÖMN), İCESCO, ÖMN nəzdindəki Mədəniyyət Təhsil Mərkəzi və Təhsilin İnkişafı üzrə Elmi-Metodik Mərkəz “Mədəniyyət və İncəsənət Təhsili Müəssisələrində Müasir Tədris Metodları: Nailiyyət və Problemlər" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriblər.
Tədbirdə Özbəkistanın mədəniyyət və incəsənət üzrə ali məktəblərinin professor-müəllim heyəti, tədqiqatçı alimlər, aspirantlar, istedadlı tələbələr, elm və mədəniyyət xadimləri, qonşu dövlətlərin alimləri iştirak edib.
Konfransı Özbəkistan mədəniyyət nazirinin birinci müavini Əvəzxon Tacixanov açaraq konfransın əhəmiyyətindən danışıb, tədbirdə ona yaxın ölkədən gələn incəsənət və mədəniyyət sahəsinin alimlərinin iştirak etdiyini bildirib, onlara uğurlar arzulayıb.
Ölkəmizi bu tədbirdə Xalq artisti, tarzən, Azərbaycan Milli Konservatoriyasının professoru Elçin Həşimov, Xalq artisti, kaman ustası, Azərbaycan Milli Konservatoriyasının professoru Elnur Əhmədov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Sara Dəmirova, ölkəmizin Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli, həmçinin İCESCO-nun Bakıdakı regional ofisi rəhbərinin müavini Məryəm Qafarzadə təmsil ediblər.
Konfransda mədəniyyət və incəsənət təhsili müəssisələrində təhsilin keyfiyyətinin və səmərəliliyinin artırılması, innovativ texnologiyaların və müasir metodların tədris prosesinə tətbiqi, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, mədəniyyət və incəsənət sahəsində kadrların hazırlanması perspektivləri, bu sahənin problemləri və həlli yolları, beynəlxalq sahədə tanınmış alimlərlə əməkdaşlığın gücləndirilməsi və digər məsələlərlə bağlı məruzələr dinlənilib.
Konfransda İCESCO-nun Bakıdakı regional ofisi rəhbərinin müavini Məryəm Qafarzadə “Regional əməkdaşlığın gücləndirilməsi”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Sara Dəmirova “21-ci əsrdə incəsənət və təhsildə ənənə və innovasiyaların inteqrasiyası: Azərbaycan təcrübəsi” mövzularında məruzələr ediblər.
Sonra xarici qonaqlarla yaradıcılıq görüçləri keçirilib, Elçin Həşimov və Elnur Əhmədov Özbəkistan Dövlət Konservatoriyasında özbək tələbələrə ustad dərsləri veriblər.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd

