Film layihələri müsabiqəsi

post-img

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) postprodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqlayıb.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin “Azər­baycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında 2022-ci il 20 aprel tarixli Fərmanı milli kinematoqrafiyamızın və yayım infrastrukturunun müasirləş­dirilməsi üçün geniş imkanlar açıb. Həmin fərmandan sonra ölkəmizin kino təsərrüfatında bir sıra islahat və yeniliklərin həyata keçirilməsinə başlanılıb. Məqsəd bu sahəni tam səna­yeləşdirmək, rentabelli sahəyə çevirmək, milli məzmunla süst­lənmiş universal kino dilində danışmağı bacaran yeni yara­dıcı nəsil formalaşdırmaqdır. 

ARKA-dan verilən məlu­mata görə, bu dövlət qurumu postprodakşn mərhələsində olan film layihələrinin tamam­lanma işlərinin dəstəklənməsi üzrə müsabiqəni cari ilin may ayında elan etmişdi. Ölkədə film istehsalının stimullaşdı­rılması və səmərəliliyinin yük­səldilməsi, müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması və birgə film istehsa­lının dəstəklənməsi məqsədilə həyata keçirilən müsabiqə artıq yekunlaşıb. Tammetrajlı bədii və sənədli, qısametrajlı bədii, sənədli və animasiya filmləri kateqoriyasında keçirilən mü­sabiqəyə, ümumilikdə, 9 layihə müraciət etmişdi. Bədii şura­nın dəyərləndirdiyi 6 layihəyə dövlət dəstəyi verilməsi qərara alınıb. 

Həmin layihələr Mətləb Muxtarovun “Yaddaş saray­ları”, Elməddin Alıyevin “Geri dönüş”, Tahir Tahiroviçin “Səs­siz zaman”, Ələmdar Faiqin “Qara pişik, ağ şanı”, Hacıbala Səfərovun “Tərsinə kölgələr” və İlkin Yusifin “Sən haralısan, durna?” filmləridir. 

Qeyd edək ki, ölkədə ilk dəfədir postprodakşn mərhələ­sində olan film layihələrinə dəstək müsabiqəsi keçirilir. Azərbaycan Respublikası Kino Agentliyi film layihələrinə döv­lət dəstəyi məqsədilə ilboyu müsabiqələr keçirməyə davam edəcək.

XQ

Mədəniyyət