Şərur rayonunun Xələc kəndi ərazisində fəaliyyət göstərən arxeoloji ekspedisiyanın məqsədi Azərbaycanın Yaxın Şərqlə sərhəd bölgəsində, xüsusilə, Naxçıvan diyarında qədim arxeoloji mədəniyyətlərarası keçidin xüsusiyyətləri və Cənubi Qafqaz–Yaxın Şərq əlaqələrində yeri ilə bağlı faktları araşdırmaqdan ibarətdir.
Ekspedisiya AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın rəhbərliyi ilə ötən aydan fəaliyyətə başlayıb. AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi əməkdaşlarından ibarət komissiya qazıntı yerində aparılan araşdırmaların vəziyyəti ilə tanış olarkən Zeynəb Quliyeva hələlik, əldə olunan ilkin nəticələr barədə məlumat verib. O deyib ki, daha əvvəllər qazıntılar zamanı müxtəlif dövrlərə aid keramika nümunələrinin qeydə alınması buranın çoxtəbəqəli abidə olduğunu göstərirdi. Bu baxımdan II Xələcdən aşkar edilən tapıntılar Naxçıvanda Antik dövr mədəniyyətinin öyrənilməsi üçün əhəmiyyətlidir.
Hələlik, əldə edilən ilkin tapıntılar nisbi xronologiyanı e.ə. I minilliyin 2-ci yarısı – eramızın III–IV əsrləri arasında müəyyənləşdirməyə imkan verir. Araşdırmaların I mərhələsi maddi mədəniyyət abidəsi, keramika nümunələri və başqa arxeoloji materialların aşkar olunması ilə əlamətdardır. İyulun 28-dək davam edəcək qazıntıların növbəti mərhələsində də yeni faktların əldə ediləcəyi istisna edilmir.
XQ