Zəfər yolumuza işıq salan günlər

post-img

Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlıq salnaməsinin qızıl səhifələ­rindən sayılan 2020-ci il 12–17 iyul tarixli Tovuz döyüşləri Vətən müharibəsində Qələbəmizin aydın eşidilən addım səsləri olub. 

...Sumqayıtda Milli Qəhrəman Polad Həşimovun adını daşıyan küçənin baş­lanğıcındakı lövhənin qarşısındayam. Bura Səməd Vurğun küçəsi ilə kəsişən yerdir. Böyük şairin misraları yadıma dü­şür: 

Gəl çıxaq cəbhəyə, əmr edir Vətən,

Sən də bu meydanda kükrəyib çağla!

Düşmənin gülləsi dəysə sinəmdən,

Mehriban əlinlə yaramı bağla! 

Polad Həşimov Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailələri ilə birgə Sumqayıt şəhərinə köçdüyündən buradakı 28 və 34 nömrəli məktəblərdə orta təhsil alıb. Sonra Heydər Əliyev adı­na Azərbaycan Ali Hərbi Məktəbini bitirib və taqım komandirliyindən “general-ma­yor” ali hərbi rütbəsinədək yüksəlib. 4 iyul 2020-ci il tarixdə Ermənistan–Azər­baycan sərhədinin Tovuz istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Onun nəşi Sumqayıta, ailəsinin ya­şadığı 13-cü mikrorayona gətirilən gecə həyətdə, küçədə iynə atılsaydı, yerə düş­məzdi. Kişi, qadın, böyük, uşaq – hamı gözləyirdi ki, qarşılanması daha da urvatlı olsun. Bu, həm də qəhrəman qarşısında camaatın vəfa borcu idi… Çox keçmədən hərbçilərin müşayiəti ilə Poladı gətirdilər. Üçrəngli Vətən bayraqları mükəddər şə­kildə yellənirdi. Həmin son görüş həm də qürur, iftixar görüşümüz idi… 

Vətənpərvərlik tədbirlərində Poladın anası Səmayə xanımı dəfələrlə görmüş, çıxışlarını dinləmişəm. “Mən səngər ge­neralı yetişdirmişdim... Bayraqları ucal­dan oğulların yeri behişt olsun!..” – deyən ana daim bu fikri bu və ya digər formada təkrarlayır ki, bu gün qalib dövlət və qalib xalqıq. Biz övladlarımızı itirsək də şərəf­li ad qazandıq. Xalqımız, Vətənimiz sağ olsun!” 

Amin deyərək xatırlayırıq ki, Polad Həşimov Tovuz döyüşlərinin 3-cü günü erməni ordusunun hücumu nəticəsində polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov və Namiq Əhmədov, daha bir neçə hərbi qulluqçu və Ağdam kəndinin 76 yaşlı sakini həlak olub. Düşmən isə la­yıqli cavabını və cəzasını alıb. 

Tovuz döyüşləri çağdaş Azərbayca­nın hərb tarixinə zəfər döyüşü kimi daxil oldu. Dünya gördü ki, rəşadətli Ordumuz düşmənin hər cür təxribatlarının və göz­lənilməz hücumlarının qarşısını qətiyyət­lə almaqda çətinlik çəkmir. 100-dən çox hərbçisi və onlarla hərbi obyektləri məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti hətta səngərləri qoyub qaç­dı. Döyüşlər zamanı bir neçə gün ərzində yüzlərlə yaralı və ölü daşıyan ermənilər itkilərdən dəhşətə gəldilər.

Milli Ordumuz daha öncə Zəfərə ge­dən yolu 2016-cı ilin şanlı Aprel döyüşlə­rində, 2018-ci ilin uğurlu Günnüt əməliy­yatında addım-addım qət etmişdi. Tovuz döyüşləri də ölkəmizə qarşı təxribatçı əməllərindən əl çəkməyən Ermənistan ordusunun növbəti mənfur niyyətini öz başında çatladan uğurlu əməliyyatlardan biri kimi tarixə düşdü. Tovuzda hərbi təx­ribat törətdiyi üçün burnu ovulan erməni faşistləri 2 ay sonra – sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsin­də daha böpyük zərbələr alaraq, yer­lə-yeksan edildilər. 

Bəli, Tovuz döyüşləri Azərbaycanda xalq və Prezident, xalq və ordu birliyinin yenidən təcəssümünə çevrildi. Silah­lı Qüvvələrimiz bir daha göstərdilər ki, təcavüzkar Ermənistan ordusu onların gücü qarşısında tamamilə aciz və zəifdir. Beləliklə də Azərbaycanın Vətən mühari­bəsində qazandığı Böyük Zəfərin ilk qığıl­cımlarından olan Tovuz döyüşləri Ermə­nistana tarix boyu davam edəcək böyük məyusluq, məğlubiyyət acısı yaşatdı.

Ə.ƏLİYEV
XQ



Mədəniyyət