Moskva və Pekin alyansın iddialarını qəbul etmədi
İyulun 11-də Vaşinqtonda başa çatan NATO-nun 75-ci sammitində müttəfiqlər dünya nizamının qarşısında duran əsas çağırışlar barədə qərar qəbul ediblər. Yekun bəyannamədə Rusiya blokun təhlükəsizliyinə “ən əhəmiyyətli və birbaşa təhdid”, Çin isə “Ukraynaya qarşı müharibəyə töhfə verən əsas amil” adlandırılıb. Eyni zamanda, tərəfdaşlar “Moskva ilə əlaqə kanallarını saxlamağa” və Pekinlə “konstruktiv qarşılıqlı əlaqəyə” hazır olduqlarını bildiriblər. NATO-nun yekun qərarları Rusiyada və Çində mənfi reaksiyaya səbəb olub.
Yekun bəyannaməyə əsasən, müttəfiqlər NATO-nun 75-ci ildönümü qeyd olunan sammitini uğurlu hesab edirlər. Sənəddə vurğulanır ki, “sülhü qorumaq üçün yaradılmış təşkilat tarixin ən güclü ittifaqı olaraq qalır” və həmçinin “Avropada amansız işğalçılıq müharibəsi qarşısında birlik və həmrəyliyi” qoruyur. Bəyannamədə vurğulanır ki, NATO yalnız müdafiə məqsədləri güdür və “fərdi və kollektiv təhlükəsizlik” məsələlərinin müzakirəsi və tədbirlər görülməsi üçün “unikal, mühüm və əvəzedilməz transatlantik forum olaraq qalır”.
Vurğulanan birliyə baxmayaraq, bu yaxınlarda “sülh missiyası” ilə Kiyev, Moskva və Pekinə səfər edən Macarıstanın Baş naziri Viktor Orbanın fikirləri ümumi birlik barədə deyilənlərə şübhə ilə yanaşmağa vadar edir. Macarıstan lideri belə qənaətə gəlib ki, NATO özünü getdikcə daha çox hərbi təşkilat kimi aparır və bunun bir əlaməti onun Rusiya-Ukrayna münaqişəsində artan roludur. Onun fikrincə, “belə davranış təhlükəli və məsuliyyətsizdir” və alyans üzv ölkələrini qorumaq üçün yaradılıb, halbuki indiki kursu ilkin məqsədlərinə uyğun gəlmir.
Gözlənildiyi kimi, sammitdə əsas müzakirələr Ukrayna ətrafında oldu. Kiyevin NATO gələcəyi və müttəfiqlərin dəstəyi barədə fikir mübadiləsi aparıldı. Alyans üzvləri 2025-ci ildə Kiyevə, ən azı, 40 milyard avro hərbi yardım göstərməyi öhdələrinə götürüblər və bəyannamədə qeyd olunub ki, Ukraynaya “NATO üzvlüyü də daxil olmaqla, tam Avro-Atlantik inteqrasiyaya doğru dönməz yolda” dəstək veriləcək. Bundan başqa, Vaşinqton konqresindən sonra ABŞ-ın rəhbərlik etdiyi Ramşteyn formatında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun funksiyalarının əhəmiyyətli hissəsi alyansa keçəcək. İndi təşkilatın Ukrayna ordusu üçün təchizat və təlimlərin əlaqələndirilməsində rolu artacaq.
Doğrudur, Ukraynanın bütün istəkləri müttəfiqlər tərəfindən təmin edilmədi. Belə ki, Kiyev NATO-ya üzv olmaq barədə dəvət almadı. Bir tərəfdən, bu, proqnozlaşdırılırdı və heç kimi təəccübləndirmədi. Digər tərəfdən, prezident Volodimir Zelenski Vaşinqtona dəvətdə israr etməsə də, Kiyev hələ də onu gözlədiklərini açıq şəkildə bildirirdi. Bəyannamədə qeyd olunub ki, “müttəfiqlər belə bir addımla razılaşdıqda və müvafiq şərtlər yerinə yetirildikdə” Ukrayna NATO-ya dəvət olunacaq. Başqa sözlə, bəyannamədəki ifadələr bu dəfə gücləndirildi, lakin Vaşinqton görüşü nəticəsində Ukraynanın Şimali Atlantik gələcəyilə bağlı güclü zəmanət verilmədi.
Bundan başqa, NATO sammitinin iştirakçıları Rusiyanı “məsuliyyətsiz nüvə ritorikasında” ittiham ediblər və onu “müttəfiqlərin təhlükəsizliyinə ən mühüm və birbaşa təhdid” adlandırıblar. Bundan əlavə, bəyannamədə Çinə qarşı kifayət qədər sərt ifadələr yer aldı: Pekinin siyasəti “sərhədsiz tərəfdaşlıq və Rusiyanın müdafiə sənayesi bazasına geniş miqyaslı dəstək sayəsində Rusiyanın Ukraynaya qarşı müharibəsinə töhfə verən həlledici amil” adlandırılıb. NATO ölkələrinin liderləri Çindən Rusiyanın “hərbi səylərinə hər cür maddi və siyasi dəstəyi dayandırmağa” çağırıblar. Qərb liderləri, həmçinin “Yaxın tarixdə Avropanın ən böyük müharibəsinin” ÇXR-in maraqlarına və nüfuzuna xələl gətirəcəyi barədə xəbərdarlıq ediblər. Çinlə yanaşı, İran və Şimali Koreya da Moskvaya dəstək verməkdə ittiham olundu.
NATO Pekinin genişlənən nüvə arsenalı ilə yanaşı, “Çinin kosmik imkanlarından” da narahatdır. Alyans vurğulayıb ki, hazırda Hind–Sakit Okean regionu üçün xarakterik olan tendensiyalar Avro-Atlantik təhlükəsizliyə təsir göstərir və buna görə də hərbi blok bu yarımkürədə yerləşən ölkələrlə və ilk növbədə, Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya ilə tərəfdaşlıq əlaqələri inkişaf etdirmək niyyətindədir. Eyni zamanda, alyans qeyd edib ki, onlar Rusiya və Çinlə müxtəlif dərəcədə dialoqa açıq qalırlar. Müttəfiqlər Rusiya ilə “qarşıdurma axtarmadıqlarını və təhlükə yaratmadıqlarını” və həmçinin “riski azaltmaq və gərginliyin qarşısını almaq üçün Moskva ilə əlaqə kanallarını saxlamağa hazır olduqlarını” bildiriblər. Tərəfdaşlar “strateji risklərin azaldılması və şəffaflıq yolu ilə sabitliyin təşviqi” məsələlərini müzakirə etməyə çağırıblar və “ÇXR ilə konstruktiv qarşılıqlı fəaliyyətə hələ də açıq olduqlarını” vurğulayıblar.
NATO-nun yekun bəyannaməsində qeyd olunanlar Moskvada yaxşı qarşılanmadı. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, “Şimali Atlantika Alyansı bir daha öz mahiyyətini çox aydın şəkildə təsdiqləyib” və “qarşıdurmanı saxlamaq” məqsədi daşıyır. Cənab Peskov bildirib ki, Rusiya “qəbul edilmiş qərarları və aparılan müzakirələri çox dərindən öyrənəcək və bəyannamənin mətnini çox diqqətlə təhlil edəcək”, çünki söhbət Rusiyanın “milli təhlükəsizliyinə çox ciddi təhdid”dən gedir.
Pekin də Vaşinqtondan gələn xəbərdən narazı qalıb. Çinin Avropa İttifaqı yanındakı nümayəndəliyi bəyanat yayıb ki, burada “Çinlə bağlı məqamlar” “təxribat xarakterli, aşkar yalan və böhtanlar ehtiva edir”. Çin Rusiyanın tərəfində “oynamaq” ittihamlarını rədd edərək, “münaqişədə heç bir tərəfə öldürücü silah vermədiyini və ikili təyinatlı mallara ciddi ixrac nəzarətini saxladığını” vurğulayıb. “Ukrayna böhranı uzun müddətdir ki, davam edir. Bəs odun üstünə kim yağ tökür? Alovu kim yandırır? Və kim eqoist mənfəət axtarır? Cavab hər kəsə bəllidir”, – diplomatik nümayəndəlik “günahkarın” adını dəqiqləşdirmədən bildirib.
NATO-nun Hind–Sakit okean regionunda güclənməsi də Çinin xoşuna gəlməyib. Pekin NATO-ya “Şimali Atlantika regionunda regional müdafiə təşkilatı rolunda qalmağı” tövsiyə edib. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Jian NATO-nu “Çinin daxili işlərinə qarışmağı və onu ləkələməyi dayandırmağa, Asiya–Sakit okean regionunda xaos yaratmamağa” çağırıb.
S.ELAY
XQ