Çində özəl “hipersəs sıçrayışı”

post-img

Pekinin özəl aerokosmik şirkəti “Beijing Lingkong Tianxing Technology” özünün hipersəs raketi modelinin seriyalı istehsalına başladığını elan edib. Bu addım Çin müdafiə sənayesi üçün mühüm dönüş nöqtəsi sayılır: ölkədə ilk dəfə olaraq özəl sektor operativ-taktiki sinif silah hazırlayır və şirkətin iddiasına görə, yeni sistem dövlət müdafiə müəssisələrinin analoji məhsulla­rından bir neçə dəfə daha ucuz başa gəlir. Bu təcrübə müdafiə sahəsində özəl texnologiya şirkətlərinin rolunun müzakirə edildiyi ölkələr üçün də dəyərli nümunə ola bilər.

Şirkətin məlumatına görə, YKJ-1000 indeksli raket 500–1300 kilometr mə­safəni qət edə bilir və idarə olunan uçuş zamanı 5–7 Max sürəti bir neçə dəqiqə ərzində qoruyub saxlaya bilən hipersəs planlayıcı döyüş blokuna malikdir. Bu­raxılış qurğusunun standart nəqliyyat konteynerinə bənzər şəkildə hazırlan­ması onun gizli daşınmasını və müxtəlif ərazilərdə tez yerləşdirilməsini mümkün edir. Yayımlanan görüntülərdə planlayıcı blokun avtonom hədəflənmə və manevr imkanları nümayiş etdirilir.

Çin ordusunun arsenalında artıq hi­persəs və yüksək sürətli zərbə vasitələri­nin geniş xətti mövcuddur. Bu sinfin ən tanınmış nümunəsi 2019-cu ildə təqdim olunan DF-17 kompleksi və onun DF-ZF planlayıcı blokudur. Açıq mənbələrə əsasən, DF-17-nin uçuş məsafəsi 1800 kilometrdən çoxdur və blok uzunmüd­dətli hipersəs manevr uçuşu həyata ke­çirə bilir. Bundan əlavə, 2025-ci ilin sentyabrında keçirilən hərbi paradda DF-26 ortamənzilli raketin manevr edən və ya hipersəs modifikasiyası kimi təqdim olunan DF-26D versiyası nümayiş olu­nub. Bu sıraya, həmçinin təxminən 6–10 Max sürətə və 1500 kilometrə qədər uçuş məsafəsinə malik olduğu bildirilən YJ-21 gəmi əleyhinə raket də daxildir. Belə geniş fon şəraitində özəl şirkətin yeni raketi əvvəllər tamamilə dövlət korpo­rasiyalarının nəzarətində olan bir sahəyə qeyri-dövlət sektorunun daxilolma cəhdi kimi qiymətləndirilir.

Şirkət bildirir ki, maya dəyərinin kəskin azalmasına “mülki elektron komponentlərdən və geniş əlçatan ma­teriallardan istifadə” imkan yaradıb. Çin müdafiə-sənaye kompleksi üçün bu, əlamətdar mərhələdir: əvvəllər əsas raket sistemlərini yalnız dövlət müəs­sisələri hazırlayırdısa, indi özəl şirkət­lər də ənənəvi olaraq iri dövlət struk­turlarına aid edilən seqmentə daxil olmağa başlayır. Bununla belə, bəzi id­dialar əlavə dəqiqləşməyə ehtiyac duyur. Məsələn, şirkətin göstərdiyi “10 dəfə ucuz” qiymət konkret raket modelləri ilə müqayisə edilməyib. Həmçinin dövlətin tammiqyaslı sınaqların başlanmasına dair qərar verib-vermədiyi, yoxsa bunun daha çox hərbi qurumların və investor­ların diqqətini çəkməyə yönəlmiş nüma­yiş xarakteri daşıdığı da hələlik məlum deyil.

Səbuhi MƏMMƏDOV
XQ

Dünya