İttihamlara hüquqi aydınlıq gətirilir

post-img

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunla­rını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələş­dirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətən­daşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsin­də olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 27-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakim Zey­nal Ağayevin sədrliyi ilə keçirilən məh­kəmə iclasında təqsirləndirilən şəxslərin müdafiəçilərinin çıxışı başlayıb.

Təqsirləndirilən Qurgen Stepanyanın müdafiəçisi Zümrüd Səmədova çıxışının əvvəlində xatırladıb ki, dövlət ittihamını müdafiə edən prokuror Q.Stepanyanın 16 il müddətinə azadlıqdan məhrum etmə cə­zasına məhkum edilməsini məhkəmədən xahiş edib. Müdafiəçi bildirib ki, təqsirlən­dirilən şəxs özünü elan edilmiş ittihamlarda təqsirli bilmir. Onun sözlərinə görə, Q.Ste­panyan məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi kimi, 2005-2007-ci illərdə Hadrut qəsəbəsində müddətli həqiqi hərbi qulluqçu kimi xidmət edib, 2023-cü ildə isə döyüş postuna aparılıb.

Vəkil deyib ki, 2023-cü il sentyabrın 19-da o, mövqeyini tərk edərək Xankəndi şəhərinə qaçıb və yolda Azərbaycan Res­publikası Silahlı Qüvvələrinin hərbi qul­luqçuları ilə rastlaşaraq onlara təslim olub.

“Müdafiə tərəfi olaraq hesab edirəm ki, Azərbaycan Respublikası Cinayət Pro­sessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmə­diyi əsası ilə ona bəraət verilməlidir. Odur ki, məhkəmədən həmin maddəni əsas gö­türməklə təqsirləndirilən şəxsə bəraət ve­rilməsini xahiş edirəm”, - deyə vəkil əlavə edib.

Q.Stepanyanın digər vəkili Rafiq Kə­rimov da hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini məhkəmədən xahiş edib.

Təqsirləndirilən Vasili Beqlaryanın müdafiəçisi Əzizağa Qafarov çıxışında qeyd edib ki, hüquqlarını qoruduğu şəxs qeyd edilən cinayət hadisələrinin törədil­məsində təqsirli deyil. Vəkil söyləyib ki, V.Beqlaryan 2012-2013-cü illərdə Ağdərə ərazisində müddətli həqiqi hərbi qulluqçu - əsgər kimi xidmət keçib. Onun sözlərinə görə, V.Beqlaryan 2022-ci ildə Xankəndi şəhərində yerləşən hərbi birləşmədə müd­dətdən artıq hərbi qulluqçu, əsgər kimi 3 illik müqavilə imzalayıb və bir neçə dəfə Çərəkdar kəndi istiqamətində yerləşən dö­yüş mövqeyinə göndərilərək orada silahlı növbətçilik çəkib.

Həmin dövrdə onun xidmət keçməsi könüllü xarakter daşısa da, bu, onun iş tapa bilməməsi, müqavilə əsasında əməkhaqqı alması məqsədilə edilib. Müdafiəçi deyib ki, qeyd edilən dəlil təqsirləndirilən şəxsin ifadəsi ilə də sübuta yetirilir.

O qeyd edib ki, V.Beqlaryan tutulduğu vaxtdan, yəni 2023-cü il sentyabrın 26-dan indiyədək, elan olunmuş ittihamlarla bağlı özünü təqsirli bilməyib.

Müdafiəçi V.Beqlaryan barəsində bə­raət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən Arkadi Qukasyanın müdafiəçisi Pərvanə Qasımova çıxışında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs cinayətkar birliyin üzvü olmayıb. O, itti­ham tərəfinin sübutlarını qəbul etmədiklə­rini söyləyərək, A.Qukasyan barəsində bə­raət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

A.Qukasyanın digər vəkili Nailə Tağı­yeva da müdafiə etdiyi şəxs barəsində bə­raət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs David Manukya­nın müdafiəçisi Valeh Qurbanov deyib ki, hüquqlarını qoruduğu şəxs özünü təqsirli bilmir, eləcə də özünü heç bir cinayətkar birliyin üzvü hesab etmir. Vəkil daha son­ra söyləyib: “David Manukyan heç bir qa­nunsuz silahlı dəstənin yaradıcısı və üzvü olmayıb. O, hərbçi olub, hərbi təlimat əsa­sında fəaliyyət göstərib”.

Müdafiəçi bildirib ki, baş verənlərdə əsas təqsirkar Ermənistanın siyasi-hərbi rəhbərliyidir. O, D.Manukyanın mövqeyini müdafiə etdiyini bildirərək barəsində bə­raət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən David Babayanın və­kili Çingiz Mansurov hüquqlarını müdafiə etdiyi şəxsin 2023-cü ilin sentyabr ayında Azərbaycan hərbçilərinə könüllü şəkildə təslim olduğunu söyləyib. Müdafiəçi deyib ki, D.Babayan özünü elan olunmuş itti­hamlarda təqsirli bilmir. O, təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarıl­masını məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs Madat Babayanın müdafiəçisi Leyla Namazzadə çıxışında de­yib ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığın­da Azərbaycan helikopterinin vurulması nəticəsində ölkəmizin dövlət xadimlərinin həyatına sui-qəsd etmə epizodu üzrə M.Ba­bayana bəraət verilməlidir. O bildirib ki, M.Babayan həmin dövrdə Ağdərə və Tərtər istiqamətində postlarda xidmət edib və odlu silahdan canlı hədəflərə qarşı heç bir atəş açmayıb, yalnız açıq havaya atəşlər açıb.

Vəkil daha sonra deyib: “Hüquqlarını müdafiə etdiyim şəxs Xocalı hadisələrində iştirak etsə də, heç kimi öldürməyib, mülki şəxslərə atəş açmayıb, o, sıravi əsgər kimi xidmət edib. Madat Babayan 1991-1994-cü illərdə Azərbaycan xalqına qarşı etnik tə­mizlənmədə, o cümlədən Xocalı hadisələ­rində verilən işgəncələrə yalnız şahidlik etdiyindən səmimi peşmandır. Buna görə Azərbaycan xalqından və Azərbaycan Res­publikasının Prezidentindən üzr istəyir”.

Müdafiəçi təqsirləndirilən şəxsin itti­ham olunduğu epizodlar üzrə bəraət hök­münün çıxarılmasını məhkəmədən xahiş edib.

M.Babayanın digər müdafiəçisi Elnur Vəliyev də özündən əvvəl çıxış etmiş mü­dafiəçinin çıxışında göstərdiyi xüsusatlarla razılaşdığını bildirib.

Məhkəmə prosesi dekabrın 4-də davam etdiriləcək.

XQ



Son xəbərlər