22 iyun 2026-cı il tarixində Biləsuvar şəhərində "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirə keçirilir.
XQ müşavirədə çıxış edən Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun nitqini təqdim edir:
"2015-2025-ci illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi və şəxsi nəzarəti ilə ölkədə aqrar sahənin inkişafı ilə bağlı inqilabi islahatlar həyata keçirilmişdir.
Bu dövr ərzində üzümçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq, fındıqçılıq, tütünçülük, baramaçılıq və pambıqçılığın inkişafına dair dövlət proqramları qəbul edilmişdir.
Aqrar sahəyə dövlət dəstəyi artırılmış, görülən tədbirlər nəticəsində pambıqçılıq, tütünçülük, üzümçülük və şərabçılıq kimi ənənəvi sahələrdə istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artmış, bir sıra əsas məhsullar üzrə özünütəminetmə səviyyəsi yaxşılaşmış, meyvə-tərəvəz və yumurta üzrə tam özünütəminetmə səviyyəsinə nail olunmuşdur.
Ət, süd, balıq və kartof məhsulları üzrə də özünütəminetmə səviyyəsində müsbət dinamika müşahidə olunmuşdur.
Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün bir çox iri layihələr icra edilmiş, müasir suvarma sistemlərinin tətbiqi genişləndirilmiş, böyük su anbarları inşa edilmiş, suvarma kanalları yenidən qurulmuş və bu proses hazırda da davam etdirilir.
Kənd təsərrüfatı sahəsinin texnika ilə təminatı istiqamətində çox böyük işlər görülmüş, texnika parkı demək olar ki, tam yenilənmişdir.
Ölkəmizdə həyata keçirilən bu islahatlar əkin dövriyyəsinə əlavə torpaq sahələrinin qatılmasını da zəruri etmişdir. Ölkə Prezidentinin tapşırıqlarına əsasən ayrı-ayrı şəxslər tərəfindən mülkiyyətə alınmış və ya uzunmüddətli icarəyə götürülməklə əkin dövriyyəsindən çıxarılmış və tamamilə istifadə olunmayan əlavə 169,1 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır.
Cənab Prezidentin tapşırıqlarına əsasən 32 rayonda 52 aqropark yaradılmışdır.
Aqroparkların yaradılması sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, o cümlədən bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığın aradan qaldırılmasında və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb etmişdir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına birbaşa subsidiyaların verilməsi aqrar sahənin hərtərəfli inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas dövlət dəstəyi mexanizmi kimi qəbul olunmuşdur.
Tətbiq olunan yeni subsidiya mexanizmləri regional ixtisaslaşmanı, innovativ texnologiyaların tətbiqini, torpaq və su resurslarından səmərəli istifadəni, bütövlükdə isə dayanıqlı inkişafı təşviq edir.
Hörmətli müşavirə iştirakçıları,
Göründüyü kimi keyfiyyətcə yeni mərhələyə keçidin vacibliyi, müasir dövrün tələblərinə cavab verən, yüksək məhsuldarlığa malik ixracyönümlü istehsala istiqamətlənmiş yeni Dövlət Proqramının qəbul edilməsini şərtləndirmişdir.
Qeyd etməliyik ki, aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərə baxmayaraq, cənab Prezident müşavirədə son bir neçə il ərzində ölkəmizdə aqrar sahədə müşahidə edilən durğunluğu qeyd etmiş və kənd təsərrüfatı məhsullarının istehsalında mövcud dinamikanın onu qane etmədiyini açıq söyləmişdir.
Ölkə başçısının Prezident Administrasiyasına və Nazirlər Kabinetinə verdiyi tapşırıqlar əsasında kənd təsərrüfatının inkişafına dair yeni hərtərəfli və əhatəli bir Dövlət Proqramı hazırlanmışdır.
Bu proqram qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir və aqrar sahədə məhsul istehsalının artırılması, resurslardan səmərəli istifadə, emal və ixrac imkanlarının genişləndirilməsi, dəyər zəncirlərinin, həmçinin balıqçılıq və akvakultura sahələrinin inkişafının yeni mərhələyə keçirilməsi baxımından mühüm yol xəritəsi kimi çıxış edir.
Əsas hədəf, sadəcə istehsal həcmini artırmaq deyil, hər hektardan daha yüksək və keyfiyyətli məhsul əldə etmək, yəni aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır.
Dövlət Proqramı, 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində dayanıqlı inkişafın təmin edilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, daxili istehsal potensialının, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur.
Heç şübhə yoxdur ki, aparılacaq müzakirələr Dövlət Proqramının icra mexanizmlərinin dəqiqləşdirilməsinə və qarşıdakı illərdə aqrar sahədə daha güclü nəticələrin əldə olunmasına töhfə verəcəkdir.
Bu gün biz “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı qarşıda duran vəzifələri və atılacaq addımları müzakirə etdik.
Gördüyünüz kimi, Dövlət Proqramında konkret hədəflər müəyyən edilmişdir. Müasir suvarma sistemləri tətbiq olunan sahələrin genişləndirilməsi, ixtisaslaşmış rayonlarda buğda və pambıq üzrə məhsuldarlığın yüksəldilməsi, intensiv meyvə bağlarının və istixana komplekslərinin artırılması, soyuducu anbar və taxıl siloları üzrə imkanların genişləndirilməsi, heyvandarlıqda cins tərkibin yaxşılaşdırılması, quş əti, süd, mal əti, qoyun əti və yumurta istehsalının artırılması, akvakultura istehsalının yüksəldilməsi əsas istiqamətlər sırasındadır.
Bu hədəflər bir daha göstərir ki, Dövlət Proqramı yüksək məhsuldarlığa, səmərəliliyə və əlavə dəyərə hesablanan inkişafa hədəflənmişdir.
Su və torpaq resurslarından səmərəli istifadə, Dövlət Proqramının əsas prioritetlərindəndir. Müasir suvarma sistemlərinin tətbiqi, təsərrüfatdaxili suvarma şəbəkələrinin yaxşılaşdırılması, mövcud kanalların təmizlənməsi, habelə fermerlərin maarifləndirilməsi xüsusi diqqət tələb edir.
Aqrar sahədə məhsuldarlığın artırılması, suvarma və enerji təminatının yaxşılaşdırılması, müasir texnologiyaların tətbiqi və aqrotexniki tədbirlərin vaxtında icrası yalnız bütün icraçı qurumların birgə fəaliyyəti nəticəsində mümkün ola bilər.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektordan isə təqribən 3 milyard manatdan çox vəsaitin cəlb edilməsi nəzərdə tutulur.
Qəbul edilmiş Dövlət Proqramının dörd il yarım ərzində həyata keçirilməli olduğunu nəzərə almaqla cənab Prezident tərəfindən bu Proqramın icrasına dərhal başlanılması tapşırığını rəhbər tutaraq qarşımızda qoyulmuş vəzifələrin icrasına vaxt itirmədən başlamalıyıq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşımıza qoyulmuş vəzifələrin icrasına bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əlaqələndirilmiş fəaliyyətinin təmin olunması və özəl sektorun investisiya, habelə idarəetmə imkanlarının səfərbər edilməsi nəticəsində tam nail ola bilərik.
Diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün burada Sizin tərəfinizdən səsləndirilmiş və ya yazılı qaydada təqdim olunmuş bütün rəy və təkliflər ümumiləşdiriləcək və Dövlət Proqramının icrası zamanı nəzərə alınacaqdır."
Nurlan ABDALOV
XQ

