Çin 50-dən çox ABŞ şirkətinə qarşı sanksiya tətbiq edib

post-img

Çin Xalq Respublikasının (ÇXR) Ticarət Nazirliyi bazar ertəsi günü ABŞ-ın on şirkətinin ixrac nəzarəti siyahısına daxil edildiyini elan edib. Eyni zamanda, ölkənin Maliyyə Nazirliyi Amerikanın 46 şirkətini dövlət satınalmalarında iştirakdan kənarlaşdırıb.

Ticarət Nazirliyinin saytında yerləşdirilən məlumatda bu qərar milli təhlükəsizliyin və maraqların qorunması, eləcə də beynəlxalq öhdəliklərin yerinə yetirilməsi zərurəti ilə əsaslandırılır. Sanksiya tətbiq edilən şirkətlərin siyahısına bunlar daxildir: Aveox, Red Cat Holdings, Teal Drones, IMSAR, Jaia Robotics, Ball Aerospace & Technologies Corp., Oshkosh Defense, L3Harris Maritime Services, MP Materials Corp., USA Rare Earth. Çinli ixracatçılar bundan sonra həmin şirkətlərə ikili təyinatlı mallar tədarük edə bilməyəcəklər. İstisna hallar yalnız nazirliyin xüsusi icazəsi ilə mümkün ola bilər.

"AFP" agentliyinin məlumatına görə, Çin Maliyyə Nazirliyi dövlət qurumlarına Lockheed Martin, Raytheon və Boeing şirkətinin hərbi sənaye bölməsi də daxil olmaqla, Amerikanın 46 şirkətindən məhsul satın almağı qadağan edib. Nazirliyin bəyanatında qeyd olunur ki, Çində fəaliyyət göstərən ABŞ investisiyalı şirkətlər də təchizatçılar siyahısından çıxarılıb.

S.ELAY

XQ

Dünya