Tahir Abdullayev: "UFC Bakı turnirində çıxış etmək mənim üçün qürur mənbəyidir"

post-img

Azərbaycanlı idmançı Tahir Abdullayev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində rəqibinin üzərindən tank kimi keçməyə hazır olduğunu bildirib.

XQ xəbər verir ki, idmançı bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətinə açıqlama verib.

T.Abdullayev Milli Gimnastika Arenasında qarşılaşacağı braziliyalı Ceferson Nasimento ilə duel haqqında danışıb:

"Rəqibimin kim olmasının mənim üçün böyük əhəmiyyəti yoxdur. O, braziliyalıdır, Braziliya ciu-citsu döyüş məktəbindən gəlir. Amma ona demək istəyirəm ki, hazır olsun. Onun güclü tərəflərini bilirəm, hörmətlə yanaşıram. Mən oktaqona yalnız qələbə qazanmaq üçün çıxıram və öz gücümü göstərməyə hazıram. Mənim ləqəbim "Tank"dır. Rəqibimin üzərindən tank kimi keçməyə hazıram".

Döyüşçünün sözlərinə görə, UFC-də döyüşmək onun üçün böyük şans və uzun illərin əməyinin nəticəsidir:

"15 yaşımdan idmanla məşğulam, 18 yaşımdan isə peşəkar döyüşlərə çıxıram. UFC-yə düşmək həmişə ən böyük məqsədlərimdən biri olub və bu gün artıq dünyanın ən güclü təşkilatında çıxış etmək imkanı qazanmışam. ABŞ-də təlim-məşq toplanışında olanda UFC ilə müqavilə bağlamağa hazırlaşırdım. Əvvəlcə başqa rəqiblə döyüşməli idim, lakin sonradan planlar dəyişdi və mənə Bakıda keçiriləcək turnirdə iştirak etmək təklif olundu. Döyüş təklifi gələndə çox düşünmədən qəbul etdim. Bakıda, doğma azarkeşlər qarşısında UFC-də döyüşmək mənim üçün qürur mənbəyidir. Bu, uzun illər arzuladığım bir məqamdır. Doğma publikanın dəstəyi mənə əlavə motivasiya verir. Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm".

O, hazırda bütün diqqətini qarşıdakı döyüşə yönəltdiyini vurğulayıb:

"Məqsədim UFC-də uğurlu çıxış etmək, qələbələr qazanmaq və gələcəkdə daha böyük hədəflər uğrunda mübarizə aparmaqdır. Bütün azarkeşlərə dəstəklərinə görə təşəkkür edirəm. Mən döyüşə çıxanda dayanmadan dəstəkləyin. İyunun 27-də Milli Gimnastika Arenasında görüşərik. Sizin dəstəyinizlə birlikdə möhtəşəm döyüş gecəsi yaşayacağımıza inanıram".

Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.



İdman