Çar Rusiyasının məqsədi Azərbaycanda xristian əhalini çoxaltmaq idi
Avropa memarlığı nümunələri ilə zəngin olan Bakıda nadir arxitekturası ilə fərqlənən bir bina da diqqəti çəkir. Bu bina 28 May küçəsində yerləşən lüteran kilsəsidir. Tarixi araşdırmalar təsdiqləyir ki, XIX əsrin ortalarından Bakıya xeyli avropalı gəlib. Neft bumu o dövrdə şəhərdə məskunlaşan alman və isveç əsilli insanların da sayını artırıb. Beləliklə, onlar müsəlman şəhərində dini ibadət üçün kilsə tikmək qərarına gəliblər. Tarix boyu tolerantlığı ilə nümunə olan xalqımız bu ideyanın həyata keçirilməsində də onlara dəstək verib. “Alman kirxası” adlanan kilsənin tarixi ilə maraqlananda məlum oldu ki, bina 1896–1899-cu illərdə inşa edilib.
XIX əsrdə almanlar təkcə Bakıya deyil, Zaqafqaziyanın müxtəlif bölgələrinə köçüblər. Azərbaycanda almanların məskunlaşması ilə bağlı suallara cavab tapmaq üçün tarixçi Əmirxan Burzuyevlə görüşüb söhbət etdik.
–Almanların Zaqafqaziyaya köçü nə məqsəd daşıyıb və nə vaxtdan başlayıb?
– Almanlar Rusiya–İran müharibəsinin bitməsindən və 1813-cü ildə Rusiya ilə İran arasında Gülüstan müqaviləsinin bağlanmasından sonra Zaqafqaziyada məskunlaşmağa başlayıblar. Rusiyanın bir məqsədi almanların köməyi ilə işğal etdiyi türk ölkəsində kənd təsərrüfatının müxtəlif sahələrini və kustar sənayeni inkişaf etdirmək idisə, əsas niyyəti, əsasən, müsəlmanlar yaşayan Azərbaycanda xristian elementini gücləndirilməklə bağlı idi. Bu səbəbdən də çar Rusiyası Zaqafqaziyaya alman kolonistlərinin köçürülməsinə ciddi diqqət yetirirdi.
Zaqafqaziyaya köçürülmə prosesi 1817–1818-ci illərdə başladı. Onların Qafqaza köç etməsinin ideoloji ilhamçısı Qafqaz ordusunun baş komandanı, general A.P.Yermolov idi. Çar I Aleksandrın özü də bu məsələ ilə maraqlanır və məşğul olurdu. Bunu sübut edən kifayət qədər faktlar da var. Məsələn, almanların Zaqafqaziyaya köçündən bir neçə il əvvəl – 4 iyun 1815-ci ildə Vyana Konqresi zamanı imperator Rusiya ordusunun əsas qərargahının yerləşdiyi Ştutqart şəhərinə gedərkən yolüstü Helbronda Alman dini separatçılarının nümayəndələri ilə görüşüb. Almanlar ondan Qafqaza köçmək üçün icazə verilməsi xahişini ediblər. Bundan sonra imperator kolonistlərin Qafqaz bölgəsində məskunlaşmasına razılıq və dövlət xəzinəsindən 100 min rubl ayırmaq əmri verib.
– Bəs, almanların Qafqaza köçmək istəyi nə ilə bağlı idi?
– Bunun bir neçə səbəbi var idi. Əvvəla, parçalanmış Almaniyada dini motivlər çətin şərait yaratmışdı. Dini separatizm qarşıdurmalar yaradırdı. Pietizm təliminə görə həqiqi dini hisslər və mənəvi aləmdə Allahı yaşatmaq hər hansı bir kilsə doqmalarından yüksək sayılırdı. Rəsmi lüteran kilsəsini qəbul etməyənlər başqa torpaqlara köçə üstünlük verirdilər. İkincisi isə XVIII əsrin sonları və XIX əsrin əvvəllərindəki müharibələr alman xalqını yormuş və ciddi sosial problemlər qarşısında qoymuşdu. Bu səbəbdən də onlar başqa ərazilərə köç edirdilər.
– Azərbaycanda ilk alman koloniyası nə vaxt yaranıb?
– Zaqafqaziyaya gələn ilk alman kolonistlər Tiflis bölgəsində məskunlaşıblar. Amma sonradan əlverişli yerlər qalmadığına görə, onların Yelizavetpol quberniyasına yerləşdirilməsinə və yararlı torpaqlar ayırılmasına qərar verilib. Ancaq sonra gələn kolonistlər bununla razılaşmayıblar. Kazak dəstələri almanları zorla Tiflisdən qovaraq onları Yelizavetpola getməyə məcbur edib. 1819-cu ilin yazında 118 alman ailəsi Gəncəçayın sol sahilinə köçürülüb. Onlar Yelizavetpoldan 7 mil məsafədə böyük knyagina Yelena Pavlovanın şərəfinə Yelenendorf adlı bir koloniya qurublar. Bu, Azərbaycanda ilk alman koloniyası idi. İkinci koloniya isə 1820-ci ildə salındı və böyük knyaginya Anna Pavlovanın şərəfinə Annenfeld adlanıb. Bu yaşayış məntəqəsini 67 alman ailəsi salıb.
Vürttemberq və digər regionlardan almanlarının köçürülməsi prosesi sonrakı illərdə də davam etdirilib. 1842-ci ildə Tavriya (Krım) əyalətindən gələn 70 kolonist Xəzər bölgəsində yerləşmək istəyiblər. Onlar Şamaxıdan 7 mil məsafədə, Pirsaat çayı boyunca yerləşən dövlət torpaqlarında məskunlaşıblar. Burada alman kolonistlərinin sayı 92 nəfərə çatıb. Ancaq əlverişsiz iqlim şərtləri onların sağlamlığına mənfi təsir edib. Buna görə də tezliklə almanlar geri dönmək məcburiyyətində qalıblar.
Alman mühacirləri ilə yanaşı, Rusiya hakimiyyəti Qafqazda İsveçrədən gələn missionerlərin məskunlaşmasına da icazə verib. Onlar da alman idilər və 1821-ci ildə Şuşada və Qarabağ vilayətində yerləşiblər.
– Bu köçürülmələrlə Rusiya qarşıya qoyulan məqsədlərə çatdımı?
– Rusiya hakimiyyəti qısa müddət ərzində müxtəlif sahələrdə: konfessiyonal, mədəni, sosial, ticarət və sənaye sahələrində kolonistlərdən çox böyük nəticələr gözləyirdi. Bu səbəbdən də Rusiya kolonistlərə hərtərəfli yardım göstərirdi. Bəli, hakimiyyət yardımlarda xəsislik etmirdi. Vürttemberq krallığından köçənlərin yerləşməsinə xəzinə 697 min 428 gümüş rubl xərcləmişdi, 1823-cü ilə qədər almanlara ödənişlərin miqdarı gümüş pulla 1 milyon 65 min 642 rubla çatmışdı. Bundan başqa, kolonistlərə 1823-cü ildən başlayaraq, 20 il müddətinə geri ödəmə öhdəliyi ilə kredit verilirdi. Artıq 1837-ci ilə qədər almanların Rusiya dövlətinə 206 min 130 rubl kredit borcu yaranmışdı. Bu borcun ödənilməsinə yalnız 1852-ci ildə başlanıldı. Əslində, alınan kolonistlər kreditin üçdə bir hissəsindən az hissəsini ödədilər.
Almanların fəaliyyətsizliyi Rusiya rəhbərliyini ciddi düşündürdü. Onlar növbəti 13 il ərzində nəinki tək bir koloniya yaratmadılar, hətta başqa dinə qulluq edən bir nəfəri belə xristiana çevirə bilmədilər. Çarizmin məqsədlərdən biri də qeyri-xristianların xristianlaşdırılması idi. Yəni bu məqsədə nail olunmadı. Bir nəfər belə azərbaycanlı xristianlaşmadı. Amma iqtisadi sahədə müəyyən uğurlar oldu.
– Almanlar Azərbaycan iqtisadiyyatına nə verdilər?
– 1870-ci illərə qədər alman kolonistlərinin bir çox problemləri aradan qaldırıldı. 50 il ərzində Zaqafqaziyada yaşayan kolonistlərin sayı iki dəfədən çox artdı. Bu, torpaq çatışmazlığına səbəb oldu. Problem isə yerli əhalinin torpaqları hesabına həll edildi. Beləliklə, 15 may 1866-cı ildə əvvəllər azərbaycanlılara məxsus olmuş 1700 hektar torpaq Yelenendorf sakinlərinə verildi.
Kolonistlərin əsas məşğuliyyəti üzümçülük idi. Onların ilk üzüm bağları XIX əsrin əvvəllərində salınmışdı. Bu sahədə üstünlük Yelenendorf kolonistlərinə aid idi. Gəncə çayının dərin dərəsinin yamaclarında və qonşu dağlıq ərazilərdə əkilmiş yerli üzüm sortları becərilirdi. XIX əsrin ikinci yarısında bu koloniyanın üzüm bağları geniş əraziləri – təxminən, 300 hektar sahəni əhatə edirdi. Üzümçülüyün inkişafı isə Yelenendorfda şərab sənayesinin yaranmasına kömək etdi. 1860-cı il Azərbaycanda şərabçılığın yaradılması üçün başlanğıc nöqtəsi oldu. Şərab sənayesinə Yelenendorfdan olan alman sahibkarlar H.Forer və I.Hümmel rəhbərlik edirdilər.
Alman kolonistlərin təsərrüfat fəaliyyətində önəmli yer tutan sahələrdən biri də ipəkçilik idi. Kolonistlərin köməyi ilə imperiyanın ucqarlarında iqtisadiyyatın müxtəlif sahələrini inkişaf etdirmək istəyən Rusiya hökuməti diqqəti ipəkçiliyə və tütünçülüyə yönəltməyə çalışıb. 1841-ci ildə Qafqaz administrasiyası ipəkçiliyin sirrini öyrənmək üçün 5 alman gənci Şəki şəhərinə göndərib. Onlar burada böyük təcrübə keçiblər və bu sahənin mütəxəssisləri kimi Yelenendorfa qayıdıblar. Artıq 1845-ci ildə burada 14 min tut ağacına sahib olan 40 qeydiyyatdan keçmiş ipəkqurdu evi fəaliyyət göstərirdi. Alman kolonistləri bu uğurları ilə kifayətlənməyiblər. 1860-cı illərdən sonra onlar mineral suyun sənaye istehsalını da təşkil ediblər.
Alman kolonistlər yarana biləcək ərzaq qıtlığına da hazırlaşıblar. 1849-cu ildən Cənubi Qafqazın Alman koloniyalarında ehtiyat çörək sexləri yaradılıb. Bu sexlər quraqlıq və məhsuldarlığın az olduğu dövrlərdə kolonistlərin ehtiyaclarını ödəyib. 1851-ci ilin yanvarından isə kolonistlərin kapitalının formalaşması prosesi başlayıb.
1863-cü ildə Siemens qardaşları ilk dəfə Gədəbəyin mis yataqlarına sərmayə qoyaraq Azərbaycanda fəaliyyətə başlayıb. Şirkət 20-ci əsrin əvvəllərinə kimi bütün Qafqazdan əldə edilən misin 2/3 hissəsini burdan çıxarıb.
Qeyd edim ki, 1879-cu ildə alman əslli Nobel qardaşları Azərbaycanın neft sektoruna girmiş, “Nafta (neft) İstehsalı Birliyi” təsis ediblər. Bu dövrdə Almaniya neft ehtiyacının 20 faizini Azərbaycanın hesabına ödəyib.
***
Müsahibimizin dediklərinə əlavə olaraq oxucuların nəzərinə çatdıraq ki, 1888-ci ildə Yelenendorf koloniyasından 80 ailə Georq-sfeld qəsəbəsinin əsasını qoyublar. Bu məntəqə Şəmkir rayonunun ərazisindəki indiki Çinarlı qəsəbəsidir. 1904-cü ildə Yelenendorf koloniyasından gələn almanlar Alekseyevkanın əsasını qoyublar. Bu kənd Ağstafa rayonu ərazisində yerləşir.
Eyqenfeld yaşayış məntəqəsinin əsası isə 1906-cı ildə qoyulub. Mənası "Palıd vadisi"dir. Hazırda Şəmkir rayonun ərazısində yerləşir və İrmaşlı adlanır. Alman kolonistləri 1912-ci ildə isə Traubenfeld (üzüm sahəsi) qəsəbəsinin əsasını qoyublar (Tovuz). Qrinfeld (Qryunfeld) qəsəbəsini isə almanlar 1906-cı ildə salıblar. 1941-ci ildə almanlar sürgün edildikdən sonra yaşayış məntəqəsi Kalininkənd adlanıb. Bu məntəqə Ağstafa rayonundakı Vurğun kəndidir.
Pünhan ƏFƏNDİYEV
XQ