Makronun olimpiya “marafonu”

post-img

Daxildə və xaricdə uğursuzluq zolağından çıxa bilməyən Emmanuel Makron, deyəsən, başına gələnlərdən nəticə çıxarmaq əvəzinə, daha da azğınlaşmaq, “təqsirkarlardan” qisas almaq yolunu tutub. Yeni müstəmləkələr ələ keçirmək cəhdləri, Cənubi Qafqazda odu öləziməkdə olan münaqişəni körükləmək səyləri alınmayan Yelisey sarayının müvəqqəti kirayənişini sonda xaricdəki casus şə­bəkələrini gücləndirmək kimi faydasız üsula da əl atdı. Makron hakimiyyətinin konkret Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti də onun bəd əməl­lərinin siyahısına yazılmalıdır. 

Nə bizə, nə də dünyaya sirr deyil ki, Fransa Azərbaycanla Ermənistan arasın­da sülh prosesinə maneçilik törədən əsas kənar oyunçudur. İndi “oyundankənar” vəziyyətə düşmüş rəsmi Paris bölgədə çirkin məqsədlərinə çatmaqdan ötrü yenə ermənilərdən istifadə etmək barədə düşü­nür. Artıq bu ölkənin özündə də etiraf edir­lər ki, Emmanuel Makronun prezidentliyi Fransa tarixinin “qara səhifəsi” kimi hələ uzun illər yaddaşlardan silinməyəcək.

Bu gün siyasi nufuzunu və hörmətini tamamilə itirmiş Makron təkcə xaricdə deyil, daxildə də ciddi problemlərlə üzlə­şib. Məsələn, iyulun sonlarında başlaya­caq planetin ən böyük beynəlxalq idman yarışlarına – Olimpiya Oyunlarına ev sahibliyi edəcək Paris, sadəcə, daxili si­yasi gərginliyi aradan qaldırmağın deyil, həmçinin müvafiq strukturları bu oyunlara hazırlamağın sancısını yaşamaqdadır. Bu zaman Fransa paytaxtında bu il martın 22-də Moskvada törədilən terror aktının təkrarlana biləcəyi xofu da yaşanmaq­dadır. Hökumət mümkün ehtimalı qabaq­layıcı tədbir kimi miqrantları paytaxtdan bölgələrə təxliyə etmək qərarına gəlib. İntəhası, axıradək düşünülməmiş bu ad­dım əks-effekt verməyə başlayıb. Ölkənin digər böyük şəhərlərinin merləri Makron hökumətini Olimpiya Oyunları səbəbin­dən paytaxtı miqrantlardan “təmizləmək­də”, regionları isə “çirkləndirməkdə” itti­ham edirlər. Həmin şəhərlərin rəhbərləri açıq şəkildə bəyan edirlər ki, hakimiyyətin bu yarıtmaz siyasəti ölkənin digər şəhər­lərinə çoxsaylı miqrant axının güclənmə­sinə gətirib çıxara bilər.

“The New York Times” yazır ki, Fransa hakimiyyəti Olimpiya Oyunları ərəfəsində bir neçə min evsiz mühaciri Parisdən qo­vub. Onları avtobuslara mindirib şəhər­dən kənara aparıblar. Qəzetin qeyd etdiyi kimi, afrikalılar da daxil olmaqla, miqrant­lara başqa yerlərdə mənzil vəd edilib. Amma onlar tanımadıqları əyalətlərdə küçələrə atılıb və indi də deportasiya ilə hədələnirlər.

“Makron hökuməti mühacir köçürül­mələrinin Yay Olimpiadası ilə əlaqəli oldu­ğunu inkar edir. Hakimiyyət deyir ki, bu, “Parisdə mənzil çatışmazlığını azaltmaq” üçün nəzərdə tutulmuş könüllü bir proq­ramdır”. Bunu isə “The Guardian” yazıb. 

Bu arada “France24” xatırladıb ki, Pa­ris əsas etibarilə Afrika, Cənubi Asiya və Yaxın Şərqdən gələn və sığınacaq almaq istəyən miqrantlar üçün cəlbedici görünsə də, hakimiyyət bu ənənəyə son qoymaq barədə düşünür. Avropa Sosioloji Araş­dırmalar Mərkəzinin statistik məlumatına görə, 2023-cü ildə bir milyondan artıq in­san sığınacaq almaq üçün Avropa ölkələ­rinə müraciət edib. Bu isə son yeddi ildə ən yüksək göstərici hesab olunur. Həmin ölkələrin siyahısında Fransa ikinci yer­dədir. Hökumət mühacirlərlə bağlı atdığı addımların Olimpiya Oyunları ilə əlaqəli olmadığını bildirsə də, buna inananlar az­dır. Əslində, əyalət şəhərlərinin merləri də bu qənaəti paylaşırlar.

Fransa Dövlət Təhlükəsizliyi Xidməti də miqrantların paytaxtdan kütləvi şəkildə köçürülməsinin Olimpiya Oyunları ilə bağlı olmadığı barədə açıqlama yayıb. Müstəqil medianın məlumatına görə, bu kateqoriya­dan olan əcnəbilərin yerləşdirilməsi üçün 10 regional mərkəz yaradılıb. Bununla bağlı Orlean merinin etirazına Strasburq şəhərinin rəhbərliyi də qoşulub. Merin müavini Florian Varyer mərkəzi hökumətin qərarına qəzəbini bu şəkildə ifadə edib: “Onlar bizimlə məsləhətləşmədən miqrant­ları şəhərimizə köçürməyə başlayıblar. Bu məsələdə Orlean merinin etirazına qoşulu­ram və baş verənləri qəbul etmirəm”.

İlkin məlumata görə, Olimpiy Oyun­larına tamaşa etmək üçün 15 milyon tu­ristin gələcəyi gözlənilir. Həmin günlərdə Parisdə sürücü çatışmazlığı, metroda gecikmələr səbəbindən ictimai nəqliyyat­da ciddi tıxacların yaranacağı gözlənilir. Bütün bu problemlərin qarşısını almaq üçün hökumətin hansı tədbirləri görəcəyi məlum deyil.

Beləliklə, Yay Olimpiadası ərəfəsində Makron hakimiyyətinin çox ciddi sınaqlar­la üzləşəcəyini indidən söyləmək olar. Və bütün bunların fonunda Fransada radikal­ların reytinqi durmadan artır. Bu isə Ye­lisey sarayı üçün miqrant problemindən daha ciddi, həm də siyasi başağrısına çevrilə bilər.

İ.HƏSƏNQALA
XQ

Siyasət