I məqalə
Bu gün imzalanmış birgə bəyannamə – Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır... Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Qısaca “Şuşa Bəyannaməsi” adlandırılan sənəd “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"dir. 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşada imzalanmışdır. Bu sənəddə iki müstəqil dövlət “müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən” etmişlər. Yəni Şuşa Bəyannaməsi dəqiq məqsədi olan siyasi və hüquqi əsaslandırılmış, beynəlxalq hüquq normalarına tam uyğun olan rəsmi sənəddir. Həmin sənədlə Azərbaycanla Türkiyə müttəfiqlik münasibətlərinin konkret bəndlərini müəyyən etmiş və iki dövlət kimi strateji münasibətləri bu bəndlərə uyğun qurmaqdadırlar. Bu isə o deməkdir ki, Şuşa Bəyannaməsi müəyyən prinsiplərə, sənədlərə, öncədən aydınlaşdırımış siyasi və hüquqi şərtlərə əsaslanır. Bu sənədin yaranması tarixçəsi vardır. Həmin tarixçə həm də onun məzmun, mahiyyət və məqsədini müəyyən edir.
Əsas məqsəd
Şuşa Bəyannaməsinin əsas məqsədi Azərbaycanla Türkiyə arasında iki müstəqil dövlət kimi strateji müttəfiqliyin siyasi və hüquqi çərçivələrini müəyyən edərək, onun həyata keçirilməsinə nail olmaqdan ibarətdir. İlk dəfədir ki, Azərbaycanla Türkiyə arasında rəsmi strateji müttəfiqlik sənədi imzalanmışdır. Bu prosesin təməlində tarixi gerçəkliklər, konkret sənədlər, iki ölkənin etnik birliyi və XXI əsrin geosiyasi gerçəkliklərinin ortaq dərki dayanır. Şuşa Bəyannaməsinin zəruriliyi II Qarabağ savaşında iki qardaş dövlətin əməkdaşlığı və Azərbaycanın möhtəşəm zəfər qazanması fonunda özünü aydın göstərirdi. Yəni həmin sənəd tarixi zərurətdən, geosiyasi gerçəkliklərdən, siyasi reallıqdan və hər iki dövlətin müstəqilliklərini əbədi etmək niyyətlərindən qaynaqlanmışdır. Bu prizmada Şuşa Bəyannaməsi həm də Azərbaycanla Türkiyənin iki müstəqil dövlət kimi interqasiyasının şərtlərini və siyasi-hüquqi sərhədlərini müəyyən edir. Sonrakı proseslər bu sənədin tarixi və siyasi baxımdan olduqca böyük əhəmiyyəti olan başqa bir özəlliyini (praktiki siyasi-diploamtik və geosiyasi aspektlərdə) üzə çıxardı. Bu barədə irəlidə bəhs ediləcəkdir.
Baza sənədlər və prinsiplər
Şuşa Bəyannaməsində yazılmışıdr ki, tərəflər iki ölkə arasında imzalanmış “bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq”dirlər. Yəni Şuşa Bəyannaməsinin bazasında beynəlxalq sənəd statusunda XX əsrdə imzalanmış Qars müqaviləsi dayanır. Bu vurğunun tarixi və siyasi anlamı çox vacibdir. Çünki Azərbaycan və Türkiyə faktiki olaraq yüz il öncə mövcud olan reallıqlardan çıxış edərək və dövlət kimi siyasi varisliyə söykənərək, indiki mərhələdə münasibətlərini beynəlxalq normalara uyğun inkişaf etdirmək əzmindədirlər. Bu da həm onların köklü dövlətçilik ənənəsinə malik olduqlarını, həm də hər bir tarixi mərhələdə ləyaqətli dövlətlər kimi beynəlxalq hüquq prinsipləri çərçivəsində münasibətlər qurmaq üsulunu birmənalı qəbul etdiklərini göstərir.
Qars müqaviləsinə əsaslanaraq, Azərbaycanın müstəqillik əldə etməsindən sonra Türkiyə ilə imzaladığı 3 sənədə istinad edilmişdir. Onlar Şuşa Bəyannaməsində aşağıdakı kimi tədqim olunmuşlar: “9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”ni rəhbər tutmuşlar.
Bununla Şuşa Bəyannaməsinin siyasi və hüquqi bazası tam əhatə olunmuşdur. İstinad edilən sənədlərdən görünür ki, Azərbaycan və Türkiyə son yüzildə məzmunlamış dövlətçilik ənənəsinə dayanaraq, “dostluq və hərtərəfli əməkdaşlığın inkişafı”na, “qarşılıqlı yardım”a və “strateji tərəfdaşlığa” üstünlük verərək strateji müttəfiqlik münasibətləri qurmağa istiqamətlənmişlər.
Sənədlərin məzmunundan aydın olur ki, məsələ ciddi tarixi, siyasi, geosiyasi, təhlükəsizlik, iqtisadi və s. faktorların XXI əsrin tələbləri çərçivəsində konkret məzmunlaşdırılaraq, uzun müddətdə iki müstəqil dövlətin münasibətlərinin qurulması ilə bağlıdır. Məqsəd, məzmun və reallaşma mexanizmləri hər hansı emosional və ya romantik şərtlərə deyil, əsaslı və müasir beynəlxalq hüquq normalarına uyğun müttəfiqlik nümunəsi yaratmaqdan söhbət gedir.
Lakin bu unikal müttəfiqlik nümunəsi vurğulanan məqamlarla məhdudlaşmır. Burada bütün dünya üçün əhəmiyyətli olan bir mənəvi faktor xüsusi qeyd edilir. O, sənəddə “iki dost və qardaş ölkə” ifadəsinin birbaşa siyasi-hüquqi kontekstdə mənalandırılması ilə bağlıdır. Beynəlxalq münasibətlər sistemi kontekstində bu özəllik, yeni sayılmalı olan bir məqamın Şuşa Bəyannaməsində təməl prinsiplərdən biri kimi əksini tapması deməkdir. İlk dəfədir ki, “dost və qardaş ölkə” ifadəsi beynəlxalq hüquq konteksti alır. Həmin kontekst “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət” etməsi məqsədi ilə sıx bağlıdır. Burada önə çıxan məqam “dost və qardaşlığın” siyasi və hüquqi asepktlərdə humanitarlığa xidmət etməsidir.
Yəni qətiyyən hər hansı aqressiya, kimlərə qarşısa birləşmə və ya süni məqsədlər qarşıya qoymaqdan söhbət getmir. Azərbaycan və Türkiyənin siyasi-hüquqi aspektdə dostluğu və qardaşlığının təcəssümü xalqların marağına xidmət etməyə söykənir. Burada sətiraltı başqa bir məqsəd də ifadə edilmişdir: prinsipcə iki qardaş dövlət yeni keyfiyyətdə münasibətlər qurmaqda yalnız öz xalqları ilə məhdudlaşmaya bilərlər, digər xalqları da bu “dostluq və qardaşlıq” gerçəkliyinə cəlb etmək mümkündür! Bizcə, Şuşa Bəyannaməsində bu siyasi-hüquqi potensialın nəzərə alınması tarixi siyasi-diplomatik gedişdir! Bunun gerçək olduğunu sonrakı proseslər tam təsdiq etmişdir. Bu barədə də irəlidə bəhs ediləcəkdir.
Srateji müttəfiqliyin ümumi müddəaları
Vurğuladığımız baza sənədlər və prinsiplər əsasında Şuşa Bəyannaməsində strateji müttəfiqliyin ümumi müddəalarının fəlsəfi xarakteristikasını vermək olar. Burada müttəfiqliyin sərhədi geniş təqdim olunmuşdur. Bəyannamədə yazılmışdır ki, “ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyətini dərk” edirik və “beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyini” vurğulayırıq. Bu ümumi prinsiplər çərçivəsində strateji müttəfqilik “müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsini”, “Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım”ı, “Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasını, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi”ni əhatə edir.
Strateji müttəfiqliyin fəlsəfəsi
Ümumilikdə Şuşa Bəyannaməsinin fəlsəfəsi mürəkkəb və genişdir. Ona görə də biz onu iki hissəyə bölürük. Birinci hissədə strateji müttəfiqliyin ümumi prinsipləri üçün ortaq olan məqamların fəlsəfi təhlilinə cəhd ediləcəkdir. Yuxarıdakı müddəalardan görünür ki, onlar cəm halında bir neçə məqamı sintez edirlər. Bu müttəfiqlikdə “qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsi” mühüm yer tutur və onlara nail olmaq üçün beynəlxalq hüquqa və BMT Nizamnaməsinə əsaslanır.
Məsələnin bu cür qoyuluşu tam müasirdir və humanitar mahiyyətlidir. Burada Avropada hazırlanmış “yeni regionalizm” təliminin baza prisniplərinə əməl etmək özünü göstərir. “Yeni regionalizm”də isə iki mühüm cəhət mövcuddur. Birincisi, regiondaxili dövlətlərin bir-biri ilə bərabərhüquqlu və konstruktiv münasibətlər qurması, ikincisi, həmin dövlətlərin “mehriban qonşuluq” siyasəti yeritməsi. Yəni yeni regionalizm region dövlətlərinin münasibətlərini qonşu regionlara proyeksiya etməsini də nəzərdə tutur. Bu da zəncirvari multiregional miqyasda multilateral əlaqələr qurmağa aparan mexanizmdir.
Burada müasir fəlsəfə və politologiya üçün yeni olan özəllik iki dost və qardaş dövlətin strateji müttəfiq və vahid güc kimi yeni regionalizmi həyata keçirməklə əlaqəlidir. İlk baxışdan sadə görünən bu xüsusiyyət reallıqda son dərəcə diqqətli, incə və koordinasiyalı fəaliyyəti tələb edir. “Ümumiyyətlə, iki dövlət necə vahid geosiyasi güc ola bilər?” sualına cavab Şuşa Bəyannaməsində öz cavabını tapır.
Fəlsəfi baxımdan belə bir mənzərə Şuşa Bəyannaməsinin Azərbaycan – Türkiyə müttəfiqliyinin regional və multiregional miqyaslarda “vahid sinerji” kimi öz təsdiqini tapmasını ifadə etməkdədir. İki müstəqil dövlətin bu cür geniş və mürəkkəb bir məkanda “vahid sinerji” keyfiyyətində fəaliyyət göstərə bilməsi yalnız nəzəri deyil, daha çox praktiki səmərə nümunəsi kimi özünü sübut etməlidir. Bunun üçün isə həmin sinerjini yarada biləcək ortaq istiqamətverici, müəyyənedici və məzmunlaşdırıcı ideoloji xarakterli prinsip olmalıdır. Şuşa Bəyannaməsində, bu, açıq ifadə edilmişdir.
Orada yazılır: Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirilir”. Bu milli-mənəvi sərvətlər ulu öndər Heydər Əliyev tərəfindən siyasi məzmunlaşdırılmış və funksionallaşdırılmışdır. Onun fəlsəfi və politoloji xarakterinin substantiv və funksional aspektləri “Bir millər, iki dövlət” kəlamında fəlsəfi məzmun almışdır. Bununla həmin kəlam Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin baza prinsipi kimi qəbul edilməlidir.
“Bir millər, iki dövlət” kəlamının Azərbaycanda müstəqil dövlət quruculuğunun ümumi sinerjisi keyfiyyətindən iki müstəqil türk dövlətninin strateji müttəfiqliyinin “vahid sinerji”sinə proyeksiyası tarixi olaydır. Çünki, həmin müttəfiqliyin mənəvi və ideoloji təməlinə, bir tərəfdən, tarixin sınağından keçmiş və konkret siyasi məzmun almış güclü bir tezis qoyulur, digər tərəfdən isə həmin sinerjinin öncə regional, sonra isə multiregional miqyasa transformasiyası potensialı saxlanılır. İndi müşahidə edilən proseslər göstərir ki, Azərbaycan–Türkiyə strateji müttəfiqliyi Cənubi Qafqazda konstruktiv sabit geosiyasi mühiti təmin etməklə yanaşı, multiregional miqyasda Qoşulmama Hərəkatı və Türk Dövlətləri təşkilatında inteqrativ prosesləri stimullaşdırır. Biz bir qədər irəli gedərək bu fikri ona görə vurğulayırıq ki, mücərrəd (elə ümumi ifadə ki, konkret hansı məzmuna malik olduğu çətin qavranılır) görünən fəlsəfi izahımızın konkret məzmuna malik olduğu aydın görünsün. Əlbəttə, irəlidə bu məqamı da Qarabağ Bəyannaməsi kontekstində geniş təhlil etməyə çalışacağıq.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru