Urbanizasiyanın yeni mərkəzi – Cakarta

post-img

BMT-nin urbanizasiya üzrə yenilənmiş metodologiyası dünya­nın ən böyük şəhərlərinin reytinqində kəskin dəyişiklik yaradıb və bu dəyişiklik qlobal demoqrafik meyillərin istiqamətini daha dəqiq göstərməyə başlayıb. Cakartanın 42 milyon nəfərlik əhalisi ilə Tokionu birinci yerdən sıxışdırması təsadüfi deyil. Bu, həm regional, həm də qlobal səviyyədə dərin struktur trendlərin nəticəsidir.

Cakartanın liderliyi həm də onun “gizli meqapolis” statusunun rəsmi təsdiqi kimidir. Jabodetabek adlı nəhəng aglomerasiya - Cakar­ta, Boqor, Depok, Tangeranq və Bekasini birləşdirən vahid urbanist məkandır və əhalinin kəskin artımı əsasən bu zonada müşahidə olunur. Lakin belə böyümə yalnız iqtisadi cazibə deyil, həm də ciddi çağırışlar yaradır. Cakarta dünyanın ən sürətlə çökən böyük şəhərlərindən biridir: bəzi rayonlar ildə 10-15 santimetr aşağı enir. Daşqınlar, nəqliyyat böh­ranı, qeyri-bərabər yaşayış şəraiti və infrastrukturun həddindən artıq yüklənməsi şəhəri, faktiki olaraq, idarəolunmaz səviyyəyə yaxınlaş­dırır. Məhz buna görə İndoneziya hökuməti paytaxtı mərhələli şəkildə Borneoda inşa edilən yeni Nusantara şəhərinə köçürmək qərarı verib.

BMT-nin yenilənmiş urbanizasi­ya məlumatları qlobal miqyasda daha geniş tendensiyanı nümayiş etdirir. Belə ki, 1950-ci ildə dünya əhalisinin cəmi 20 faizi şəhərlərdə yaşayırdısa, bu gün 8,2 milyard nəfərin təxminən yarısı urbanizasiya olunmuş məkan­larda yaşayır. Bu proses 2050-ci ildə dünyanın 68 faizdən çoxunun şəhər sakinlərinə çevriləcəyi ilə bağlı proq­nozlarla birləşir və planetin sosial-iq­tisadi strukturlarının köklü şəkildə dəyişdiyini göstərir. Sürətlənən ur­banizasiya həm iqtisadi aktivlik, həm də ciddi sosial, ekoloji və idarəetmə problemləri də deməkdir.

Asiyanın meqapolislərinin rey­tinqdəki dominantlığı regionun qlo­bal iqtisadi və geosiyasi çəkisini artı­rır. Qlobal istehlak bazarlarının yönü getdikcə daha çox Asiya şəhərlərinə doğru dəyişir, böyük infrastruktur sər­mayələri yenə bu regiona axır və döv­lətlər arasında rəqabət urbanist məkan üzərində daha qabarıq şəkildə hiss olunur. Cakartanın birinci yerə çıx­ması isə yalnız demoqrafik fakt deyil: bu, XXI əsrdə urbanizasiyanın qlobal xəritəsinin yenidən çəkildiyinin ən simvolik nümunələrindən biridir.

Hazırladı:
S.ELAY
XQ

Dünya