Ekoloji problemlərdən qlobal təhlükəsizliyə keçid

post-img

Xəzər dənizi mühüm xalq təsərrufatı əhəmiyyətinə malik olmaqla yanaşı, həm də coğrafi, bioloji və ekoloji cəhətdən bütöv bir sistemdir. Lakin bu sistemi qoruyub saxlamaq o qədər də asan deyil. Çünki hər il dünyada neft və qaza tələbat çoxalır, bu, dənizdə neft və qaz hasilatının artırılmasını gündəmə gətirir. Azərbaycanda olduğu kimi, Qazaxıstan, Türkmənistan və Rusiyada da iri neft-qaz yataqları istismara açılır. Həmin yataqların hasilatı isə dənizi çirikləndirir. Bu barədə AMEA Coğrafiya İnstitutunun əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru, ekoloq Züleyxa Eyyubova ilə söhbət etdik. O dedi: 

– Aparılan qazma işləri zamanı çirkab suları uzun illər dənizə axıdılıb. Dalğalar isə həmin çirkab suları sahilə gətirərək torpaq qatının çirklənməsinə səbəb olub. Bundan başqa, neft-qaz yataqlarının kəş­fi, həmçinin istifadəsi nəticəsində dəniz­də neft quyularının, eskadaların tikintisi və boru kəmərlərinin çəkilməsi həyata keçirilib. Artiq bu qurğuların çox hissəsi­nin istifadə müddəti başa çatib. Dənizdə fəaliyyət göstərən müəssisələrin balan­sındakı özüllərin əksəriyyəti də istismara yararsız vəziyyətdə dəniz akvatoriyasına atılıb. Köhnəlmiş texniki qurğular, batmış gəmilər isə korroziyaya uğrayaraq dənizi çirkləndirib.

Xəzərin çirklənməsinə neft emalı müəssisələri və quruda fəaliyyət göstərən neft və qazçıxarma idarələri tərəfindən də mənfi təsir göstərilib. Bunun nəticəsində keçmişdə dünyada ən məhsuldar su höv­zələri sırasında yer alan Xəzər dənizi son onilliklərdə öz öncül mövqeyini tədricən itirib. 

– Su hövzəsinin çirklənməsində çayların rolu da az deyil... 

– Çaylar vasitəsilə hər il Xəzərə 40–45 kubkilometr çirkab daxil olur. Tullantı sularının 70-80 faizi Volqa çayının payı­na düşür. Bu çayın ətrafında 30 milyona yaxın əhali yaşayır. Onların məişət tullan­tıları Xəzər dənizinə axıdılır. Qalan 20–30 faiz çirklənmənin mənbəyi Azərbaycan da daxil olmaqla digər Xəzər sahili ölkələri­dir. Yəni Xəzər sularının çirklənməsinə Kür, Samur, Terek və Ural çayları da təsir göstərir. Məsələn, Ermənistan və Gürcüs­tan ərazisində formalaşan kommunal və sənaye tullantı suları Kür çayı vasitəsilə Xəzərə daxil olaraq dənizi çirkləndirir. 

Xəzərin ölkəmizə mənsub olan sahil zolağında fəaliyyət göstərən müəssisə və təşkilatlardan, obyektlərdən və sahilboyu ərazilərdən dənizə 128 axar qeydə alınıb. Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və Ənzəli şəhərlə­rindən Xəzərə axıdılan tullantı suları da onun əsas çirkləndiricilərindən hesab edi­lir. Bu şəhərlərdəki sənaye inkişaf etdikcə çirkli suların həcmi də çoxalır və çaylar vasitəsilə dənizə axıdılır. 

– Son dövrlərdə Xəzər dənizində suyun səviyyəsi aşağı düşüb. Amma dəniz səviyyəsinin qalxma ehtimalı da var. Ekoloji şəraitə dəniz səviyyəsinin tərəddüdləri təsir göstərirmi? 

– Maraqlıdır ki, dənizin səviyyəsinin qalxma və enmə prosesi intensiv hal alıb. Xəzərin səviyyəsinin dəyişməsi sahil zo­nasında həmişə sosial-iqtisadi və ekoloji problemlər yaradıb. Məsələn, səviyyənin endiyi hallarda bütün hidrotexniki qur­ğuların, o cümlədən limanların yenidən tikilməsinə ehtiyac yaranıb. Xəzər fauna­sının məskunlaşdığı və inkişaf etdiyi şelf zonasının sahəsi azalıb, balıqların kürü tökmək üçün çaylara keçməsinə əngəl yaranıb. Bu zonanın hidrometeoroloji re­jimində də mənfi dəyişikliklər baş verib. 

Səviyyənin qalxdığı hallarda da sa­hil zonasında ekoloji şərait pisləşib, ba­taqlıqlar yaranıb, evlər və torpaqlar su altında qalıb. Məsələn, hesablamalara əsasən, 1978–1995-ci illərdə dəniz sə­viyyəsinin 2,5 metr qalxması nəticəsində Azərbaycanın sahil zonasına 2 milyard ABŞ dolları həcmində ziyan dəyib. 

Hazırda Xəzər dənizinin ekoloji təh­lükəsizliyini təmin etmək üçün neftlə çirk­lənmiş ərazilərin və göllərin təmizlənmə­si, eləcə də qurudulması günün vacib məsələrindən biridir. 

– Xəzər dənizini çirkləndirən mən­bələr barədə nə deyə bilərsiniz? 

– Xəzərdə çirklənmənin mənbələri çoxdur. Məsələn, çaylarla gələn çirklən­diricilər, o cümlədən kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və su­varma suları ilə yuyularaq çaylar–kanal­lar vasitəsilə dənizə axması, şəhərlərin və sənaye obyektlərinin çirkləndiriciləri, neft hasilatı və nəqli ilə bağlı çirklənmə, habelə dənizin səviyyəsinin artması nə­ticəsində sahil zonasında su altında qal­mış mənbələrdən qaynaqlanan çirklənmə daim ciddi narahatlıq doğurur. 

Qeyd edim ki, Xəzəri çirkləndirən başqa səbəblər də var. Belə ki, çirklənmə mənbələrindən biri atmosferdır. Aparılmış tədqiqatlar nəticəsində müəyyən olunub ki, atmosferə hər il sənaye müəssisələ­rindən kükürd karbonoksidi, toz, kül, azot oksidi və başqa kimyəvi maddələr burax­lılır. Bu maddələr havanın hərəkəti ilə qu­ruya, Xəzərin səthinə enir və onu çirklən­dirir. Həmin maddələr zərərli olduğundan quruda və suda olan flora və faunaya da ciddi zərər vurur. 

– Bu günlərdə Xəzər dənizinin Höv­san və Türkan sahillərində balıqların kütləvi ölümü müşahidə edildi. Buna səbəb nə idi?

– Bir neçə səbəb ola bilər. Fikrimcə, balıqların kütləvi ölümü zəhərli maddələr­lə bağlı deyil. Həmin ərazilərdə Xəzər dənizi dayazdır və havaların isti keçmə­si səbəbindən suyun temperaturu qalxır. Belə halda kimyəvi proseslər sürətlə ge­dir, oksigenin miqdarı xeyli azalır və ora­da yaşayan canlı orqanizmlərə mənfi tə­sir göstərir. Sizin qeyd etdiyiniz balıqların kütləvi ölümünə səbəb də suda oksigen çatışmazlığıdır. 

– Məlum olduğu kimi, Azərbaycan COP29 mötəbər beynəlxalq tədbirinə ev sahibliyi edəcək. Danışıqlar prose­si ilə paralel İqlim Fəaliyyəti gündəli­yi çərçivəsində Xəzər dənizi ilə bağlı təşəbbüs də yer alacaq?

– Bəli, Azərbaycan COP29 mötəbər beynəlxalq tədbirinə ev sahibliyi edəcək. İqlim Fəaliyyəti gündəliyi çərçivəsində Xəzər dənizi ilə bağlı təşəbbüs də yer alacaq. Dənizin probleminin yalnız milli və regional səviyyədə deyil, həm də bey­nəlxalq səviyyədə iqlim dəyişmələrinə uyğunlaşma proqramları çərçivəsində həlli diqqət mərkəzində olacaq. Bu da öz növbəsində Xəzərin problemlərinin yalnız milli və regional səviyyədə deyil, həm də beynəlxalq səviyyədə iqlim dəyişmələrinə uyğunlaşma proqramları çərçivəsində həlli üçün zəmin yarada bilər.

Bu məsələdə Xəzər dənizini əhatə edən ölkələrin üzərinə də böyük məsu­liyyət düşür. Onların beynəlxalq təşkilat­larla əməkdaşlığı dənizin çirklənməsinin qarşısını almaq üçün mühüm fürsətdir. Unutmayaq ki, COP29 iqlim dəyişikliyi ilə mübarizədə böyük gücə malikdir. Düşü­nürəm ki, Bakıda keçiriləcək iqlim tədbiri bu mövzuya daha çox diqqət çəkməyə və problemin həlli yollarını tapmağa dəstək olacaq.

Müsahibəni qələmə aldı:
Pünhan ƏFƏNDİYEV
XQ



Müsahibə