Mirzoyan “sülh göyərçini” qiyafəsində

post-img

Ermənistan iqtidarının sülh gündəmi və yeni reallıqlar formalaşdırmaq cəhdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Nyu-Yorka səfərini onun təmsil etdiyi ölkənin Cənubi Qafqazda sülh qaranquşu kimi təqdimatına hesablanmış siyasi şou da adlandırmaq mümkündür. Burada başqa bir məqsəd Ermənistan üçün dividend toplamaqdır. Elə bir dividend ki, onun yüksəkliyi rəsmi İrəvana Bakı ilə sülh prosesində üstünlüklər qazandırsın. 

A.Mirzoyan ənənəvi ritorikaya baş vurur. Bildirir ki, Ermənistan hökumə­ti həm ölkə daxilində, həm də regionda sülhə nail olmaq əzmindədir. Nazir bunu Nyu-Yorkda ölkəsinin üçüncü könüllü Mil­li Hesabatını təqdim edərkən də deyib, sonrakı görüşlərdə də. Mirzoyan BMT-nin davamlı inkişaf gündəliyinin məqsəd və vəzifələrinin həyata keçirilməsində irə­liləyişləri ümumiləşdirərək, belə nəticəyə gəlib ki, davamlı inkişafa yalnız güclü demokratik təsisatlar, fundamental insan hüquqlarının, ədalətli cəmiyyətin qorun­ması və regional sülh yolu ilə nail olmaq mümkündür. Haqqında söz açdığımız ənənəvi ritorika da elə budur. 

Bəli, Mirzoyan Hayastanı demokra­tiya ənənələrinə sadiq ölkə kimi təqdim edir və bu obrazın sülh prosesində Ermə­nistana dividend qazandıracağına siyasi sərmayə yatırır. Mahiyyətcə həqiqətlər­dən uzaqlaşmaq, reallıqlarla manipulya­siya cəhdinə baş vurur. Erməni XİN rəh­bəri, əslində, dolayısı ilə xaricdəki bəzi dairələrin və ermənipərəst qüvvələrin anti-Azərbaycan təbliğatının elementlə­rinə fokuslanır, bu məsələdə ölkəmizin anti-demokratik dövlət kimi təqdimatına yönələn baxışları körükləyir. Məqsədi təxminən belə bir təsəvvür formalaşdır­maqdır: “demokratik Ermənistan” “av­toritar Azərbaycan” üzərində mənəvi baxımdan üstündür və üstünlük özünü sülh prosesində də göstərməlidir. Hələ mövcud trayektoriyada Bakının, guya, barışa razı olmadığı, İrəvanın isə prose­sin reallaşmasına can atdığı görüntüsü­nü yaratmaq istəkləri də var. 

Yada salaq ki, Ermənistan iqtidarı Mirzoyanın üzərində dayandığı və barə­sində söz açdığımız ritorikadan indiyə­dək istifadə edib. Ancaq heç vaxt uğur qazanmayıb. Vaxtilə baş nazir Nikol Pa­şinyan özünü demokratiyanın qladiatoru kimi görmüş, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirmiş, elə zənn etmişdi ki, dünya birliyi demokratik təqdi­matlara inanıb işğalçılığı leqallaşdırmaq üçün dəstək göstərəcək, hansısa fövqə­ladə hüquqi əsas qondaracaq. Ancaq 44 günlük müharibənin nəticələri yanlış düşüncənin qorxunc təbəddülatlarını do­ğurdu ki, durumun ağırlığını Ermənistan dövləti və cəmiyyəti bu gün də çəkmək­dədir. 

Təbiidir ki, Mirzoyan qeyd etdikləri­miz barədə danışmır və diqqəti ölkəsində 2021-ci ildə keçirilmiş parlament seç­kilərinə yönəldir. Əlbəttə, həmin seçkini doğurmuş səbəbdən söz açmayaraq. Çünki başlıca məqsəd az əvvəl də bildir­diyimiz kimi, Ermənistanın, guya, demok­ratik olan obrazını canlandırmaqdır. Sən demə, sözügedən seçki ölkə demokra­tiyasının dönməzliyinin təzahürü imiş. Mirzoyanın fikrincə, dönməzlik o qədər yüksək imiş ki, təhlükəsizlik təhdidlərinə baxmayaraq, seçki ədalətli olub.

Necə deyərlər, ayının min oyunu bir armudun başındadır. Ölkəsində müxtəlif sahələrdə insan hüquq və azadlıqlarına hörmətlə yanaşıldığından söz açan Er­mənistanın XİN rəhbəri mövzunu Azər­baycanla sülh gündəliyinə bağlayır. O, təmsil olunduğu iqtidar tərəfindən istifadə edilən daha bir ənənəvi tezisi təkrarlayır və bildirir ki, Ermənistan 1991-ci il Al­ma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması və dövlət sərhədinin demarkasiyası prin­sipinə əsaslanan Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin bağlanması prosesin­də səmimidir. Necə səmimidir, ona diqqət yetirək. 

Mirzoyan deyir ki, haqqında söz açdığı proses ölkələrin suverenliyinə və yurisdik­siyasına, habelə bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında regio­nal nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasını da əhatə edir. O, bu fikri işlədər-işlətməz rəsmi İrəvan tərəfindən ortaya atılmış “Dünyanın kəsişməsi” la­yihəsi üzərində dayanır və vurğulayır ki, sözügedən təşəbbüs Ermənistanla qonşu dövlətlər arasında kommunikasiyaların inkişafına, bununla da regionda müna­sibətlərin bütün məntiqini münaqişədən qarşılıqlı faydalı əməkdaşlığa çevirməyə yönəlib: “Ermənistan davamlı olaraq Tür­kiyə ilə münasibətləri tam həll etmək, diplomatik əlaqələr qurmaq və sərhədlə­ri açmaq üçün səylər göstərir və uğurlu olarsa, şübhəsiz ki, bütün bunlar regiona müsbət təsir göstərəcək”.

A.Mirzoyanın söylədiklərində səmi­miyyətdən əsər-əlamət yoxdur. Birincisi, Türkiyə siyasi spekulyasiyaları kifayət qə­dər aydın dərk edir. Buna görə də Ankara ilə əlaqələrin rentabelliyi amilini qabar­dıb beynəlxalq birliyi aldatmaq cəhdləri əbəsdir. İkincisi, “Dünyanın kəsişməsi” Ermənistan hakimiyyəti tərəfindən orta­ya atılmış manipulyativ təşəbbüsdür. Bu təşəbbüs 10 noyabr 2020-ci il tarixli üç­tərəfli bəyanatdan yayınmağa, Naxçıvana maneəsiz yolu təmin etməkdən boyun qa­çırmağa yönəlib. 

Qeyd edək ki, Azərbaycan Naxçıvana yolun “Azərbaycandan – Azərbaycana yol” məntiqini əsas tutur. Yəni, orada heç bir gömrük və sərhəd nəzarəti olmama­lıdır. Ermənistan isə buna qarşılıq Mir­zoyanın da təkrarladığı ərazi bütövlüyü və suverenlik ritorikasını işə salır. Elə bir ritorikanı ki, “Dünyanın kəsişməsi” təşəb­büsü ilə paralel surətdə özünə saxta qlo­bal məzmun qazandırmağı və beynəlxalq hüquq prinsiplərini əsas tutma imitasiya­sını hədəf seçir. 

Azərbaycan dövləti yaxşı fərqindədir ki, ölkəmizin “Zəngəzur dəhlizi” (Naxçı­vana maneəsiz yol) məntiqinə qarşı irəli sürülmüş “Dünyanın kəsişməsi” erməni avantürizminin perspektivinə hesablanıb. Yəni, Ermənistan rəhbərliyində təmsil olunanlar bu layihə ilə ölkələrini qlobal nəqliyyat xabının mərkəzinə çevirməyi və nəticədə qazanılacaq iqtisadi dividen­di siyasi dividendlə əvəzləməyi, yekunda isə güclənərək, işğalçılıq niyyəti güdməyi planlaşdırırlar. 

Bəli, rəsmi İrəvanın, eləcə də Ermə­nistanın hansısa gələcək rəhbərliyinin ölkəni möhkəmləndirərək, nə zamansa təcavüzkar planlar qurmayacağına heç bir təminat yoxdur. Həm də ona görə tə­minat yoxdur ki, bu gün də Ermənistan dövləti və ermənipərəst dairələr Qarabağ avantürasından daşınmırlar. Deməli, təhlükəli meyillərə qarşı zamanında mü­barizə aparmaq, bədxah niyyətləri beşi­yindəcə boğmaq lazımdır. Elə “Dünyanın kəsişməsi” təşəbbüsünü də həmçinin. 

Ona görə rəsmi Bakı Naxçıvana yol məsələsində israrlıdır. Yolun ölkəmizin şərtləri ilə açılmayacağı təqdirdə, onun İran ərazisindən keçməsini planlaşdırır. Maraqlıdır ki, ermənipərəst dairələr bu­nunla razılaşmaq istəmirlər. Heç şübhə­siz, onlar Ermənistana həm maddi, həm də mənəvi üstünlük qazandırmaq barədə düşüncələrə dalırlar. Nəticə etibarilə Ba­kı-İrəvan sülh prosesinə başqa element­lərin əlavə olunmasına çalışırlar. Əlbəttə ki, bu, heç bir fayda verməyəcək. 

Beləliklə, istər Mirzoyan, istərsə də onun təmsil olunduğu komandada yer alan digər şəxslər əziyyət çəkib “Dün­yanın kəsişməsi”ni müxtəlif beynəlxalq tribunalara daşımasınlar, reallığa düz­gün qiymət versinlər. Reallıq isə budur ki, Azərbaycanın şərtləri təmin edilməsə, regional kommunikasiyalar tamam başqa tərtibatda açılacaq. Həmin tərtibatda Er­mənistan yer almayacaq, ölkə otuz ilə yaxın müddətdə olduğutək, yenə də da­landa qalacaq. Ən əsası isə otuz il əvvəl olduğu kimi, yenə də tarixi inkişaf für­sətini qaçıracaq. Ermənistan rəhbərliyi bunu istəyirsə, Mirzoyan hər yerdə ağıllı görkəm alıb boş-boş danışa bilər. Onsuz da danışmağa heç nə verilmir, danışmaq­la nəyəsə nail olunmur. 

Ə.CAHANGİROĞLU
XQ



Siyasət