“Freedom House” tərəfindən hazırlanan “İnternet azadlığı indeksi-2025” hesabatında əsas vurğu Rusiyanın üzərində köklənib. Sənədin şərh bölümündə qeyd edilir ki, “Ukraynaya qarşı təcavüzün başlanmasından sonra Rusiya hökuməti ölkədə onlayn məzmuna nəzarət etmək cəhdlərini intensivləşdirib. Öncə ABŞ-da yerləşən 3 fərqli sosial media platformasına – Twitter, Facebook və Instagramın yayımına məhdudiyyətlər qoyulub. Bu, internetdə ən uzunmüddətli qadağa kimi tarixə düşüb. Daha sonra ölkə ərazisində yüzlərlə KİV-ə məxsus saytın fəaliyyəti bloklanıb”.
Paradoksal haldır ki, “Freedom House” Rusiyanın bloklama siyasətinə qarşı cavab addımı atan dövlətləri də eyni dərəcədə tənqid edib. Məsələn, Rusiyanın təxribatçı əməllərinə, yanlış təbiliğatına xidmət edən KİV-in, o cümlədən “Sputnik”in yayımını öz ərazisində məhdudlaşdıran Azərbaycanı da “internet azadlığını pozan” ölkələr sırasına daxil edib. Avropa İttifaqı analoji addımı hələ 2022-ci ildə atmışdı. 2022-ci il fevralın 27-də Rusiya KİV-inin, məxsusi olaraq RT və “Sputnik”in Aİ məkanında yayımını tamamilə qadağan etmişdi. Amma “Freedom House” bu addıma görə Avropa İttifaqını qınamamışdı. Bəs eyni əmələ görə Azərbaycanı niyə tənqid edir?
İkili standartlar “Freedom House” fəaliyyətində çox aydın görünür. Müstəqil araşdırma və hüquq müdafiə təşkilatı kimi təqdim olunmasına baxmayaraq, “Freedom House” uzun illər ərzində yayımladığı hesabatlarda özünün qeyri-obyektiv, qeyri-peşəkar olduğunu, siyasi sifarişlərin təsiri altında fəaliyyət göstərdiyini sübut edib. Onun Azərbaycanla bağlı dəyərləndirmələrində ardıcıl şəkildə qərəzli mövqe nümayiş etdirməsindən belə nəticə çıxır ki, təşkilat öz hesabatlarını əsasən lobbi qruplarının maraqlarına uyğun formalaşdırır. Bu sırada “erməni lobbi qrupları”nın təsirini qəbul edir.
Təşkilatın son “internet azadlığı” hesabatı da bu tendensiyanın növbəti nümunəsidir. Hesabatda iddia edilir ki, guya Azərbaycanda müntəzəm olaraq internet məhdudlaşdırılır, hökumətin fəaliyyətini tənqid edənlər isə “dövlət əleryhinə çıxanlar” kimi təqdim edilir. Bu, həm təhrifdir, həm də faktların şişirdilmiş interpretasiyasıdır. Azərbaycanda internet platformalarına, sosial şəbəkələrə yalnız milli təhlükəsizlik və ictimai asayişi qorumaq məqsədilə dolayı tənzimləmələr tətbiq oluna bilir və bu, dünyanın bütün demokratik ölkələrində mövcud olan üsuldur.
Məsələn, TikTok-un fəaliyyəti bizdə yalnız 2023-cü ildə, antiterror tədbirləri dövründə bir neçə gün ərzində məhdudlaşdırılıb. Amma ABŞ-da TikTok uzun aylar ərzində bağlanılıb. TikTok-un Azərbaycanda məhdudlaşdırılması təhlükəsizlik amilləri ilə bağlı olub, ABŞ-da siyasi mülahisələrlə əlaqələnib. Bu kontekstdə yanaşsaq, “Freedom House” gərək ABŞ-ın adını “qara siyahı”ya salsın. Amma etmir, bu konteksti tamamilə görməzdən gəlir.
Cənubi Qafqaz regionunda mövcud olan dövlətlərə yanaşmasına müqayisəli baxdıqda təşkilatın qeyri-obyektivliyi daha aydın görünür. O, son 15 il ərzində hazırladığı bütün hesabatlarında Azərbaycanı dəyişməz şəkildə “qeyri-azad ölkə” kimi təqdim edib. Bu, regionda baş verən ciddi siyasi dəyişikliklər fonunda xüsusilə anlaşılmazdır. Məsələn, 2018-ci ildə Ermənistanda dövlət çevrilişi baş verdi: Serj Sarkisyan devrildi, Nikol Paşinyan hakimiyyətə gəldi. Qərb dairələri bunu “demokratik dəyərlərin qələbəsi” kimi qiymətləndirdilər. Yəni Sarkisyan rejimini avtokrat, Paşinyan rejimini isə demokrat kimi dəyərləndirdilər. Amma “Freedom House” bu transformasiyanı öz hesabatlarına əks etdirmədi. Onun hesabatlarında Ermənistanın bütün dövrləri demokratiya görüntüsü ilə əks etdirilir. Niyə həm Sarkisyan, həm də Paşinyan dönəmi Ermənistanda eyni kateqoriyada – demokratiyanın inkişafda olduğu, “yarım-azad ölkə” kimi göstərilir?
Bu nümunədə bir nəticə çıxar: hansı siyasi komanda hakimiyyətdə olursa-olsun, hansı rejim qurulursa-qurulsun, “Freedom House” Ermənistanı Azərbaycan və Türkiyədən yüksək qiymətləndirməyə çalışır. Onun ABŞ-dakı erməni lobbi qrupları ilə yaxın əlaqələri barədə məlumatlar bu təsəvvürü gücləndirir. Təşkilatın Şərqi Avropa və Cənubi Qafqaz üzrə ekspert qruplarında Ermənistanyönümlü analitiklərin yer aldığı dəfələrlə mediada diqqətə çatdırılıb.
Onların 2024-cü il iyulun 1-də “Freedom House” adından yayımladıqları “Dağlıq Qarabağda niyə ermənilər yoxdur?” adlı xüsusi hesabat da bu qurumun tendensiyalı yanaşmasını bir daha nümayiş etdirdi. Sənədin məzmunu obyektiv təhlil deyil, Ermənistan tərəfinin narrativlərinin sorğu-sualsız təkrarı idi. Hesabatda münaqişənin tarixi kökləri, separatizmin mahiyyəti, Azərbaycanın suverenlik hüquqlarının bərpası kimi fundamental faktlar ya təhrif olunmuşdu, ya da ümumiyyətlə qeyd edilməmişdi.
Bu nümunələrin hər biri göstərir ki, “Freedom House” beynəlxalq hüquqi reallıqları deyil, müəyyən maraq qruplarının sifarişlərini əsas götürür. Obyektivlik iddiası ilə çıxış edən bu təşkilat əslində, geosiyasi təsirlərin daşıyıcısına çevrilib və region ölkələrinə münasibətdə ikili standartlar nümayiş etdirir. Təşkilat Azərbaycanla bağlı qeyri-real təsvirlər yaratmaqla, həm reytinq bazasını qorumağa, həm də siyasi qrupların maraqlarına xidmət etməyə çalışır.
Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti


