Azərbaycan və Türkiyə üçün yeni geosiyasi çağırışlar
Son dövrlərdə Hindistanın Aralıq dənizi və Cənubi Qafqaz istiqamətində diplomatik fəallığının artması regionun geosiyasi mənzərəsində yeni dinamikanın formalaşmasına gətirib çıxarır. Yeni Dehli Yunanıstan, Kipr və Ermənistanla münasibətlərini sürətlə genişləndirir ki, bu da həm Türkiyə, həm də Azərbaycan üçün strateji baxımdan diqqətlə izlənilməli bir tendensiyadır.
Hindistanın bu siyasətinin arxasında iki əsas məqsəd dayanır. Ölkə bir tərəfdən Türkiyə–Azərbaycan–Pakistan üçtərəfli əməkdaşlığının intensivləşməsi nəticəsində yaranan geosiyasi üstünlüyə əks balans yaratmağı, digər yandan Aralıq dənizində Yunanıstan və Kiprlə yaxınlaşmaqla, Avropa İttifaqına siyasi giriş imkanlarını artırmağı, Cənubi Qafqazda isə Ermənistan üzərindən yeni təsir mexanizmi formalaşdırmağı hədəf seçir. Bu strategiyanın ortaq cəhəti hər üç ölkənin Türkiyəyə münasibətlərindəki mövcud problemlərlə bağlıdır.
Onu da qeyd edək ki, Hindistan–Ermənistan əməkdaşlığının diqqətçəkən tərəfi İrəvanın Hindistan silahlarına çıxışının genişlənməsidir. Ermənistan son illərdə bu ölkədən raket sistemləri, artilleriya vasitələri, radar və müşahidə texnologiyaları əldə edib. Hindistan tərəfindən İrəvana tədarük olunan raket sistemləri və mobil radar stansiyaları Ermənistanın sərhəd xəttində yerləşdirilib. Bu silahlanma regionda güc balansını dəyişdirməsə də, Zəngəzur istiqamətində gərginliyin artması ehtimalını gücləndirir. Ermənistanın Yunanıstan və Hindistanla qurduğu əlavə platforma onun xarici siyasi təminat axtarışlarında riskli davranışların artmasına zəmin yaradır. Bu, Azərbaycanın sərhəd təhlükəsizliyi və hərbi modernləşmə strategiyası üçün diqqətlə izlənilməsi vacib olan faktordur.
Aralıq dənizində baş verən proseslər də əhəmiyyətlidir. Yunanıstan və Kipr uzun illərdir Türkiyəyə qarşı diplomatik və hüquqi təzyiq alətləri inkişaf etdirir. Hindistanın bu xəttə qoşulması həmin cəbhənin beynəlxalq dəstək imkanlarını artırır ki, bu da Türkiyənin Aralıq və Egey dənizlərində siyasətini daha mürəkkəb bir diplomatik şəraitlə üzləşdirir. Məsələn, Türkiyə ABŞ-dan Hindistana 6 ədəd “AH-64E Apache” helikopterinin öz hava məkanından keçidinə mane olaraq tədarük zəncirində ciddi məhdudiyyət yaradıb. Bu addım yalnız Hindistanın silah tədarükünü çətinləşdirmir, eyni zamanda, Türkiyənin geosiyasi mövqeyini sərt şəkildə ifadə edir. Hindistanın Yunanıstan, Kipr və Ermənistanla yaxınlaşması yalnız müdafiə siyasəti ilə bağlı deyil, Ankara üçün strateji təzyiq mexanizmləri yaratmaq məqsədini də daşıyır. Bu yeni reallıq Azərbaycan üçün də diqqətlə izlənilməli bir prosesdir, çünki Azərbaycan–Türkiyə strateji əməkdaşlığı vahid təhlükəsizlik məkanını əhatə edir və bu əməkdaşlıq ölkəmizin diplomatik və hərbi mövqeyini birbaşa gücləndirir.
Azərbaycanın Hindistanla münasibətləri həmçinin Pakistanla əlaqələrlə də bağlıdır. Hindistanın bölgədə anti-Pakistan siyasətinin təsiri hələlik məhduddur, lakin Azərbaycan–Pakistan hərbi-siyasi əməkdaşlığı və Azərbaycanın Kəşmirlə bağlı Pakistan mövqeyini dəstəkləməsi Yeni Dehlinin ehtiyatlı davranmasına səbəb olur. Bu baxımdan Azərbaycan–Hindistan iqtisadi əlaqələrinin uzunmüddətli potensialı, siyasi dialoqun ardıcıl xarakteri və regional layihələrdə ortaq maraqlar münasibətlərin tam şəkildə pisləşməsinin qarşısını alır. Enerji və nəqliyyat sahəsində Hindistanın alternativ yollar axtarması müəyyən rəqabət yaratsa da, Azərbaycanın mövcud tranzit üstünlüyü hələ də güclüdür. Rəsmi İrəvan Asiya və Hindistan məhsullarının Avropa bazarına Ermənistan üzərindən daşınması üçün çalışır və tez-tez Hindistan rəsmiləri ilə görüşlər keçirir. Lakin İran və Hindistanın rəsmi İrəvanla tərəfdaşlığına baxmayaraq, bu ölkələr Ermənistan marşrutunu hələ yekun qərar olaraq seçməyiblər. Digər tərəfdən, Rusiya Şimal–Cənub nəqliyyat dəhlizinin Azərbaycandan keçməsində maraqlıdır və bu, Bakı üçün strateji manevr imkanlarını qoruyur, ölkəmizin regiondakı iqtisadi nüfuzunu artırır. Bu da kənar təsirləri zəiflədir.
Ona görə də Hindistanın regiondakı anti-Pakistan siyasətinin Azərbaycanla münasibətlərə təsiri hələlik məhduddur, lakin nəzərə alınmalıdır. Bakı ilə İslamabad arasında dərinləşən hərbi-siyasi əməkdaşlıq və Azərbaycanın Kəşmirlə bağlı Pakistan mövqeyini dəstəkləməsi Hindistanın Azərbaycanın bəzi sahələrdə, xüsusən də yüksək texnologiyalar və logistika üzrə əməkdaşlıq layihələrində ehtiyatlı davranmasına səbəb olur. Bununla belə, Azərbaycan Hindistanın Cənubi Qafqazdakı əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. Mövcud fikir ayrılıqlarına baxmayaraq, tərəflər qarşılıqlı fayda gətirən əməkdaşlıq formatlarını genişləndirməyə çalışırlar ki, bu da əlaqələrin konstruktiv və gələcəyə yönəlmiş olduğunu göstərir.
Onu da qeyd edək ki, münasibətlərin pisləşməsinin qarşısının alınmasında həyata keçirilən strategiyanın rolu böyükdür. Azərbaycanın bu sahədə strategiyası bir neçə əsas prinsip üzərində qurulur. Birincisi, Azərbaycan–Türkiyə–Pakistan əməkdaşlığı balanslı saxlanılır və anti-Hindistan bloku deyil. İkincisi, Azərbaycan–Hindistan iqtisadi əlaqələri, xüsusən energetika, investisiya və informasiya texnologiyaları sahələrində genişləndirilir. Üçüncüsü, Ermənistanın silahlanma prosesinə cavab olaraq, Azərbaycanın sərhəd təhlükəsizliyi və hərbi texnologiyaları modernləşdirilir. Dördüncüsü, Türkiyənin regionda artan gərginliklər fonunda Azərbaycanla diplomatik həmrəyliyi strateji əhəmiyyət daşıyır. Bu baxımdan Bakı–Ankara hərbi və siyasi əməkdaşlığı artıq region üçün nümunəyə çevrilib. Cənubi Qafqazdakı vəziyyət, Ermənistanla normallaşma prosesi və strateji layihələrdə koordinasiyanın davam etdirilməsi bu əməkdaşlığın əhəmiyyətini daha da artırır. Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi regionda təhlükəsizlik balansını qorumağa imkan verir və heç bir dövlətə qarşı, o cümlədən Hindistana qarşı yönəlməyib.
İndiki şəraitdə isə ekspertlər Azərbaycanla Türkiyə arasında əməkdaşlığa önəm verməyin vacib olduğunu vurğulayırlar. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumunda deyib: “Bir sıra istiqamətlər var ki, burada biz Türkiyə ilə sıx şəkildə əməkdaşlıq etməliyik. Hazırkı mərhələdə maksimum çalışmalıyıq ki, siyasətin əsas elementləri bir-birinə bənzər olsun. Cənubi Qafqazdakı vəziyyət, Ermənistanla normallaşma prosesi davam edir. Bu yaxınlarda Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana gəlib. Ermənistanda indi sülhdən danışırlar, ancaq bunun arxasında da Azərbaycanın qələbəsi dayanır. Bu qələbə olmasaydı, onlar sülhdən danışmazdılar. 2019-cu ildə Ermənistanın lideri “Qarabağ Ermənistandır” deyirdi. Bunları unutmaq olmaz”.
Beləliklə, Hindistanın Yunanıstan–Kipr–Ermənistan xətti ilə yaxınlaşması regional geosiyasətdə daha mürəkkəb balansın formalaşmasına işarədir. Bu, Azərbaycan və Türkiyə üçün birbaşa təhlükə yaratmasa da, ağıllı və soyuqqanlı diplomatik addımlar tələb edir. Hazırda Azərbaycan düzgün strateji planlama və hərbi-modernləşmə proqramları ilə riskləri məharətlə idarə edir. Həm mövcud təhdidləri minimal səviyyəyə endirir, həm də regional liderlik mövqeyini gücləndirir.
Pünhan ƏFƏNDİYEV
XQ


