“Sülh şüarları” “Sülh körpüsü”ndə

post-img

Azərbaycan–Ermənistan QHT dialoqu davam edəcək

Ötən ay Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvana səfərindən sonra noyabrın 21-22-də erməni nümayəndə heyətinin Bakıya gəlməsi Cənubi Qafqazda sülh gündəliyinin təsadüfi yox, ardıcıl və planlı konfiqurasiyada qurulduğunu göstərən ilk ciddi siqnallardan biridir.

Təşəbbüs “Sülh körpüsü” kimi rəsmiləşdirildi, prosesin Vaşinqton Birgə Bəyannaməsi və ondan sonrakı texniki danışıqlar çərçivəsində davamlı elementə çevrildiyi vurğulandı. Bakıda keçirilən görüşdə iştirak edən erməni nümayəndələri – Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan – Azərbaycan tərəfdən Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayevlə iki gün ərzində cəmiyyətlərarası psixoloji baryerlərin necə idarə oluna biləcəyini müzakirə etdilər.

Müqayisəli yanaşsaq, Bakı görüşünün İrəvan mərhələsindən əsas fərqi ondadır ki, burada dialoqun institusional çərçivəsi razılaşdırıldı: prosesin “Sülh körpüsü” adı altında davam etməsi, növbəti altı ay üçün konkret fəaliyyət planının hazırlanması, media və ekspert səviyyəsində əməkdaşlığın ayrıca istiqamət kimi ayrılması qərara alındı.

Bu institutlaşdırma həm siyasi, həm də texniki baxımdan önəmlidir. Siyasi baxımdan ona görə ki, sülh gündəliyi ilk dəfədir kağız üzərində “gözləmə rejimi”ndən çıxıb ardıcıl mexanizmə bağlanır. Texniki baxımdan isə “Sülh körpüsü” formatı xalq diplomatiyasının klassik modelinə uyğunlaşdırılır. Dövlətlərin rəsmi danışıqları fonunda vətəndaş cəmiyyəti seqmentində paralel kanallar açılır və bu kanallar həm ictimai rəyin kəskin bucaqlarını yumşaldır, həm də rəsmi diplomatiya üçün riskli olan mövzuları sınaq mühitində müzakirə etməyə imkan verir.

Bakıda xüsusilə vurğulanan istiqamət media sahəsində birgə koordinasiyanın gücləndirilməsi oldu. Tərəflər informasiya mühitində qarşıdurma ritorikasını azaltmaq, dezinformasiya risklərini minimuma endirmək və sülh gündəliyinə zidd narrativlərin idarə olunması üçün əlaqələrin intensivləşdirilməsinə razılaşdılar. Bu, sülh müqaviləsinin davamlılığı üçün təhlükəsizlik komponentidir. Əgər tərəflər rəsmi danışıqlarda razılıq əldə edirlərsə, amma media mühitində qarşılıqlı demonizasiya halları yaşanırsa, istənilən siyasi şokda həmin razılaşmaların legitimliyi içəridən dağıla bilər. Azərbaycan üçün media əməkdaşlığı həm də o deməkdir ki, Ermənistan cəmiyyətinə ilk dəfə rəsmi Bakıdan yox, ekspert və QHT xəttindən strukturlaşdırılmış, emosiyasız informasiya paketləri ötürülə bilər.

Görüşdə qəbul edilən digər istiqamət ekspert qrupları arasında birbaşa əlaqələrin genişləndirilməsi oldu. Növbəti mərhələdə müxtəlif sahələr üzrə çalışan mütəxəssislər arasında sıx koordinasiya, ortaq analitik yanaşmaların hazırlanmasına, yəni gələcəkdə regionla bağlı birgə konseptual sənədlərin yazılmasına zəmin yaradacaq. Bu, formatı şüar səviyyəsindən çıxarıb, praktiki bilik istehsalı sferasına gətirir. Təcrübə də göstərir ki, Balkanlardan Yaxın Şərqə qədər əksər münaqişə zonalarında sülh prosesini davam etdirən əsas təbəqə məhz ortaq ekspert platformaları olub. Siyasi dalğalanma olanda belə, bu platformalar texniki dialoqu saxlayıb və müəyyən həddə qədər böhranı amortizasiya edib.

Mühüm epizodlardan biri də erməni nümayəndə heyətinin Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşməsi oldu. Görüş faktiki olaraq rəsmi diplomatiya ilə vətəndaş diplomatiyası arasında kəsişmə nöqtəsi funksiyasını yerinə yetirdi. Müzakirədə Vaşinqton Birgə Bəyannaməsindən sonra atılan addımlar, sülh və dövlətlərarası münasibətlər haqqında saziş mətninin paraflanması, Minsk mexanizminin bağlanması təşəbbüsü, kommunikasiya xətlərinin açılması və TRIPP marşrutu üzrə razılaşdırılan çərçivələr fonunda bu təşəbbüsün yerinə yetirəcəyi rol dəyərləndirildi. Deməli, vətəndaş cəmiyyətinin dialoqu artıq rəsmi xəttə paralel kimi yox, həmin razılaşmaların icrasını möhkəmləndirən yardımçı alət kimi nəzərdən keçirilir.

Beynəlxalq müstəvidə “Sülh körpüsü” prosesini alternativ paralellər fonunda oxuyanda fərq daha aydın görünür. Brüssel formatı uzun müddət sülh gündəliyini bəyannamələr səviyyəsində saxladı, lakin cəmiyyətlərə toxunan mexanizm yaratmadı. Moskva xətti hərbi-siyasi təzyiq alətlərinə söykəndi və nəticədə etimad resursunu itirdi. Vaşinqton Bəyannaməsi isə çərçivəni müəyyən etsə də, onun aşağı səviyyələrdə real həyata keçməsi üçün vasitəçi platformalara ehtiyac var idi. “Sülh körpüsü” məhz bu boşluğu dolduran yerli mərkəzli mexanizmdir.

Bu mənzərədə noyabrın 21–22-də Bakı görüşü sülh prosesinin yeni mərhələyə keçidinin indikatoru kimi oxumaq daha məntiqlidir. İrəvan–Bakı xəttində vətəndaş cəmiyyəti dialoqu artıq epizodik aksiyadan çıxıb, Vaşinqton təmasından sonra yaranmış siyasi pəncərəni dolduran davamlı platformaya çevrilir. Bu platformanın real dəyəri isə bir neçə ay sonra – razılaşdırılan layihələr işə düşəndə, media gündəmində qarşılıqlı koordinasiya görünəndə, ekspert səviyyəsində birgə analitik sənədlər ortaya çıxanda ölçüləcək. Hazırda məlum olan budur: Azərbaycan sülh gündəliyini emosional yox, strukturlu formata keçirib və “Sülh körpüsü” bu strukturun test meydançasıdır.

Rusif HÜSEYNOV,
Topçubaşov Mərkəzinin direktoru, siyasi analitik

Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərindən bir ay sonra qarşı tərəf də Bakıya cavab səfəri etdi. Bu ardıcıllıq bizim üçün prosesi təsadüfi epizodlardan çıxarıb idarə olunan formaya gətirən vacib addımdır. Məqsəd fasilələr yaratmadan davamlılığı qorumaqdır. Çünki sülh prosesi dayandığı hər gün yenidən sıfırlanma riski ilə üzləşir. Bu mənada “Sülh körpüsü” çərçivəsində iki ölkənin nümayəndə heyətləri arasında görüşləri daha da intensivləşdirmək zərurəti yaranacaq.

Bu dəfə də iki qrup arasında geniş müzakirələr oldu. Təşəbbüsə “Sülh körpüsü” adının verilməsi prosesin özünü sabitləşdirən simvolik qərardır. Ad seçimi niyyətin yönünü müəyyən edir. Ad olanda məsuliyyət də dəqiqləşir, çünki artıq hər görüş bu çərçivənin davamı kimi qiymətləndirilir.

Burada bir məqamı ayrıca vurğulamaq lazımdır: bizim qrupların funksiyası hökumətlərin qərarını əvəz etmək deyil. Əksinə, iki dövlət arasında razılaşmaların cəmiyyət tərəfindən qəbul edilə bilməsi üçün lazım olan informasiya mühiti, psixoloji keçid və analitik dəstəyin formalaşdırılmasıdır. Bu, əvvəllər regionda heç vaxt nəzərə alınmayan bir boşluq idi. İndi isə boşluq planlı şəkildə doldurulur.

Görüşün nəticəsi konstruktiv oldu. Biz həm yaxın müddətdə görülə biləcək işləri müəyyənləşdirdik, həm də daha böyük çərçivənin konturlarını aydınlaşdırdıq. Əsas fərq odur ki, bu dəfə danışıqlar gələcək üçün sınaq addımı deyil. Bu, artıq davamlı prosesin özüdür. Qarşıdakı dövrdə bu görüşlərin nəticələrini konkret işlər, görünən əməkdaşlıq və ölçüləbilən tərəqqi formasında görəcəyinizə ümid edirəm.

Tacir SADIQOV
XQ



Siyasət