Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 4 mart tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 mart tarixli 520 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”na (bundan sonra – Dövlət Proqramı), habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (bundan sonra – BMAT) beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq hazırlanmışdır və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
1.2. Bu Qaydalarla tənzimlənməyən məsələlər “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra – Qanun), “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya və Konvensiyanın 9 nömrəli Əlavəsi – “Rəsmiyyətin sadələşdirilməsi” sənədi ilə müəyyən edilmiş BMAT-ın beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq həyata keçirilir.
1.3. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. baqaj – hava gəmisi istismarçısının razılığı əsasında hava gəmisində daşınan, sərnişinə və ya hava gəmisinin heyətinə məxsus olan əmlak;
1.3.2. qeydiyyat – müəyyən reyslərə qəbul üçün hava gəmisinin istismarçısı tərəfindən sərnişinlərin sənədlərinin rəsmiləşdirilməsi proseduru;
1.3.3. səlahiyyətli orqanlar – hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair BMAT-ın beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun normativ hüquqi aktların tətbiqinə və onların tələblərinə riayət olunmasında iştirak edən, habelə hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi ilə bağlı qarşılıqlı fəaliyyət göstərən dövlət orqanları (qurumları);
1.3.4. tranzit zona – beynəlxalq hava limanında (aeroportda) yaradılmış, aidiyyəti səlahiyyətli orqanların nəzarəti altında olan və sərnişinlərin Azərbaycan Respublikasına giriş üçün müraciət etmədən tranzit və ya transfer keçid zamanı qala biləcəkləri xüsusi sahə;
1.3.5. yük – baqaj, poçt və bort ehtiyatları (qidaları) istisna olmaqla, yük qaiməsi ilə rəsmiləşdirilən və hava gəmisində daşınmaq üçün qəbul edilən istənilən əmlak.
1.4. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanunla, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
1.5. Hava daşımaları vasitəsilə idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatlarının (xidmətlərinin) elektron formada həyata keçirilməsi və sənədlərin rəsmiləşdirilməsi “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekabr tarixli 547 nömrəli Fərmanına uyğun olaraq yaradılmış “Bir pəncərə” informasiya sistemi vasitəsilə təmin edilir.
2. Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinin təşkili
2.1. Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi (bundan sonra – rəsmiyyətin sadələşdirilməsi) ilə bağlı proseslər aşağıdakılardır:
2.1.1. hava gəmisinin, hava gəmisi heyətinin, sərnişinlərin, yükün, baqajın, poçtun və bort ehtiyatlarının (qidalarının) daşınması ilə əlaqədar rəsmiyyətin sadələşdirilməsi;
2.1.2. gecikmələrin qarşısının alınması;
2.1.3. hava əlaqələrinin sürətləndirilməsi məqsədilə prosedurların təkmilləşdirilməsi.
2.2. Hər bir hava limanı (aeroport) (bundan sonra – hava limanı) Qanunun 45.2-ci maddəsinə uyğun olaraq, rəsmiyyətin sadələşdirilməsinə dair öz proqramını tərtib edir və fəaliyyətini həmin proqramla müəyyənləşdirilmiş vəzifələrə uyğun həyata keçirir.
2.3. Azərbaycan Respublikasında hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində strateji məqsədlərin müəyyən edilməsi və dövlət orqanlarının (qurumlarının) işinin əlaqələndirilməsi, habelə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarət və bu Qaydaların həyata keçirilməsinin təmini Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın (bundan sonra – Komissiya) fəaliyyəti çərçivəsində həyata keçirilir.
2.4. BMAT-ın beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq, rəsmiyyətin sadələşdirilməsi ilə bağlı Komissiyanın qərarlarının icrası səlahiyyətli orqanlar və digər büdcə təşkilatları, habelə dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər üçün məcburidir.
3. Hava gəmisinin, hava gəmisi heyətinin, sərnişinlərin, yükün, baqajın, poçt daşımalarının, bort ehtiyatlarının (qidalarının) daşınması ilə əlaqədar rəsmiyyətin sadələşdirilməsi proseduru
3.1. Hava gəmisinin, hava gəmisi heyətinin, sərnişinlərin, yükün, baqajın, poçt daşımalarının və bort ehtiyatlarının (qidalarının) daşınması ilə əlaqədar rəsmiyyətin sadələşdirilməsi üzrə tədbirlər sərhəd, gömrük və miqrasiya nəzarətinin tətbiqi prosedurları, aviasiya və uçuşların təhlükəsizliyi, terrorçuluğa, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə, valyuta sərvətlərinin və milli valyutanın transsərhəd daşınmasına və narkotik vasitələrə nəzarət tədbirləri, eyni zamanda sərhəd, gömrük və miqrasiya qanunvericiliyinin tələbləri nəzərə alınmaqla həyata keçirilir.
3.2. Azərbaycan Respublikasında səhiyyə sahəsi ilə bağlı məhdudiyyətlər Beynəlxalq Tibbi-Sanitariya Qaydalarında nəzərdə tutulmuş hallarda tətbiq edilir. Bu hallar istisna olmaqla, beynəlxalq hava daşımaları dayandırılmır və xarici dövlətə mənsub hava gəmilərinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarına enişinə maneə yaradılmır.
3.3. Rəsmiyyətin sadələşdirilməsini və sürətli keçidi təmin etmək üçün hava gəmisinin sərnişinlərinə və heyət üzvlərinə dair ilkin məlumatlar və sərnişin adlarının qeydiyyat məlumatları hava gəmisinin istismarçısı tərəfindən sərnişin məlumatlarına dair “bir pəncərə” sisteminə ötürülür. Həmin məlumatlar “bir pəncərə” sistemi vasitəsilə Elektron Hökumət İnformasiya Sistemi üzərindən real vaxt rejimində aidiyyəti səlahiyyətli orqanlara onların fəaliyyət istiqamətlərinə əsasən təhlillər aparılması və tədbirlər görülməsi məqsədilə Qanunun 46.2-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun olaraq təqdim edilir.
3.4. Rəsmiyyətin sadələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində (bundan sonra – dövlət sərhədindən buraxılış məntəqələri) mallara və nəqliyyat vasitələrinə nəzarət gömrük orqanları tərəfindən bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan “Bir pəncərə” informasiya sistemi vasitəsilə əldə edilən sənədlər (məlumatlar) əsasında həyata keçirilir.
4. Azərbaycan Respublikasına gəlmə və Azərbaycan Respublikasından getmə
4.1. Azərbaycan Respublikasına gələn əcnəbi və ya xarici ölkədə daimi yaşayan vətəndaşlığı olmayan sərnişinlərə viza verilməsi və onların vizadan azad edilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə tənzimlənir.
4.2. Siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq olunan ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsi “ASAN Viza” sistemi vasitəsilə təmin edilir.
4.3. Sərhəd mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasına gələn və Azərbaycan Respublikasından gedən şəxslərin sənədlərinin rəsmiləşdirilməsini (yoxlanılmasını) sürətləndirmək məqsədilə avtomatlaşdırılmış texniki vasitələr tətbiq edilir.
4.4. Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq, pasportlar, vizalar və ya digər sərhədkeçmə sənədləri BMAT-ın “Doc 9303, Maşınla oxuna bilən səyahət sənədlərinə dair Təlimat” sənədində nəzərdə tutulmuş qaydada, maşınla oxuna bilən formada səlahiyyətli orqanlar tərəfindən verilir. Qaçqınlar və xarici ölkədə daimi yaşayan vətəndaşlığı olmayan sərnişinlər maşınla oxuna bilən sərhədkeçmə sənədləri təqdim etmədikləri təqdirdə, səlahiyyətli orqanlar BMAT-ın “Doc 9303, Maşınla oxuna bilən səyahət sənədlərinə dair Təlimat” sənədinin “Maşınla oxuna bilən pasport”lara dair 4-cü hissəsinə uyğun olaraq səhifənin formatının “vizual zonaya” dair texniki tələblərə uyğunluğunu yoxlayırlar.
4.5. Səlahiyyətli orqanlar hava gəmisinin istismarçıları və hava limanı ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində, adi prosedurdan kənara çıxmayan sərnişinlər üçün tələb olunan gediş və gəliş rəsmiləşdirmələrini mümkün qısa müddət ərzində tamamlayırlar.
4.6. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 300-cü və 304.2-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında dövlət sərhədindən buraxılış məntəqələrində gömrük nəzarəti zamanı fiziki şəxslərin dövlət sərhədindən keçirilən malların bəyan edilməsinin güzəştli və sadələşdirilmiş qaydasından istifadə etmələri üçün ikikanallı – “Yaşıl kanal” və “Qırmızı kanal” buraxılış sistemləri tətbiq edilir. Həmçinin, fiziki şəxslərin gömrük sərhədindən güzəştli qaydada keçirdiyi mallara gömrük baxışı seçmə yolu ilə həyata keçirilir.
4.7. Hava limanından üçüncü ölkəyə gedən hava gəmisinin heyət üzvlərinin, sərnişinlərinin və onların baqajlarının sərhəd nəzarəti prosedurlarını keçmədən və 24 (iyirmi dörd) saatdan artıq olmayan müddət üçün viza tələb olunmadan hava limanında qala bilmələri üçün Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında tranzit zonaları yaradılır.
4.8. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq, əcnəbi və ya xarici ölkədə daimi yaşayan vətəndaşlığı olmayan sərnişinlər təyyarə dəyişmədən Azərbaycan Respublikasının ərazisindən tranzitlə uçduqda, hava limanının tranzit zonasında sərhəd nəzarəti prosedurlarını keçmədən təyyarə dəyişməklə təyinat ölkəsinə getdikdə (bir şərtlə ki, sərnişinlərin təyinat ölkəsinə daxil olmaq hüququnu təsdiq edən sənədləri, təyyarə dəyişmək üçün endikləri hava limanından yoladüşmə vaxtını təsdiq edən sərnişin biletləri olsun və Azərbaycan Respublikasının ərazisində qalma müddəti 24 (iyirmi dörd) saatdan artıq olmasın), Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə imkan verən digər vizalar verilmiş olduqda və ya Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olan dövlətin vətəndaşları olduqda, tranzit keçid üçün tranzit vizası tələb edilmir.
4.9. Səlahiyyətli orqanlar hava gəmisinin və hava limanının istismarçıları ilə əməkdaşlıq çərçivəsində hava gəmisinin tutumundan və nəzərdə tutulmuş enmə vaxtından asılı olmayaraq, bütün sərnişinlərin (əlavə yoxlanılması tələb edilən sərnişinlər istisna olmaqla) hava gəmisindən düşdükləri andan hesablanmaqla 45 (qırx beş) dəqiqə ərzində yoxlanılmasının tamamlanmasını hədəf kimi müəyyən edərək, bu məqsədlə zəruri təşkilati tədbirlər görürlər.
4.10. Səlahiyyətli orqanlar hava limanında bir beynəlxalq reysdən digər beynəlxalq reysə göndərilən təhlükəsiz baqajın, aviasiya və uçuşların təhlükəsizliyi və digər zəruri nəzarət tədbirləri ilə şərtləşdirilmiş hallar istisna olmaqla, təkrar yoxlama aparılmadan birbaşa ötürülməsinə icazə verirlər. Birbaşa ötürülmə mümkün olmadıqda, belə baqajın uyğun yerdə əsaslı şəkildə nəzarət və müşahidə altında müvəqqəti saxlanılması üçün hava limanının istismarçısı (və ya bu istiqamət üzrə səlahiyyətli yerüstü xidmət təminatçısı) tərəfindən tədbirlər görülür. Hava gəmisinin istismarçısı səlahiyyətli orqanların vəzifəli şəxslərini beynəlxalq reyslə ölkəyə gətirilmiş və sonradan digər ölkəyə göndərilən təhlükəsiz baqaj barədə məlumatlandırır.
4.11. Etibarsız sərhədkeçmə sənədləri ilə gələn şəxslərin daşınmasının qarşısını almaq üçün səlahiyyətli orqanlarla hava gəmisinin istismarçıları arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində tədbirlər görülür. Belə hallar baş verdikdə həmin şəxslər hava gəmisi istismarçılarının nəzarəti ilə geri göndərilirlər.
4.12. Səlahiyyətli orqanlar sərnişinlər tərəfindən təqdim edilən sərhədkeçmə sənədlərinin qiymətləndirilməsində dələduzluğun və sui-istifadənin qarşısını almaq məqsədilə hava gəmisinin istismarçılarına kömək edirlər və Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq, saxta və ya başqasına məxsus sənədlərin müsadirə edilməsi, oğurlanmış, itirilmiş və qüvvədən düşmüş sərhədkeçmə sənədləri barədə dəqiq məlumatları dərhal Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosuna təqdim edirlər. Belə sərhədkeçmə sənədlərinin dövlət orqanları tərəfindən götürüldüyü və cinayət təqibi məqsədləri üçün saxlanıldığı hallar istisna olmaqla, həmin sənədlər onları vermiş aidiyyəti dövlətin müvafiq orqanlarına, yaxud Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinə və ya konsulluğuna qaytarılır.
4.13. Səlahiyyətli orqanlar tərəfindən şəxsin Azərbaycan Respublikasına girişi üçün əsas olmadığı müəyyən edildikdə, hava gəmisinin istismarçıları dərhal yazılı (kağız daşıyıcıda və ya elektron sənəd formasında) məlumatlandırılır və bu şəxsin geri qaytarılması imkanları barədə məsləhətləşmələr aparılır. Müvafiq sənədlərə malik olmayan şəxsin Azərbaycan Respublikasına daxil olmaq hüququna malik olmaması müəyyən edildikdən sonra o, dövlətin ərazisindən çıxarılması üçün aidiyyəti səlahiyyətli orqanlar tərəfindən hava gəmisinin istismarçısına təhvil verilir. Həmin şəxs hava gəmisinin istismarçısına təhvil verildiyi andan etibarən onun saxlanılması və təminatı ilə bağlı xərclərə hava gəmisinin istismarçısı cavabdehdir. Hər hansı şəxsin Azərbaycan Respublikasına girişindən imtina edildikdə və həmin şəxs Azərbaycan Respublikasından çıxarılması üçün hava gəmisi istismarçısının məsuliyyəti altına verildikdə, hava gəmisi istismarçısının həmin şəxsin Azərbaycan Respublikasından çıxarılması ilə bağlı bütün nəqliyyat xərclərini ondan tələb etmək hüququ vardır.
4.14. Səlahiyyətli orqanlar tərəfindən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma haqqında qərar qəbul edilmiş şəxslər hava yolu ilə getmək məcburiyyətində olduqları hallarda hava gəmisi istismarçısının məlumatlandırılması təmin edilir. Səlahiyyətli orqanlar uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün təhlükəsizlik tədbirlərinin vaxtında görülməsi məqsədilə qərar qəbul edildiyi andan hava gəmisinin istismarçısını dərhal yazılı (kağız daşıyıcıda və ya elektron sənəd formasında) məlumatlandırırlar.
4.15. Səlahiyyətli orqanlar xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təşkil edilən humanitar uçuşlar, yardım göstərilməsi və repatriasiya (hərbi əsirlərin, qaçqınların, mühacirlərin və başqalarının öz vətəninə qaytarılması) üçün yerinə yetirilən reyslərə münasibətdə rəsmiyyətin sadələşdirilməsi üzrə prosedurlar tətbiq edirlər.
4.16. Readmissiya sazişləri çərçivəsində xarici ölkələrdən Azərbaycan Respublikasına göndərilən şəxslərin hava limanlarında həyata keçirilən digər prosedurlara mane olmadan səlahiyyətli orqanlar tərəfindən qəbulunun və uçota alınmasının, həmçinin onlarla ilkin müsahibə aparılmasının təşkili üçün aidiyyəti səlahiyyətli orqanlar və hava limanının istismarçısı tərəfindən müvafiq şərait (otağın ayrılması, zəruri avadanlıqla təmin edilməsi və sair) yaradılır.
5. Hava limanlarında rəsmiləşdirmə proseduru
5.1. Hava nəqliyyatı ilə daşınan yüklərin sərhəd və gömrük nəzarətinin sadələşdirilməsi məqsədilə aidiyyəti mülki aviasiya subyektləri dövlət sərhədi, miqrasiya və gömrük sahəsində normativ hüquqi aktlar, hava limanının mövcud şəraiti, inkişaf perspektivi, hava limanları tərəfindən tərtib edilmiş proqramlar, həmçinin Komissiyanın təqdim etdiyi tövsiyələr nəzərə alınmaqla, hava nəqliyyatında yüklərin daşınması prosesinin sürətləndirilməsi üzrə müəyyən etdikləri prosedurları tətbiq edirlər.
5.2. Mülki hava gəmilərində daşınma məqsədilə hava limanı yük terminalının anbarlarına daxil olmuş yükün təhlükəsizliyi, saxlanması, mühafizəsi, nəql edilməsi və hava gəmisinə yüklənməsi üçün aidiyyəti mülki aviasiya subyektləri tərəfindən zəruri şərait yaradılmalıdır.
5.3. Beynəlxalq hava limanının ərazisində sərbəst zona və (və ya) gömrük anbarı yaradılmadıqda, lakin həmin limanın yaxınlığındakı ərazilərdə bu cür obyektlər mövcud olduqda, səlahiyyətli orqanlar hava nəqliyyatı vasitələrinin həmin obyektlərdən digər nəqliyyat vasitələri ilə eyni şərtlərlə istifadəsini təmin edən tədbirlər görürlər.
5.4. Hava daşımaları üçün tələb olunan sənədlər hava gəmisinin istismarçısı tərəfindən səlahiyyətli orqanların informasiya sistemlərinə “Bir pəncərə” informasiya sistemi vasitəsilə ötürülür.
5.5. Yük siyahısının tərtib və təqdim edilməsinə hava gəmisinin istismarçısı və ya onun səlahiyyətli nümayəndəsi, gömrük rəsmiləşdirilməsi üçün tələb olunan digər sənədlərin tərtib və təqdim edilməsinə isə bəyannaməçi cavabdehdir.
5.6. Beynəlxalq hava limanlarında sərnişinlərlə, hava gəmisinin heyət üzvləri ilə, həmçinin baqajla, yüklə, poçt göndərişləri və bort ehtiyatları ilə bağlı göstərilən xidmətlərin və rəsmiləşdirmənin təmin olunması məqsədilə həmin hava limanlarının istismarçıları hava gəmilərinin istismarçıları ilə qarşılıqlı fəaliyyətini Konvensiyanın 9 nömrəli Əlavəsi – “Rəsmiyyətin sadələşdirilməsi” sənədi ilə müəyyən edilmiş BMAT-ın beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq təşkil edirlər.
5.7. Aviasiya və uçuşların təhlükəsizliyi tədbirləri mövcud aviasiya və uçuşların təhlükəsizliyi sisteminin, həmçinin Azərbaycan Respublikasının mülki hava limanlarının aviasiya və uçuşların təhlükəsizliyi proqramlarının tələblərinə uyğun olaraq həyata keçirilir.
5.8. Hava limanı binasının yenidən qurulmasının planlaşdırılması, həmçinin rəsmiyyətin sadələşdirilməsi üzrə yeni prosedurlar hava limanında texniki vasitələrin dəyişdirilməsini və ya yeni avadanlıqla təchiz olunmasını tələb etdiyi hallarda, eləcə də səlahiyyətli orqanların və hava gəmisi istismarçılarının təkliflərinə əsasən, hava limanının istismarçısı tərəfindən bununla əlaqədar mümkün tədbirlər görülür.
5.9. Fiziki şəxslərin Azərbaycan Respublikası gömrük qanunvericiliyinin əsas müddəaları ilə əvvəlcədən tanış olmalarını təmin etmək məqsədilə malların gömrük rəsmiləşdirilməsi qaydaları, istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların siyahısı və gömrük ödənişlərindən azadolma şərtləri, habelə gömrük ödənişləri barədə məlumatlar Azərbaycan, ingilis və BMAT-ın digər rəsmi dillərindən birində beynəlxalq hava limanlarının gəlmə və getmə zallarının xüsusi yerlərində stenddə, eləcə də bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan “Bir pəncərə” informasiya sistemində yerləşdirilir.
5.10. Rəsmiyyətin sadələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisindən yola düşən sərnişinlərə uçuşqabağı baxış keçirilməsi zamanı aviasiya və uçuşların təhlükəsizliyi tədbirləri və ya narkotik vasitələrə nəzarət tədbirləri olaraq, hava limanında partlayıcı və narkotik maddələrin detektorları, təhlükəli mayelərin və radioaktiv şüalanma mənbələrinin məsafədən aşkar edilməsi üçün portativ təhlükəsizlik cihazı kimi xüsusi avadanlıqdan istifadə edilir.
5.11. Hava nəqliyyatından istifadə edən əlilliyi olan sərnişinlərə xidmət göstərilməsinin təmin edilməsi üçün səlahiyyətli orqanlar tərəfindən hava gəmisinin istismarçıları, hava limanlarının istismarçıları və yerüstü xidmət təminatçıları ilə birlikdə xüsusi yardım göstərilməli, hava daşımaları zamanı bütün sərnişinlərə təqdim edilən xidmətlərin onlar üçün əlçatanlığı (o cümlədən xidmətlərin əlilliyi olan şəxslər üçün universal dizayn prinsipləri əsasında beynəlxalq standartlara uyğunlaşdırılması) təmin edilməlidir.
5.12. Reyslərin birləşdirilməsi zamanı və vaxt çatışmazlığı yaradan digər oxşar hallarda, ilk növbədə, əlilliyi və xəstəliyi olan sərnişinlərin, habelə hamilə qadınların və ahılların bir hava gəmisindən digər hava gəmisinə keçməsi hava limanının və hava gəmisinin istismarçıları ilə birlikdə aidiyyəti səlahiyyətli orqanlar tərəfindən təmin edilməlidir.
6. Gecikmələrin qarşısının alınması
6.1. Azərbaycan Respublikasının mülki hava limanlarında xarici ölkələrdən gələn və ya xarici ölkələrə gedən hava gəmilərinin rəsmiləşdirilməsi zamanı əsassız gecikmələrə yol verilməməsi üçün əvvəlcədən hava gəmisinin istismarçıları tərəfindən sərnişinlərə xəbərdarlıq edilir (SMS xəbərdarlıq, yaxud digər məlumatlandırma vasitələrindən istifadə edilməklə) və digər tədbirlər həyata keçirilir.
6.2. Hava gəmilərinin gəlməsi, getməsi, gecikməsi, son anda gəlmə və getmə vaxtına edilən dəyişikliklər, həmçinin sərnişinlərin qeydiyyatı sektorlarının dəyişdirilməsi haqqında sərnişinlərin və onları qarşılamağa gələnlərin ətraflı məlumatlandırılmasını təmin etmək üçün hava limanlarında BMAT-ın “Doc 9249, dinamik uçuşla bağlı ictimai məlumat görüntüləri” sənədində müəyyən edilmiş standart formaya uyğun olan və səsucaldan rabitə vasitələri ilə təchiz edilən məlumat lövhələri və monitorlar hava limanının istismarçısı və ya yerüstü xidmət təminatçısı tərəfindən quraşdırılır.
6.3. Hava limanında əsassız gecikmələrin qarşısını almaq məqsədilə baqajın onun verilmə zonasına vaxtında çatdırılması üçün hava limanının istismarçısı və ya yerüstü xidmət təminatçısı tərəfindən bütün zəruri tədbirlər görülür.
7. Hava əlaqələrinin sürətləndirilməsi üzrə prosedurların sadələşdirilməsi
7.1. Hava limanının istismarçısı tərəfindən dövlət sərhədindən hərəkət edən sərnişinlərin sürətli keçidi məqsədilə gəlmə və getmə zallarında müvafiq sayda sərhəd və miqrasiya nəzarəti kabinələrinin, habelə gömrük postlarının quraşdırılması təmin edilir.
7.2. Beynəlxalq mülki hava limanlarında rəsmiləşdirmə prosedurunun sürətləndirilməsi, həmçinin perronda xidmət və hava gəmilərinin dayanacaqda durma müddətinin qısaldılması məqsədilə:
7.2.1. hava gəmilərinin dayanacaq yerlərinin aerovağzala mümkün qədər yaxın olmaqla yerləşdirilməsi üçün tədbirlər görülür;
7.2.2. yükləmə və boşaldılma prosesi yerinə yetirilməyən hava gəmiləri üçün perronda hərəkətə mane olmamaq şərtilə aerovağzal binasından uzaqda dayanacaq yerləri ayrılır, həmçinin bu dayanacaq yerlərindən optimal istifadə üçün tədbirlər görülür;
7.2.3. hava gəmilərinin uçuş cədvəlinə uyğun olaraq vaxtında yanacaqla doldurulmasının təmin edilməsi məqsədilə hava limanının istismarçısı və ya müvafiq yerüstü xidmət təminatçıları tərəfindən texniki tələblərə və təhlükəsizlik standartlarına cavab verən yanacaqdoldurma vasitələri, xüsusi avadanlıq, texniki heyət və operativ-logistik imkanlar təmin edilir, habelə yanacaqdoldurma prosesinin fasiləsiz və təhlükəsiz həyata keçirilməsi üçün zəruri təşkilati tədbirlər görülür;
7.2.4. hava gəmisindən keçid üçün dəhliz olmadığı hallarda məsafə, aviasiya və uçuşların təhlükəsizliyinin təmin edilməsi nəzərə alınaraq, gələn (gedən) sərnişinlərin perronda hava gəmilərinin dayanacaq yerlərindən aerovağzal kompleksinə daşınması üçün yerüstü nəqliyyat vasitəsi təmin edilir.

