Azərbaycan Xalq Cümhuriyyətinin yaranması çoxəsrlik tarixi olan dövlətçiliyimizin ən parlaq səhifələrdən biri kimi XX əsrin əvvəllərində dünyada baş verən ictimai-siyasi proseslərin nəticəsi idi. Rusiyada çarizmin devrilməsi, milli azadlıq hərəkatının güclənməsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şərait yaratdı.
Bu dövrdə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən qabaqcıl ziyalılarımız xalqımızın intellektual potensialıına arxalanaraq itirilmiş dövlətçiliyimizi bərpa etdilər. AXC yeni tariximizə Şərqin ilk demokratik dövləti kimi qədəm qoydu.
1918-ci il may ayının 28-də qəbul edilmiş “İstiqlal Bəyannaməsi” ilə Şərqdə ilk dəfə olaraq Azərbaycanda demokratik respublika idarə üsulu – parlamentli dövlətin yaradıldığı elan edildi. Dövlətçilik tariximizdə yeni bir dövrə qapı açan bu sənəd müstəqil Azərbaycan dövlətinin yaradılması ilə yanaşı, onun prioritetlərini və məqsədlərini də bəyan etdi.
1918-ci il iyun ayının 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da Bakıda yenidən fəaliyyətə başladı. Hökumətin sədri Fətəli xan Xoyski şuranın iclasında bildirdi ki, parlament formalaşdırmaq üçün hazırlıq tələb olunduğundan hökumət bu işi öz öhdəsinə götürməyi Milli Şuradan xahiş edir. Milli Şuranın 1918-ci il noyabrın 19-da Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçən iclasında “Azərbaycanın Məclisi-Məbusanın təsisi haqqında” qanun layihəsi müzakirə olundu.
Milli Şuranın müzakirələr nəticəsində qəbul edildiyi qanunda göstərilirdi ki, hələ 1917-ci ilin sonlarında Cənubi Qafqazın müsəlman partiyalarından ümumi səsvermə yolu ilə Rusiya Məclisi-Müəsissanına seçilmiş 14 nəfər nümayəndənin siyahısı seçkilərdə iştirak etmiş partiyaların qazandıqları səslərə müvafiq olaraq genişləndirmiş 44 nəfərə çatdırdı. Cənubi Qafqaz Mərkəzi Müsəlman Komitəsi Azərbaycan Məclisi-Müəsissanını toplamağın mümkün olmadığını nəzərə alaraq, bu məsələnin həllini Zaqafqaziya Seymində Azərbaycanı təmsil etməkdə görmüşdü.
Zaqafqaziya Seymi və Zaqafqaziya Cümhuriyyəti Hökuməti öz fəaliyyətinə xitam verdikdə Seymdəki 44 nəfər müsəlman deputat Azərbaycan Milli Şurasının yaradıldığını elan etmiş və Azərbaycanın idarəçiliyini öhdəsinə götürmüşdü.
Yeni Şuranın qəbul etdiyi “Azərbaycan Məclisi-Məbusanının (parlamentinin) təsisi haqqında” qanunda göstərilirdi ki, Milli Şura ölkədə yaşayan bütün millətləri təmsil edir. Digər tərəfdən, müxtəlif siyasi partiyaların nümayəndələri ilə bərabər, Azərbaycan xalqının müxtəlif təbəqələrinin də parlamentdə təmsil olunmalarına böyük ehtiyac var.
Milli Şura Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı qərara aldı. Göstərilən qanuna əsasən, parlamentə Azərbaycan Xalq Cümurhiyyəti ərazisində yaşayan xalqların sayı nəzərə alınaraq, azərbaycanlılardan 89, ermənilərdən 21, ruslardan 10, yəhudilərdən 1, almanlardan isə 1 nəfər nümayəndə göndərilməli idi. Milli Şuranın qəbul etdiyi qanunda göstərilirdi ki, azlıq təşkil edən millətlərin bütün nümayəndələri yeni təmsilçilər olacaqdır.
Azərbaycanlılardan isə 44 nəfər Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildiklərindən yeni parlamentin tərkibinə üzv daxil edildilər. Qalan 36 nəfər isə əlavə nümayəndələr kimi Azərbaycanın ayrı-ayrı şəhər və qəzalarından göndərilməli idilər. Qanunda sayları az olduğuna görə nümayəndə seçmək səlahiyyətləri olmayan, lakin ölkə ərazisindəki digər azsaylı xalqlar arasında nisbətən çoxluq təşkil edən gürcü və polyak milli komitələrinin hərəsindən 1 nümayəndə göndərmələrinə razılıq verildi. Bundan əlavə, parlamentə Bakı Həmkarlar Təşkilatları tərəfindən 3 nəfər, Bakı Neft Sənayeçiləri İttifaqından 3 nəfər nümayəndənin göndərilməsi də nəzərdə tutulurdu.
Qanuna edilən qeydlərdə Cümhuriyyət Parlamentində təmsil olunacaq üzvlərin müəyyən edilməsi qaydaları da əksini tapmışdı. Qeydlərə əsasən, parlamentə daxil olan 44 nəfər Milli Şura üzvündən ölən, istefa verən və ya başqa səbəbdən məclisdən çıxan nümayəndənin yerinə onun mənsub olduğu partiyanın digər nümayəndəsi daxil edilirdi. Bələdiyyəsi və milli komitəsi olmayan qəzalardan parlamentə nümayəndə kənd şuralarının göndərdiyi nümayəndələrin ümumi iclasında seçildi.
Erməni, rus və azlıqda qalan digər millətlərdən parlamentə nümayəndələr həmin millətlərin milli şuraları və ya komitələri tərəfindən göstərilirdi. Şəhər nümayəndələrinin sənədləri bələdiyyə rəisi, qəzalardan göndərilənlərinki barışıq məhkəmələrinin sədri və ya onun müavini, azlıqda qalan millətlərdən isə onların milli şuralarının sədrləri tərəfindən şəxsən imzalanmış, müvafiq seçki protokolları və imza-möhürlə təsdiq olunmuş mandatla təmin edilməli idi.
Parlamentin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından onun sədri Məhəmməd Əmin Rəsulzadənin imzası ilə 1918-ci il noyabrın 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” müraciətnaməsi dərc olunmuşdu.
1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin təntənəli sürətdə qeyd edilməsi barədə sərəncam imzalamış ulu öndər Heydər Əliyev bununla milli dövlətçilik məfkurəsinin və tarixinin araşdırılması üçün ciddi hüquqi baza yaratmış oldu. AMEA-nın Tatix İnstitutunda yaradılmış AXC tarixi şöbəsində əhatəli elmi tədqiqatlar aparıldı. Cümhuriyyətin ikicildlik ensiklopediyası hazırlanaraq nəşr olundu. Beynəlxalq və respublika səviyyəli konfranslar keçirildi, sənədli filmlər çəkildi.
Ümummilli lider Heydər Əliyev AXC-nin tarixi rolunu yüksək qiymətləndirərək demişdir: “Müsəlman Şərqində ilk demokratik Cümhuriyyətin məhz Azərbaycanda yaranması xalqımızın o dövrdə milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.
2007-ci ilin mayında Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış “İstiqlaliyyət” abidəsinin açılışı oldu. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın tarixində ilk demokratik dövlətin rolunu yüksək qiymətləndirmişdir. Qranitdən və ağ mərmərdən yonulmuş abidənin üzərində 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunmuş “İstiqlal Bəyannaməsi”nin mətni həm əski, həm də latın qrafikalı Azərbaycan əlifbası ilə həkk olunmuşdur. “İstiqlaliyyət” küçəsində qoyulan bu abidə adları Azərbaycan dövlətçiliyi ilə birgə tarixə düşən istiqlal mücadiləsi iştirakçılarının xatirəsinə də ən böyük ehtiramdır.
XX əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra hər il mayın 28-i ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Keçirilən tədbirlərdə cümhuriyyət dövrünə bir daha nəzər salınır, bu tarix ətraflı təhlil edilir, milli dövlət quruculuğu təcrübəsi öyrənilir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi, ədəbi, fəlsəfi mühitində cərəyan edən müsbət hadisələrlə sıx bağlıdır. Bu dövrdə artıq Azərbaycanda böyük bir ziyalı dəstəsi meydana gəlmişdi. Onlar Avropa və dünya mədəniyyəti ilə yaxından tanış idilər, öz intellektual potensiallarından millətin maariflənməsi üçün maksimum istifadə edirdilər.
Cəmi 23 ay yaşamasına baxmayaraq, cümhuriyyət dövründə həyata keçirilən mühüm tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması baxımından çox böyük əhəmiyyət kəsb edib. Demokratik prinsiplərin bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlara bərabər hüquqların verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, nizami Milli Ordunun yaradılması və görülən digər vacib işlər hökumətin həmin dövrdə apardığı siyasətin miqyasını, mahiyyət və əhəmiyyətini əyani şəkildə səciyyələndirir.
Parlamentin açılışı 1918-ci il dekabrın 3-nə təyin olunsa da, 7-də baş tutmuşdur. Həmin gün böyük xeyriyyəçi H.Z.Tağıyevin Nikolayev küçəsindəki (indiki “İstiqlaliyyət” küçəsi) yerləşən keçmiş qız məktəbinin binasında müsəlman Şərqində ilk parlamentin birinci iclası təntənəli şəraitdə açıldı. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy Ağayev sədrin birinci müavini seçildilər. Ə.Topçubaşov bu vaxt İstanbulda olduğu üçün parlamentə H.Ağayev sədrlik edirdi. 1919-cu ilin yanvarında Ə.Topçubaşov Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin başçısı təyin olunaraq Parisə gedir. O, 1920-ci ilin yanvarında yenidən parlament sədri seçilir.
Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti demokratik dəyərləri özündə ehtiva edən yüzdən artıq sənəd qəbul etmişdir. Bu misilsiz fəaliyyət göstərdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. O vaxt Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqində yeganə parlamentli respublika idi. Özünün 17 aylıq fəaliyyəti dövründə parlamentin 145 iclası keçirilmişdir.
Parlamentin ilk tədbirlərindən biri Paris Sülh Konfransına səlahiyyətli nümayəndə heyəti göndərməkdən ibarət idi. Bu nümayəndə heyətinin qarşısında Azərbaycan istiqlaliyyətinin Avropa ölkələrində tanıdılması kimi tarixi vəzifə dururdu. Nümayəndə heyətinə parlamentin sədri və üzvləri Ə.Topçubaşov (bitərəf), M.H.Hacınski (Müsavat), Ə.Ağaoğlu (bitərəf), Ə.Şeyxülağaoğlu (Hümət), eləcə də müşavirlər M.Məhərrəmov (Sosialist), M.Y.Mirmehdiyev (İtddihad), C.Hacıbəyli (Müsavat), əməkdaşlar Ə.Hüseynzadə (bitərəf), V.Malçevski (bitərəf) və başqaları daxil idilər.
Azərbaycan Parlamenti ölkədə müvəqqəti qanunvericilik orqanı hesab edildiyindən bir sıra məsələlər Müəssislər Məclisində həll edilməli və Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiyası da burada təsdiq olunmalı idi. Müəssislər Məclisinə seçkilərin əsaslarını hazırlamaq üçün parlamentdə böyük bir komissiya yaradılmışdı. Bu komissiya çoxsaylı olub bütün fraksiyaların nümayəndələrindən təşkil olunmuşdu.1919-cu il iyulun 21-də Müəssislər Məclisinə seçkilər haqqında Əsasnamə qəbul edildi. Əsasnamə 4 fəsil 116 bənddən ibarət idi. Əsasnaməyə görə, Müəssislər Məclisində seçkilərdə cinsindən, dinindən, milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün Azərbaycan vətəndaşları iştirak edə bilərdilər.
Seçkilər bərabər keçirilməli və 120 nəfər üzv seçilməli idi. Siyasi partiyalar və təşkilatların namizəd siyahıları tərtib edilib seçkilərdən, ən azı, 30 gün qabaq mərkəzi seçki komissiyasına təqdim edilməli idi. Seçkilər 1920-ci il aprelin 20-nə kimi təyin edilmişdi. 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası Milli Məclisi 1918-ci il may ayının 28-də Milli Şura tərəfindən qəbul edilmiş “İstiqlal Bəyannaməsi”nə və 1991-ci ildə “Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsi haqqında bəyannamə”yə əsaslanaraq, 18 oktyabr 1991-ci il “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.bu sənəd müstəqil ölkəmizin siyasi-iqtisadi və dövlət quruluşunun əsaslarına təsir etdi.
Müsəlman Şərqinin ilk demokratiya quruluşu dövləti xarici hərbi müdaxilə nəticəsində süquta uğrasa da, tarixi fakt, çağdaş prinsiplərə söykənən milli dövlətçilik ənənələrinin başlanğıc nöqtəsi kimi Azərbaycan xalqının yaddaşından heç zaman silinməmişdir. Cümhuriyyətin süqutundan sonrakı onilliklər ərzində həyata keçirilən repressiyalar, təzyiqlər insanlarımızın milli istiqlal duyğularına xələl gətirməmişdi. İmperiyanın antimilli, şovinist siyasəti ilə barışmayan xalqımız şərait yetişdikcə, milli haqlarımız uğrunda mücadilə aparmışdır.
Son nəticədə, SSRİ kimi nəhəng bir imperiyanın süqutuna, Azərbaycan dövlət müstəqilliyinin bərpasına gətirib çıxaran keşməkeşli və uzun mübarizə tarixinin ötən əsrin 70-ci illərin əvvəllərindən başlaması isə fenomen şəxsiyyət, ümummilli lider Heydər Əliyevin xidmətləri ilə bilavasitə bağlıdır.
XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Heydər Əliyev xalqımızın milli dövlətçilik düşüncəsini əsrin 70-ci illərinin sonlarına doğru müstəqil Azərbaycan dövlətinin timsalında əzəmətli bir reallığa qovuşdurmuşdu. O, böyük fədakarlıqlar hesabına qurub-yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, dönməzliyini təmin etmişdir.
Ümummilli lider həmin illərdə müstəqil Azərbaycan üçün möhkəm siyasi və iqtisadi təməl yaratmaqla yanaşı, mütərəqqi parlamentarizm ənənələrinin də əsasını qoymuş, yüksək siyasi iradə göstərərək qanunverici orqanın xalqın milli maraqlarına uyğun çevik və işlək fəaliyyətini təmin etmişdir. Ötən əsrin 50–60-cı illərində respublikada milli-mənəvi dirçəliş istiqamətində müəyyən ehtiyatlı addımlar atılsa da, bu sahədə kompleks tədbirlər məhz Heydər Əliyevin Azərbaycana rəhbər seçildiyi vaxtdan başlamışdır.
Ümummilli lider böyük hakimiyyət ustası kimi bütün dövlət hakimiyyəti orqanlarının o cümlədən parlamentin işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə, milli dirçəliş siyasətinin reallaşmasına yönəltmişdir. Azərbaycan məhz bu möhkəm bünövrə üzərində 1991-ci ilin 18 oktyabrında yeni istiqlaliyyətini bütün dünyaya bəyan etsə də, xalqımız öz suveren hüquqlarını tam gücü ilə reallaşdıra bilməmişdir. 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi isə Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına fundamental əsaslar yaratmışdır. Ölkə xaosdan, vətəndaş müharibəsindən, hərc-mərclikdən, dövlətçiliyi yenidən itirmək təhlükəsindən qurtulmuşdur. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilməsi isə ölkədə qanunverici orqanın cəmiyyətdəki nüfuzunu qaldırmış, onun təşəkkülünə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratmışdır.
Ulu öndər Heydər Əliyev ona göstərilən bu taleyüklü etimadı doğrultmağa çalışacağı ilə bağlı vurğulamışdır: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişafına həsr edəcəyəm. Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir”.
Bu gün Azərbaycan ən müxtəlif sahələrdə qazandığı uğurlar, həm də Ulu öndərin yaratdığı əsaslar üzərində ötən illərdə qəbul edilən fundamental qərarların, imzalanan fərman və sərəncamların, dövlət proqramlarının müstəsna əhəmiyyət daşıdığını təsdiqləyir. Prezident İlham Əliyevin novator liderliyi ilə ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsində yeni bir mərhələnin başlanğıcı qoyulmuşdur. Dövlət başcısı hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə və vətəndaşlarının arzu və istəyini reallaşdırmaq üçün böyük əzmkarlıqla çalışır.
Bu gün Azərbaycan öz siyasi və iqtisadi qüdrətini daim artırır. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi müstəqil Azərbaycan dövləti regionunun və dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrilib.
Elman MİRZƏYEV,
tarix üzrə fəlsəfə doktoru

