Ermənistanın xarici siyasət və iqtisadiyyat sahəsində gələcək kursu ilə bağlı qərarı ermənilər özləri verməlidirlər.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, rəsmi Moskva Ermənistanı Avrasiya İqtisadi Birliyində qalmağa razı salmaq niyyətində deyil. Bununla yanaşı, Rusiya Ermənistan tərəfinin bundan sonrakı addımları ilə bağlı izahat verməsini zəruri hesab edir.
“Əlbəttə, heç kim Ermənistanı buna razı salmağa çalışa bilməz. Xüsusilə də nəzərə alsaq ki, onlar bu istiqamətdə mövqelərini artıq qanunvericilik səviyyəsində müəyyən ediblər. Amma təbii ki, müəyyən izahatlara ehtiyac olacaq”, – deyə Kremlin nümayəndəsi vurğulayıb.
Dmitri Peskov Ermənistanla Rusiyanın “Qazprom” şirkəti arasında bağlanmış qaz sazişlərinə də münasibət bildirib və bunu kommersiya məsələsi adlandırıb.
“Orada güzəştli qiymət var. Bu qiymət daha yüksək də ola bilər, daha aşağı da, ona yenidən baxıla da bilər. Şirkətlər bu məsələni qaldıra bilər. Bu, korporativ məsələdir, bununla bağlı “Qazprom”a müraciət etmək lazımdır”, – deyə o söyləyib.
Kremlin nümayəndəsi Ermənistan üçün güzəştli qaz tədarükünə dair sazişlərin mümkün ləğvi ilə bağlı hər hansı məlumata malik olmadığını da qeyd edib.
Peskov əlavə edib ki, Avrasiya İqtisadi Birliyinin qarşıdakı tədbirləri Ermənistan ətrafında formalaşmış mürəkkəb vəziyyət fonunda keçiriləcək.
“Gündəlik kifayət qədər mürəkkəbdir. İnteqrasiya məsələləri ilə yanaşı, bildiyiniz kimi, Ermənistanla bağlı da mürəkkəb vəziyyət mövcuddur”, – deyə Rusiya Prezidentinin mətbuat katibi diqqətə çatdırıb.

