Yaxın Şərqdə savaş qlobal təhlükəsizliyi sarsıdır

post-img

Dünya ABŞ və İsraili İrana hücumu dayandırmağa çağırır

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda regionun enerji və nəqliyyat təhlükəsizliyi narahatlıq doğurur. Xüsusilə Hörmüz boğazının bağlanması qlobal ticarət marşrutlarına birbaşa təsir göstərərək beynəlxalq bazarlarda qeyri-müəyyənliyi artırır.

Fransanın “France Inter” radiosunun yaydığı məlumata görə, boğazın bağlanmasından sonra Körfəzin şimal hissəsində azı 167 gəmi hərəkətsiz vəziyyətdədir. Onların 127-si neft və qaz daşıyan iri tankerlər, 60-ı isə konteyner gəmiləridir. Blokadada qalanlar arasında Fransa bayrağı altında üzən və ya fransız şirkətlərinə məxsus 60 gəmi, eləcə də İtaliya-İsveçrə mənşəli, qlobal daşımalar üzrə lider şirkət sayılan MSC-yə məxsus 20 gəmi var. Təhlükəsizlik səbəbilə bəzi kapitanların identifikasiya siqnallarını söndürməsi səbəbindən bölgədə real sayın daha çox ola biləcəyi ehtimal edilir.

Fransanın sözügedən 60 gəmisinin boğazı keçdikdən sonra ölkənin Hərbi Dəniz Qüvvələrinin göstərişi ilə sığınacaq mövqeyinə çəkildiyi bildirilir. Rəsmi mövqeyə görə, Fransa gəmiləri hazırkı mərhələdə prioritet hədəf hesab edilmir. Bununla belə, Fransanın nəqliyyat və dəniz daşımaları sektorunun nümayəndəsi Loran Martens mümkün iqtisadi nəticələrə diqqət çəkərək neftin qiymət artımının bir neçə həftə ərzində Avropada yanacağın bahalaşmasına səbəb ola biləcəyini bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan “Yeni Şafak” qəzetinə açıqlamasında Hörmüz boğazının bağlanmasının qlobal maliyyə və enerji bazarlarında ciddi dalğalanmalara səbəb ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bu, böyük gücləri təcili addımlar atmağa məcbur edə bilər. H.Fidan vurğulayıb ki, ən mənfi ssenari münaqişənin daha da şiddətlənməsi və regionda uzunmüddətli qeyri-sabitliyin yaranmasıdır.

Bununla yanaşı, Ankara diplomatik kanalların bərpası üçün təşəbbüslər göstərildiyini vurğulayır. Hakan Fidan müharibə edən tərəflərin danışıqlar masasına qaytarılması üçün minimum şərtin hərbi əməliyyatların dayandırılması olduğunu, lakin bunun da müəyyən zaman və proses tələb etdiyini bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəsmiləri qarşısında çıxış edərkən bildirib ki, Ankara sülhə və sabitliyə yönəlmiş diplomatiyasını davam etdirir: “Danışıqlar masasında problemlərin ədalətli həllinə nail olmaq üçün qətiyyətli səylər göstəririk. Qan tökülməsinə son qoymağa və bölgənin qardaş ölkələri arasında düşmənçiliyin dərinləşməsinin qarşısını almağa çalışırıq”.

Regionda cərəyan edən hadisələrin enerji sektoruna da mənfi təsirləri müşahidə olunur. “Qatar Energy” regiondakı eskalasiya fonunda kimya, neft-kimya və emal sənayesi məhsullarının – polimerlər, metanol, alüminium, karbamid və digər məhsulların istehsalını müvəqqəti dayandırıb.

Regionda hərbi insidentlər də davam edir. Birləşmiş Ərəb Əmirliklərinin Əl-Fuceyra əmirliyində yerləşən neft hasilatı rayonunda dron hücumu nəticəsində yanğın baş verib. Rəsmi məlumatlara görə, yanğın nəzarət altına alınıb və xəsarət alan yoxdur. Eyni zamanda, Omanın şərqində yerləşən Dukm limanında yanacaq çənlərinə pilotsuz uçuş aparatları ilə hücum edildiyi bildirilib. Bundan başqa, ABŞ-ın Ər-Riyaddakı səfirliyinə iki dron hücumu həyata keçirilib, nəticədə, kiçikmiqyaslı yanğın baş verib və binaya maddi ziyan dəyib.

Bu arada “Gulfnevs” xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai mətbuat konfransında bildirib ki, Avropa ölkələri ABŞ və İsrailin İrana qarşı əməliyyatına qoşulsalar, bu, “müharibə aktı” olacaq: “Bu, müharibə aktı olardı. İrana qarşı hər hansı belə bir hərəkət təcavüzkarlara kömək kimi qiymətləndiriləcək. Bu, İrana qarşı müharibə aktı kimi qiymətləndiriləcək”. Xatırladaq ki, bundan əvvəl Böyük Britaniya, Fransa və Almaniyanın liderləri Yaxın Şərqdəki müttəfiqlərinə zərbələr endirməyə davam edərsə, İranı silahlı qüvvələrdən istifadə etməklə hədələmişdilər.

Beləliklə, regionda paralel şəkildə hərbi toqquşmalar, enerji infrastrukturuna hücumlar, diplomatik bəyanatlar və iqtisadi məhdudiyyətlər müşahidə olunur. Hörmüz boğazı ətrafında yaranmış vəziyyət isə Yaxın Şərqdəki lokal qarşıdurmanın qlobal enerji və maliyyə sisteminə təsir potensialını bir daha nümayiş etdirir. Mövcud dinamika göstərir ki, qarşıdakı mərhələdə həm hərbi eskalasiyanın səviyyəsi, həm də diplomatik təşəbbüslərin effektivliyi regional sabitliyin əsas müəyyənedicisi olacaq.

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət