Sərt deportasiya siyasəti narahatlıq yaradır
Avropa İttifaqı miqrasiya siyasətində yeni mərhələyə qədəm qoyur. Brüssel deportasiya prosedurlarını sürətləndirməyi, sığınacaq almaq hüququ əldə edə bilməyən şəxslərin geri qaytarılmasını asanlaşdırmağı və xarici sərhədlər üzərində nəzarəti gücləndirməyi nəzərdə tutan yeni qaydalar üzərində razılığa gəlib.
Razılaşmanın ən diqqətçəkən məqamlarından biri isə uğursuz sığınacaq müraciəti etmiş şəxslərin Aİ hüdudlarından kənarda yaradılacaq xüsusi mərkəzlərə göndərilməsinin mümkün olmasıdır. Qərar Aİ-nin son illərdə həyata keçirdiyi genişmiqyaslı miqrasiya islahatlarının tərkib hissəsidir. Maraqlıdır ki, razılaşma növbəti həftə qüvvəyə minəcək yeni miqrasiya və sığınacaq paketindən əvvəl əldə olunub. Görünür, Brüssel prioritetlərini dəyişir. Əgər bir müddət əvvəl Avropa daha çox humanitar yanaşmanı ön plana çıxarırdısa, indi əsas diqqət sərhədlərə nəzarət və miqrasiya axınlarının idarə olunmasına yönəlir.
Avropa Komissiyası bu addımı praktiki zərurətlə əsaslandırır. Rəsmi statistika göstərir ki, sığınacaq müraciəti rədd edilən şəxslərin yalnız bir hissəsi geri qaytarılır. Qalanları isə müxtəlif hüquqi və inzibati səbəblərdən Avropa ölkələrində qalmağa davam edir. Brüssel hesab edir ki, bu vəziyyət həm qanunvericiliyin effektivliyini azaldır, həm də cəmiyyətlərdə narazılıq yaradır. Yeni qaydalar isə qəbul edilmiş qərarların icrasını sürətləndirməyə xidmət etməlidir. Lakin məsələ yalnız inzibati mexanizmlərlə məhdudlaşmır. Qərar Avropa siyasətində müşahidə olunan daha geniş tendensiyanın göstəricisidir. Son illər miqrasiya mövzusu bir çox Avropa ölkəsində daxili siyasi gündəmin əsas məsələlərindən birinə çevrilib. Sağçı və millətçi partiyalar məhz miqrasiya məsələsindən istifadə edərək seçici dəstəklərini artırıblar.
Yeni yanaşma müəyyən narahatlıqlar doğurur. İnsan hüquqları təşkilatları və bəzi ekspertlər hesab edirlər ki, Aİ hüdudlarından kənarda yaradılacaq mərkəzlər insan hüquqlarının qorunması ilə bağlı yeni suallar yarada bilər. Onların fikrincə, həmin şəxslərin hüquqi müdafiəyə çıxışı, saxlanma şəraiti və beynəlxalq standartların təmin olunması məsələləri diqqətlə izlənilməlidir. Əlbəttə, Avropa Komissiyası bu tənqidlərlə razılaşmır. Rəsmi mövqeyə görə, yeni qaydalar sığınacaq hüququnu məhdudlaşdırmır və beynəlxalq müdafiəyə ehtiyacı olan şəxslərin hüquqlarına toxunmur. Dəyişikliklər, sadəcə, müraciəti rədd edilən və Avropa ərazisində qalmaq üçün hüquqi əsası olmayan şəxslərə şamil olunur. Brüssel isə bunu mövcud qaydaların daha səmərəli tətbiqi kimi təqdim edir. Ancaq məsələdə müəyyən paradoks da mövcuddur. Aİ uzun illərdir özünü insan hüquqlarının və humanitar dəyərlərin müdafiəçisi kimi təqdim edir. Bu səbəbdən miqrasiya siyasətində sərt xəttin güclənməsi bəzi müşahidəçilər tərəfindən Avropanın normativ imici ilə ziddiyyət kimi qiymətləndirilir. Tənqidçilər hesab edirlər ki, miqrasiya probleminin sərhəd təhlükəsizliyi prizmasından qiymətləndirilməsi düzgün deyil. Digər tərəfdən, Avropa hökumətlərinin üzləşdiyi reallıqları da nəzərə almamaq mümkün deyil. Ukraynadakı müharibə, Yaxın Şərqdəki gərginliklər, Afrikadakı iqtisadi problemlər və iqlim dəyişiklikləri miqrasiya təzyiqini artırır. Avropa liderləri hesab edirlər ki, sərhədlər üzərində nəzarət gücləndirilməsə, siyasi, sosial sabitlik risk altına düşə bilər.
Maraqlıdır ki, Brüssel miqrasiya problemini getdikcə daha çox xarici amillə həll etməyə çalışır. Son illər üçüncü ölkələrlə bağlanan razılaşmalar, tranzit dövlətlərlə əməkdaşlığın genişləndirilməsi və miqrasiya marşrutlarının Avropa sərhədlərinə çatmadan idarə olunması cəhdləri bu siyasətin tərkib hissəsidir. Yeni deportasiya mərkəzləri məhz həmin yanaşmanın davamı kimi görünür. Lakin ekspertlərin əhəmiyyətli hissəsi hesab edir ki, sərhəd nəzarəti miqrasiyanın əsas səbəblərini aradan qaldırmır. Müharibələr, yoxsulluq, siyasi qeyri-sabitlik və sosial problemlər milyonlarla insanı yaşadığı yerləri tərk etməyə məcbur edir. Bu səbəblər mövcud olduqca miqrasiya axınlarının tam qarşısını almaq çətin olacaq.
Aİ-nin yeni qərarı Brüsselin miqrasiya məsələsində daha sərt və nəzarətçi xətt seçdiyini göstərir. Bu siyasət qısamüddətli perspektivdə deportasiya mexanizmlərini sürətləndirə və üzv dövlətlərin narahatlıqlarını qismən azalda bilər. Lakin onun insan hüquqları, beynəlxalq hüquq və Avropanın dəyərləri baxımından doğuracağı nəticələr hələ də müzakirə mövzusudur. Məhz buna görə yeni qaydalar Aİ-nin gələcək siyasi kimliyinin formalaşmasında mühüm rol oynayacaq. Brüssel sərhədlər üzərində nəzarəti gücləndirməyə çalışarkən, humanitar məsuliyyətlə təhlükəsizlik arasında tarazlığı qorumaq vəzifəsi ilə də üz-üzə qalacaq. Bu da qarşıdakı illərdə Avropa siyasətinin ən mürəkkəb sınaqlarından biri olacaq.
Sonda bir maraqlı məqamı da vurğulayaq ki, Aİ-nin son illər miqrasiya sahəsində atdığı addımlar, müəyyən mənada, uzun müddət tənqid etdiyi Rusiyanın sərt nəzarət yanaşmasını xatırlatmağa başlayır. Rusiyada da miqrasiya siyasəti daha çox təhlükəsizlik prizmasından idarə olunur və dövlət miqrant axınlarını ciddi qeydiyyat, nəzarət və sürətli deportasiya mexanizmləri ilə tənzimləyir. Aİ isə nə qədər beynəlxalq öhdəlikləri qoruduğunu bildirsə də, sərhəd nəzarətinin getdikcə ön plana çıxması göstərir ki, miqrasiya təzyiqi qarşısında Brüssel də sərt siyasətə doğru istiqamətlənir.
Xəyal BƏŞİROV,
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq
Son illər Avropada miqrantlara münasibətdə məhdudiyyətlərin artmasının, qaydaların sərtləşməsinin şahidi oluruq. Bu, təkcə bir neçə addımla izah edilə bilməz. Proses ardıcıl şəkildə dərinləşən siyasi kursun tərkib hissəsidir. Əvvəlki mərhələdə əsas müzakirə mövzusu miqrantların qəbul olunması və sığınacaq prosedurlarının tənzimlənməsi idisə, indi diqqət daha çox deportasiya mexanizmlərinə yönəlib. Bu isə Avropa İttifaqı daxilində və onun sərhədlərinə yaxınlaşan miqrantlara münasibətdə daha sərt yanaşmanın formalaşdığını göstərir. Sərtləşmənin səbəbləri təkcə miqrasiya axınlarının artması ilə bağlı deyil, həm də uzun illər yürüdülən qlobal siyasətin nəticəsidir. Xüsusilə 2011-ci ildə “Ərəb baharı” adı altında Yaxın Şərq və Şimali Afrikada baş verən proseslər regionda sabitliyi ciddi şəkildə pozdu və milyonlarla insanın öz ölkələrini tərk etməsinə gətirib çıxardı. Müharibələr, daxili qarşıdurmalar və iqtisadi çöküşlər nəticəsində formalaşan miqrasiya dalğası Avropaya yönəldi və bu, qitənin sosial və siyasi sistemi üçün sınaq oldu. Rusiya–Ukrayna müharibəsi də miqrasiya təzyiqini artıran əsas amillərdən biridir. İndi proseslərin nəticəsi olaraq Avropaya üz tutan insanlara münasibətdə qaydalar daha da sərtləşdirilir.
Qlobal miqyasda təhlükəsizlik narahatlıqlarının artması, siyasi qütbləşmənin güclənməsi və sərhəd siyasətinin sərtləşməsi Avropanı daha qapalı və nəzarətli modelə doğru aparır. Bu mənada, Avropa İttifaqı həm sərhədlərini qorumağa, həm demoqrafik sabitliyi təmin etməyə, həm də daxili siyasi təzyiqlərə cavab verməyə çalışır. Amma mövcud yanaşmanı təkcə Avropaya aid etmək düzgün olmaz. Digər ölkələr də öz vətəndaşlarının gələcəkdə miqrasiya və deportasiya riskləri ilə üzləşməməsi üçün əvvəlcədən sosial və iqtisadi şəraiti yaxşılaşdırmağa çalışmalıdırlar. İnsanların miqrasiyaya məcbur qalmasına səbəb olan amillər aradan qaldırılmadıqca, prosesin qarşısını almaq mümkün deyil.
Ümumilikdə isə son illər baş verən hadisələr göstərir ki, Avropa İttifaqı daha sərt miqrasiya siyasətinə doğru gedir. Bu isə gələcəkdə həm qitə daxilində, həm də beynəlxalq miqrasiya sistemində yeni çağırışlara səbəb olacaq.
Nəzrin ELDARQIZI
XQ


