Azərbaycanın zəngin tarixi, mədəni irsi və müasir inkişaf mərhələlərini Avropa oxucu auditoriyasına təqdim edən “IRS-Heritage” jurnalının italyan dilində yeni nömrəsi nəşr olunub.
AZƏRTAC xəbər verir ki, jurnalın baş redaktoru Musa Mərcanlının giriş məqaləsində Azərbaycan ilə İtaliya arasında tarixi köklərə əsaslanan münasibətlərin son illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, iki ölkə arasında siyasi dialoqun intensivləşməsi, eləcə də mədəni diplomatiyanın bu əlaqələrin inkişafında oynadığı mühüm rol diqqətə çatdırılır.
Nömrənin aktual materiallarından biri italiyalı jurnalist və geosiyasi analitik Domenico Letizia tərəfindən qələmə alınmış “İtaliya və Azərbaycan: strateji tərəfdaşlığın yeni yolu” sərlövhəli məqalədir. Müəllif yazısında Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfərləri, İtaliya Prezidenti və Baş naziri ilə keçirdiyi görüşlər, eləcə də İtaliya Prezidentinin Azərbaycana səfəri çərçivəsində aparılan danışıqların ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni qeyd edir. Məqalədə bu yüksək səviyyəli təmasların enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və regional sabitlik baxımından əhəmiyyəti vurğulanır.
Jurnalın “Attualità” (Aktual mövzular) bölməsində diplomatik və mədəni jurnalistika üzrə ekspert Rossella Fabianinin “Azərbaycan və Müqəddəs Taxt-Tac: sülhün memarlığı kimi irs diplomatiyası” adlı məqaləsi yer alıb. Yazıda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfərləri, Papa ilə görüşləri, Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında mədəni-humanitar əməkdaşlığın inkişafında oynadığı mühüm rol geniş şəkildə işıqlandırılır. Məqalədə Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikan ərazisində həyata keçirilən bərpa layihələrinin dinlərarası dialoqun möhkəmləndirilməsinə verdiyi töhfə xüsusi vurğulanır.
Memarlıq və mədəni irs mövzusuna həsr olunmuş bölmədə “ArtCloud Network International” şirkətinin kreativ direktoru, mədəniyyət marketinqi üzrə ekspert Fabrizio Continin məqaləsində Qarabağ və Gəncə şəhərlərində həyata keçirilən bərpa və memorial layihələr, o cümlədən Ağdamdakı İmarət Kompleksi, Gəncə Memorial Kompleksi və Şuşadakı tarixi-mədəni abidələrin yenidən qurulması prosesi təqdim edilir.
Jurnalın “Qarabağ” bölməsində Rizvan Hüseynovun məqaləsində Gəncəsər monastır kompleksinin Qafqaz Albaniyasına məxsus dini-memarlıq abidəsi olduğu elmi mənbələr və tarixi faktlar əsasında təqdim edilir. Yazıda ermənilər tərəfindən Gəncəsər Alban kilsəsinin mənşəyinin saxtalaşdırılması, onun erməni-qriqorian irsi kimi təqdim edilməsi cəhdləri konkret faktlarla ifşa olunur, bu təhriflərin bölgənin tarixi-mədəni irsinə qarşı yönəlmiş məqsədli siyasətin tərkib hissəsi olduğu qeyd edilir.
“Toleranza” (Tolerantlıq) rubrikasında Etibar Cəfərovun fotoları və Ziyarət Cabbarovanın mətni əsasında Azərbaycanın multikulturalizm ənənələri, müxtəlif din və xalqların ölkədə dinc şəraitdə birgəyaşayışı vizual və publisistik formada oxucuya çatdırılır.
“Görkəmli şəxsiyyətlər” bölməsində İtaliyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Ayan Aslanova tərəfindən hazırlanmış məqalədə dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı, milli musiqi məktəbinin formalaşmasındakı müstəsna rolu və onun irsinin dünya mədəniyyətindəki yeri diqqətə çatdırılır.
Nömrədə, həmçinin britaniyalı tədqiqatçı İan Peartın “Azərbaycanın qara qızılı – Tanrının hədiyyəsi, qəhrəmanların əməyinin bəhrəsi” adlı məqaləsi yer alıb. Yazıda Neft Daşlarının tarixi, dənizdə neft hasilatının formalaşması və bu sahədə çalışan insanların fədakar əməyi təsvir olunur.
Qeyd edək ki, “IRS-Heritage” jurnalının italyan dilində nəşr olunan yeni nömrəsi Avropa auditoriyası üçün nəzərdə tutulub və Azərbaycanın tarixi, mədəniyyəti, tolerantlıq modeli, eləcə də postmünaqişə dövründə Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə verir.










