Yeni siyasi ittifaq dövlətlərə nə vəd edir?
Cənub–Şərqi Avropada mühüm geostrateji mövqeyə malik olan Bolqarıstanda intensiv siyasi dinamika müşahidə olunur. Aprelin 19-na təyin edilmiş parlament seçkiləri ölkənin son yeddi ildə səkkizinci seçki təcrübəsi kimi diqqət çəkir və cəmiyyətin siyasi dalandan çıxış axtarışında olduğunu əks etdirir. Bu ərəfədə ölkənin sabiq prezidenti Rumen Radev “Mütərəqqi Bolqarıstan” adlı üçpartiyalı ittifaqın yaradıldığını açıqlayıb. İttifaq Bolqarıstanın siyasi sistemində yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər.
Ümumən, Radevin prezidentlikdən istefası siyasi baxımdan daha geniş icraedici məsuliyyət iddiası kimi dəyərləndirilir. Proses postsosialist siyasi sistemlərdə fərdi siyasi kapitalın partiya institutlaşmasına transferinin tipik nümunəsi kimi də qiymətləndirilə bilər. 2021-ci ildən etibarən parlamentin parçalanmış tərkibi sabit hökumətin formalaşdırılmasını çətinləşdirib. Lakin bu vəziyyət, sadəcə, Bolqarıstana xas deyil. Proporsional seçki sistemi tətbiq edən Avropanın bir sıra ölkələrində də oxşar fraqmentasiya müşahidə olunur. Fərq ondadır ki, Bolqarıstanda yeni partiyaların sürətli yüksəlişi və seçici davranışının çevikliyi siyasi mənzərəni daha dinamik edir. Sözügedən dinamizm isə uzunmüddətli perspektivdə siyasi institutların daha inklüziv və rəqabətli formalaşmasına zəmin yaradır. Xatırladaq ki, sonuncu hökumətin istefası vergi siyasəti və korrupsiyaya qarşı mübarizə ilə bağlı ictimai narazılıq fonunda baş vermişdi. Həmin dövrdə baş verən küçə aksiyaları demokratik iştirakçılığın təzahürü olmaqla yanaşı, dövlət və cəmiyyət arasında dialoqun aktuallaşdığını göstərmişdi. Bu baxımdan, Radevin siyasi diskursundakı oliqarxik modelin transformasiyası ideyasının ön plana çıxarılması cəmiyyətin şəffaflıq və hesabatlılıq tələblərinə cavab vermək məqsədi daşıyır. “Mütərəqqi Bolqarıstan”ın solyönlü qüvvələri bir araya gətirməsi ideoloji baxımdan sosial ədalət və inklüziv inkişaf gündəmini gücləndirir. Bununla belə, Bolqarıstan seçicisinin prioritetləri klassik sağ-sol bölgüsündən daha çox idarəetmə effektivliyi, iqtisadi sabitlik və sosial təminat məsələləri ətrafında formalaşır. Ona görə də yeni koalisiyanın uğurunun idarəetmə bacarığından asılı olacağı ehtimal edilir.
Yanvarın 1-də ölkənin avrozonaya qoşulması iqtisadi inteqrasiyanın dərinləşməsi baxımından mühüm mərhələ kimi yadda qaldı. Avrozonaya üzvlük maliyyə intizamının və makroiqtisadi koordinasiyanın gücləndirilməsini tələb edir. Bu isə fiskal siyasətdə məsuliyyətli yanaşmanı şərtləndirir. Eyni zamanda, sosial siyasətin balanslaşdırılması hökumət üçün əsas çağırış olaraq qalacaq. Yeri gəlmişkən, Baltik ölkələri də avrozonaya keçid mərhələsində oxşar adaptasiya prosesindən keçmiş, zamanla iqtisadi dayanıqlılıqlarını artırmışdılar. Bolqarıstanın bu istiqamətdə institusional potensiala malik olduğu görünür. Əsas fərq ondadır ki, Aİ çərçivəsində ölkənin mövqeyi strateji baxımdan daha sabitdir. Radevin prezidentliyi dövründə milli maraqları ön plana çıxaran, Avropa inteqrasiyası kursunu dəstəkləyən xətt nümayiş etdirmişdi. Onun mümkün baş nazirliyi halında da Avropa strukturları ilə əməkdaşlığın davam etdirilməsi ehtimalı yüksək qiymətləndirilir. Çünki iqtisadi və maliyyə inteqrasiyası dərin olan dövlətlər üçün kəskin kurs dəyişiklikləri rasional seçim hesab edilmir.
Xarici siyasət müstəvisində yeni siyasi mərhələnin tərəfdaş ölkələrlə münasibətlərə təsiri diqqətlə izlənilməlidir. Enerji təhlükəsizliyi Bolqarıstan üçün prioritet istiqamətlərdəndir. Xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan qazının Bolqarıstan bazarına daxil olması enerji şaxələndirilməsi siyasətinin mühüm elementi kimi çıxış edir. Mövcud əməkdaşlıq həm də regional enerji təhlükəsizliyinə töhfədir. Azərbaycan ilə münasibətlər qarşılıqlı maraqlar üzərində qurulub. Enerji sahəsində tərəfdaşlıq nəqliyyat, logistika və Qara dəniz regionunda tranzit imkanlarının genişləndirilməsi ilə tamamlanır. Yeni hökumətin formalaşması bu əməkdaşlığın istiqamətini dəyişməkdən daha çox onu institusional baxımdan dərinləşdirmək imkanı yarada bilər. Çünki sosial-iqtisadi sabitlik və enerji təhlükəsizliyi bir-biri ilə sıx bağlıdır. Bununla yanaşı, siyasi dinamika xarici tərəfdaşlar üçün çevik diplomatik yanaşma tələb edir. Demokratik prosedurların davamlılığı tərəfdaş ölkələr üçün proqnozlaşdırıla bilən mühit yaradır. Azərbaycan üçün bu kontekstdə hökumətlərarası mexanizmlərin və iqtisadi komissiyaların rolu xüsusi əhəmiyyət daşıyır.
Sonda qeyd edək ki, uzunmüddətli perspektivdə əsas məsələ siyasi konsensusun formalaşdırılması və parlamentdə çoxluğun təmin edilməsidir. Bolqarıstanın son illərdəki təcrübəsi göstərir ki, demokratik sistemlərdə qeyri-sabitlik mərhələsi bəzən institusional yenilənmənin ilkin fazası olur. Seçki proseslərinin intensivliyi siyasi rəqabəti artırır və yeni ideyaların meydana çıxmasına şərait yaradır. Əgər bu dinamika effektiv idarəetmə ilə tamamlanarsa, nəticədə, daha sabit və funksional siyasi model formalaşa bilər. Belə olan halda, aprelin 19-da keçiriləcək seçkiləri Bolqarıstan üçün transformasiya mərhələsinin davamı kimi qiymətləndirmək mümkündür. “Mütərəqqi Bolqarıstan” təşəbbüsü cəmiyyətin dəyişiklik gözləntilərinə cavab vermək iddiasındadır. Prosesin uğuru ölkənin daxili siyasi sabitliyini möhkəmləndirməklə yanaşı, Aİ daxilində mövqelərini gücləndirə və Azərbaycan kimi strateji tərəfdaşlarla əməkdaşlığı daha sistemli müstəviyə keçirə bilər.
Xəyal BƏŞİROV,
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq
Son dövrlər Bolqarıstanda daxili siyasi gərginlik artıb. Avropa İttifaqı və NATO kontekstində ölkənin fərqli mövqeləri parlamentdə və hökumətdə qarşıdurmalara səbəb olub. Nəticədə, ötən ilin dekabrında baş nazir, bu ilin yanvarında isə prezident Rumen Radev istefa verib. İlk dəfə qadın prezident seçilib. Radevin dövründə vitse-prezident olmuş İliyana Yotova hazırda dövlətin rəhbəridir və Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır.
Qarşıdakı parlament seçkiləri Bolqarıstan üçün kritik əhəmiyyət kəsb edir və Azərbaycan–Bolqarıstan münasibətlərinin inkişafı baxımından önəmli olacaq. Bakı–Sofiya əlaqələri yüksək səviyyədədir və son illər bu münasibətlər daha da inkişaf edib. 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı Serbiya-Bolqarıstan qaz interkonnektorunun açılışı oldu. Həmin interkonnektor vasitəsilə Azərbaycan Avropaya qaz ixracında önəmli rol oynayır. 2024-cü ildə sabiq Prezident Rumen Radev 2 dəfə Azərbaycana səfər edib, bir dəfə də COP 29 tədbirində iştirak üçün Bakıda olub.
Azərbaycanın ərazi bütövlüyü və Qarabağın statusu ilə bağlı ədalətli mövqeyinin Avropada dəstəklənməsində Bolqarıstan önəmli ölkələrdən biridir. Bolqarıstan şirkətləri, həmçinin Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesində iştirak üçün təşəbbüs göstərib. Bütün bunlar Azərbaycanla Bolqarıstan arasında münasibətlərin yüksək səviyyədə olduğundan xəbər verir.
Şübhəsiz, elektorat Rumen Radevin Bolqarıstanın Avropada və beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsi baxımından atdığı addımları nəzərə alacaq. Sabiq prezidentin qələbəsi Azərbaycan–Bolqarıstan münasibətlərinin inkişafı baxımından önəmli hadisə ola bilər.
Nəzrin ELDARQIZI
XQ


