Overçukun Bakı səfəri və “AZAL”ın təyyarəsi ilə bağlı məsələ

post-img

Nikbinliyimiz gözləntimizi qarşılayacaqmı?

Prezident İlham Əliyevin martın 2-də Rusiya Baş nazirinin müavini Aleksey Overçuku qəbulu zamanı səslənmiş fikirlər Bakı–Moskva münasibətlərinin son zamanlardakı soyuqluq ahəngində müəyyən dəyişiklik yaradıb. Daha doğrusu, Şimal qonşumuzun hökumət rəsmisinin respublikamıza səfəri nikbin düşünmək üçün əsasdır. Yayılmış rəsmi məlumatda görüşün Azərbaycan–Rusiya dövlətlərarası dialoqa xas ənənəvi dostluq və konstruktiv şəraitdə keçmiş təmas kimi qiymətləndirilməsi pozitiv əhvali-ruhiyyəmizi artırır.

A.Overçuk mürəkkəb və gərgin şərait fonunda Rusiya vətəndaşlarının İrandan təxliyəsində operativ köməyə görə Azərbaycan rəhbərliyinə Kremlin səmimi təşəkkür mesajını çatdırıb. Məlum olduğu kimi, görüşdə, eyni zamanda, Bakı–Moskva münasibətlərinin gündəliyinə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı faydalı iqtisadi-ticari, investisiya, sənaye və nəqliyyat-logistika əməkdaşlığının dərinləşdirilməsinə yönələn ortaq niyyət açıqlanıb.

Şübhəsiz, söhbət zamanı üzərində dayanılmış mühüm mövzu 2024-cü il dekabrın 25-də “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli istiqamətində kompleks praktik addımların atılması ilə bağlı olub. Yəni, bu addımların atılmasının zəruriliyi vurğulanıb. Nəzərə alaq ki, Bakı–Moskva münasibətlərində soyuqluq məhz qarşı tərəfin təyyarə olayına lazımi qiymət verməməsindən qaynaqlanıb. Halbuki, Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmaların ruhu tamam fərqli, yəni müsbət ovqat formalaşdırsa da, sonra yaşananların bu ovqatla tamamilə tərs mütənasibliyini gördük.

* * *

Qeyd edək ki, Prezident Putin bu ilin oktyabrında Tacikistanın paytaxtı Düşənbədə Prezident İlham Əliyevlə görüşündə məlum təyyarə olayına toxunaraq, faciənin rəhbərlik etdiyi ölkənin səmasında baş verdiyinə görə əvvəlki üzrxahlığını xatırlatmışdı. “Görüşümüzü ən həssas mövzudan – bizim səmamızda baş verən aviasiya faciəsindən başlamaq istərdim. O vaxt bu faciənin məhz Rusiya səmasında baş verməsinə görə üzr istədim, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verdim”, – deyən Kreml rəhbəri əlavə etmişdi ki, Moskva təyyarənin qəzaya uğraması ilə bağlı istintaqa dəstəyini göstərir. Putinin sözlərinə görə, olaya səbəb Ukraynaya məxsus 3 PUA-nın səmada olması və Rusiya sərhədini keçməsidir. “Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket “AZAL”ın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb. Təyyarə, çox güman ki, raketin elementləri ilə deyil, qırıntıları ilə vurulub”, - deyən Rusiya Prezidenti İlham Əliyevlə görüşdə onu da bildirmişdi ki, ölkəsi təzminat ödənilməsinə dair tələb olunan hər şeyi edəcək. Amma...

Əslində, “əmmalar” az deyil. Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi ötən ilin sentyabrında məlumat yayaraq, təyyarə olayı ilə bağlı sığorta ödənişlərinin həyata keçirildiyini iddia etmişdi. Azərbaycan XİN-in buna cavabı son dərəcə dəqiq və məntiqli idi. Ölkəmizin baş diplomatiya idarəsi bildirmişdi ki, “AZAL”a və sərnişinlərə Rusiyada qeydiyyatda olan sığorta şirkəti tərəfindən sığorta ödənişlərinin həyata keçirilməsi və təyyarənin vurulması ilə bağlı ölkəmizin Rusiya Hökumətindən kompensasiya tələb etməsi məsələləri tamamilə fərqli mövzulardır: “Sözügedən şirkət tərəfindən qeyd edilən sığorta ödənişlərinin həyata keçirilməsi prosesi artıq 6 aydır həyata keçirilir. Ümumilikdə, bu ödənişlər məhz AZAL-ın sığorta müqaviləsi çərçivəsində, şirkətin təyyarəsini və sərnişinləri sığorta etməsi nəticəsində öhdəliklərə uyğun olaraq təmin edilir”. XİN-in cavabı “...Beləliklə, sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil” sözləri ilə bitir.

O da məlumdur ki, ötən il fevralın 4-də Beynəlxalq Mülki Aviasiya Təşkilatı 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılmış “AZAL”ın təyyarəsi ilə bağlı araşdırmanın ilkin hesabatını dərc etmişdi. Qurum Rusiya tərəfinin iddiasının əksinə olaraq, oksigen balonunun partlaması ilə bağlı faktın qeydə alınmadığını, hava gəmisinin quşlarla toqquşmadığını, füzelyajda çoxsaylı dəlib keçən və kor zədələrin olduğunu, həmçinin Rusiya hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində GPS siqnallarının itdiyini vurğulamışdı...

2025-ci ilin martında isə Moskva məhkəməsi təyyarə qəzası ilə bağlı aparılan istintaqa dair sənədlərin müsadirəsinə icazə vermişdi. Buna dair qərar müstəntiqin prokuror tərəfindən dəstəklənən və həmin ilin yanvarında verilmiş vəsatətinə baxılaraq qəbul edilmişdi. Məhkəmə sənədləri göstərmişdi ki, cinayət işi Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən aparılır.

Yeri gəlmişkən, APA agentliyi may ayında Rusiyanın aparılan istintaq barədə konkret heç bir məlumat açıqlamadığını vurğulayan informasiya yaymışdı. Agentlik mötəbər mənbəyə istinadən bildirmişdi ki, Azərbaycan tərəfi hər ay bu məsələ ilə bağlı müraciət etsə də, qarşı tərəf müxtəlif bəhanələrlə istintaqı uzadır, müraciətləri cavabsız qoyur: “Bu 5 ay ərzində Rusiya tərəfindən heç bir istintaq hərəkətləri aparılmır. Qəzanın baş verməsində günahı və məsuliyyəti olan şəxslərdən heç kim barəsində həbs qətimkan tədbiri seçilməyib”.

* * *

Bununla yanaşı, daha böyük “əmma” da var. Söhbət Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin Azərbaycanın Baş Prokurorluğuna “AZAL”ın təyyarəsi ilə bağlı məktubundan gedir. Ötən ilin dekabrında ünvanlanmış həmin məktubda “AZAL”ın təyyarəsi ilə bağlı cinayət işinə xitam verildiyi açıqlanmışdı. Nə qədər qəribə olsa da, sənədin “BT News” “Telegram” kanalında yayımlanmış məzmunundan əldə edilən nəticə bunu deməyə əsas vermişdi ki, Prezident Putinin Düşənbədə dedikləri mənasızdır. Məzmun isə təxminən belə idi: “AZAL”a məxsus təyyarə duman səbəbindən Rusiya ərazisində yerə eniş edə bilməyib və Qazaxıstana üz tutaraq orada qəzaya uğrayıb. Loru dildə desək, bizlik heç nə yoxdur.

Amma Azərbaycan tərəfinin yanaşması Bastrıkinin məktubunun heçə sayılması xüsusunda idi. Bu baxımdan Ceyhun Bayramovun açıqladığı prinsipial mövqe vurğulanmalıdır: “Məktubda diqqətçəkən məqamlardan biri ondan ibarədir ki, cənab Bastrıkin bu cinayət işinə xitam verilməsi barədə məlumatı bölüşüb. Bu, ciddi suallar yaradır və təəccüb doğurur. Həmin məktuba Azərbaycanın müvafiq qurumu tərəfindən təfsilatlı mövqe ortaya qoyulub və Rusiya tərəfinə çatdırılıb. Güman edirəm ki, bu məsələyə aydınlıq gətiriləcək. Ən azından bizim gözləntimiz iki ölkə lideri arasında aparılan danışıqlara uyğun olaraq bu məsələ ilə bağlı araşdırmanın başa çatdırılması, hüquqi qiymətin verilməsi, kompensasiyaların ödənməsidir”.

Xatırladaq ki, ötən il dekabrın 30-da Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşündə prezidentlərin Düşənbə təmasının prinsipial mahiyyəti üzərində dayanmışdı. Səfir heç bir prosedur qərarın Rusiya dövlət başçısının bəyanatında yer alan təlimatların həyata keçirilməsi zərurətini əvəz və ya ləğv edə bilməyəcəyini bildirmiş və bu mövqe müsbət qarşılanmışdı. Hərçənd, yanvarın əvvəlində “AZAL”ın təyyarəsini vurmaq əmrini verən general-mayor Aleksandr Vasilyeviç Tolopiloya qarşı bütün ittihamların aradan qaldırıldığına dair məlumatın yayıldığını da gördük.

* * *

Sonda belə nəticəyə gəlmək mümkündür ki, Prezident İlham Əliyevin martın 2-də Rusiya Baş nazirinin müavini Aleksey Overçukla görüşündə “AZAL”ın təyyarəsi ilə bağlı məsələyə qayıdılması Rusiya İstintaq Komitəsinin rəhbəri A.Bastrıkinin məktubunda ifadəsini tapan xoşagəlməz motivi heçə endirir. Overçukun respublikamıza səfərinin nikbinlik baxımından verdiyi ən böyük əsas da elə budur. Ümid edək ki, bu düşüncəmizin davamı üçün daha pozitiv cəhətlər meydana çıxacaq və münasibətlərdəki soyuqluq aradan qalxacaq. Hər halda, rəsmi Bakı bütün qonşu ölkələrlə, o cümlədən Rusiya ilə mehribanlığın, bərabərtərəfli, qarşılıqlı etimada və faydaya əsaslanmış əlaqələrin qorunmasında maraqlıdır.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət