İyunun 3-də Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Müstəqil Dövlətlər Birliyinin Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının 34-cü iclası keçirilib.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev iclasda iştirak edib.
İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan dövlət xəbər agentliklərinin rəhbərləri və nümayəndələri, həmçinin MDB İcraiyyə Komitəsinin təmsilçiləri süni intellektdən istifadə, bu kontekstdə peşəkar jurnalistika standartlarına riayət edilməsi, feyk məlumatlara qarşı mübarizə məsələlərini və bu sahədə xəbər agentlikləri arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Çıxışlarda materialların sürətlə hazırlanması, mətnlərin müxtəlif dillərə tərcüməsi, beynəlxalq gündəmin monitorinqi, xəbər məzmununun keyfiyyətinin artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün müasir texnologiyalardan istifadənin vacibliyi vurğulanıb.
Xəbər agentlikləri arasında süni intellektdən istifadə sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə təlim proqramlarının yaradılması, avtomatlaşdırma sistemlərinin tətbiqi sahəsində təcrübə mübadiləsi ilə bağlı razılıq əldə olunub.
Tədbirdə Beynəlxalq Fakt Yoxlama Assosiasiyasının fəaliyyəti, MDB-nin 35 illiyi münasibətilə tədbirlərə hazırlıq məsələləri müzakirə olunub və Milli Xəbər Agentlikləri Assosiasiyasının yeni veb-saytının təqdimatı keçirilib.
XQ

