XİN-də görüş və müzakirələr

post-img

İyunun 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Norman ilə görüşüb.

Görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Söhbət zamanı Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, postmünaqişə dövründə yaranmış reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi, ölkəmiz tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Səfir Dankan Norman Azərbaycanda fəaliyyətə başlamaqdan məmnunluğunu ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

***

İyunun 2-3-də Bakıda Azərbaycan Respublikası ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni hərtərəfli saziş layihəsi və 2026-2030-cu illəri əhatə edən Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparılıb.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Avropa İttifaqı tərəfinə isə Avropa Xarici Fəaliyyət Xidmətinin icraçı direktorunun müavini Audrone Perkauskiene rəhbərlik edib. Konstruktiv ruhda keçən müzakirələrin nəticəsində 2026-2030-cu illəri əhatə edən Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb.

Yeni hərtərəfli saziş üzrə aparılan danışıqlar çərçivəsində Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələri Avropa İttifaqından olan həmkarları ilə birlikdə saziş layihəsinin müxtəlif bölmələri üzrə məhsuldar müzakirələr aparıb, bir sıra istiqamətlərdə irəliləyişlər əldə edilib və danışıqların növbəti mərhələləri ilə bağlı planlar müəyyən edilib.

Görüşün yekununda tərəflər yeni ikitərəfli saziş layihəsi üzrə danışıqların onlayn və fiziki görüşlər formatında intensiv şəkildə davam etdirilməsi barədə razılığa gəliblər.

XQ

Son xəbərlər