İƏT Parlament İttifaqında Azərbaycanın sədrliyinin strateji hədəfləri

post-img

Bakı İslam ölkələrinin maraqlarını ardıcıl və qətiyyətlə müdafiə edir

Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının rəsmi açılış mərasimi reallaşdı. Azərbaycan paytaxtı növbəti dəfə qlobal əhəmiyyətli diplomatik platformaya ev sahibliyi etməklə regional və beynəlxalq arenadakı mühüm statusunu nümayiş etdirir.

Qeyd olunan forum yalnız İslam dünyasının parlamentarilərini toplamaqla kifayətlənmir, həmçinin beynəlxalq təhlükəsizlik, əməkdaşlıq və suverenliyə hörmət prinsiplərinin yenidən qiymətləndirildiyi mühüm siyasi məkana çevrilir. 400-dən artıq nümayəndənin, o cümlədən çoxsaylı ölkələrin qanunverici orqan rəhbərlərinin iştirakı ilə keçirilən sessiya Şərq ilə Qərb, eləcə də müxtəlif regional güclər arasında siyasi dialoqun inkişafına əlverişli şərait yaradır. Sədrlik statusunun İndoneziyadan Azərbaycana keçməsi isə rəsmi Bakının İslam dünyasındakı diplomatik mövqeyinin daha da möhkəmlənməsinə xidmət göstərir.

Tədbirin açılış mərasimində Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin sessiya iştirakçılarına müraciətini səsləndirdi. Dövlət başçısının müraciətində vurğulanan əsas məqamlar ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq hüququn aliliyi prinsiplərinə söykənir. İlham Əliyev müraciətində İƏT-in Azərbaycana göstərdiyi ardıcıl dəstəyi xüsusi qeyd etdi. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü zamanı və müharibədən sonrakı mərhələdə təşkilatın qətiyyətli mövqe nümayiş etdirdiyi vurğulandı. İşğalı kəskin şəkildə pisləyən, Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işlərini təqdir edən qətnamə və bəyanatların qəbulu qardaş ölkələrin Azərbaycana olan mənəvi-siyasi dəstəyinin bariz göstəricisidir.

***

İƏT çərçivəsində parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi Azərbaycan üçün çoxvektorlu diplomatiyanın prioritet istiqamətlərindən sayılır. Azərbaycanın suverenliyinin tam bərpa olunmasından sonra regionda formalaşan yeni siyasi reallıqlar beynəlxalq təşkilatlarla əlaqələrin keyfiyyətcə yeni müstəviyə keçməsini tələb edir. Sırf siyasi və strateji əhəmiyyət kəsb edən hazırkı sessiya İslam dünyası daxilində Azərbaycanın əldə etdiyi nüfuzun möhkəmlənməsinə xidmət göstərir. İƏT nəzdində yaradılan Təmas Qrupunun fəaliyyəti kollektiv təhlükəsizlik və həmrəylik institutlarının effektiv işləyə biləcəyini göstərən nümunədir. Həmin struktur hərbi təcavüz dövründə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, habelə beynəlxalq hüququn müdafiəsində mühüm rol oynadı. Parlament diplomatiyası rəsmi dövlət kanallarından fərqli olaraq, cəmiyyətlərin nümayəndələri vasitəsilə daha çevik və geniş təsir imkanlarına malikdir. Azərbaycanın suverenliyinin qorunması məsələsində İslam dünyasının nümayiş etdirdiyi qətiyyət, beynəlxalq münasibətlər sistemində ədalət prinsipinin hələ də tamamilə itirilmədiyini sübut edir.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş konfransda çıxış edərək, qlobal sistemin transformasiyası ilə bağlı siyasi fikirlər irəli sürdü. N.Kurtulmuşun fikrincə, müasir dövrdə dünya böyük təlatümlərdən, siyasi sarsıntılardan keçir və hazırkı vəziyyət İslam aləminin qarşısında mühüm imkanlar açır. Türkiyə parlamentinin rəhbəri köhnə beynəlxalq sistemin tamamilə çökdüyünü və geri dönüşün imkansız olduğunu bəyan etdi. O, təkqütblü dünya modelinin artıq mövcudluğunu qoruya bilmədiyini, heç kəsin və heç bir regionun qlobal idarəçiliyi təkbaşına həyata keçirmək iqtidarında olmadığını vurğuladı.

N.Kurtulmuşun toxunduğu çoxmərkəzlilik konsepsiyası müasir beynəlxalq münasibətlərin ən aktual mövzusudur. İkinci Dünya müharibəsindən sonra yaranan və “soyuq müharibə”nin başa çatması ilə təkqütblü xarakter alan qlobal arxitektura artıq ciddi böhran keçirir. Beynəlxalq hüququn bəzi güclər tərəfindən manipulyasiya edilməsi, suveren dövlətlərin daxili işlərinə müdaxilə cəhdləri və qlobal təhlükəsizlik institutlarının funksionallığını itirməsi yeni güc mərkəzlərinin formalaşmasını labüd edir. İslam dünyası sahib olduğu coğrafi yerləşmə, demoqrafik resurslar və strateji mövqe sayəsində həmin çoxmərkəzli sistemin əsas sütunları qismində çıxış edə bilər. Həmin məqsədlə təşkilat daxilində fikir ayrılıqlarının aradan qaldırılması, ümumi siyasi strategiyanın hazırlanması tələb olunur. Bakı platforması məhz belə strateji hədəflərin müzakirə edildiyi, İslam ölkələrinin parlamentləri səviyyəsində ortaq qərarların qəbul olunduğu mühüm mərkəz statusunu daşıyır.

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın Bakıda keçirilən sessiyada iştirakı və səsləndirdiyi fikirlər konfransın siyasi çəkisini artıran əsas amildir. M.B.Qalibaf çıxışında İslam dünyasının həmrəyliyinə, gələcək inkişaf potensialına töhfə verən mühüm tədbirin Bakıda keçirilməsini yüksək qiymətləndirdi və yüksək səviyyəli təşkilatçılığa görə təşəkkürünü bildirdi. İran parlamentinin rəhbəri dövlətlərin suverenliyinə ehtiram, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan diplomatiyanın uğur qazanacağını diqqətə çatdırdı. O, regionun təhlükəsizliyinin kənar güclərin müdaxiləsi olmadan, yalnız region ölkələri tərəfindən təmin edilməli olduğunu qeyd etdi.

Yaxın Şərqdə və qlobal müstəvidə İran, Amerika Birləşmiş Ştatları və İsrail arasında kəskin geosiyasi münaqişənin hökm sürdüyü hazırkı mərhələdə rəsmi Tehranın Bakıdakı tədbirə yüksək səviyyədə qatılması böyük əhəmiyyət kəsb edir. Hazırkı geosiyasi vəziyyət Azərbaycanın regional və beynəlxalq arenada tutduğu balanslaşdırılmış mövqeyi aşkar şəkildə nümayiş etdirir. Azərbaycan regional gərginliklərə və qlobal güclərin qarşıdurmasına baxmayaraq, qarşılıqlı hörmətə söykənən müstəqil xarici siyasət xəttini uğurla davam etdirir. İran nümayəndə heyətinin Bakı forumunda fəal iştirakı rəsmi Bakının regional sülhün və sabitliyin qorunmasında oynadığı vasitəçi və neytral platforma rolunun göstəricisidir. Azərbaycan regional problemlərin həllində kənar güclərin diktəsini qəbul etmir, regional tərəfdaşlarla qarşılıqlı dialoqa üstünlük verir.

İƏT Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyass çıxışında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən İslam əməkdaşlığına və həmrəyliyinə verilən dəyəri xüsusi vurğuladı. Baş katib Bakının beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilində etibarlı və fəal tərəfdaş olduğunu bildirdi. Onun fikrincə, hazırkı sessiya olduqca mürəkkəb qlobal dövrdə reallaşır. Beynəlxalq ədalət sistemində böhranın dərinləşdiyi, İslam dünyasının ciddi humanitar və siyasi çağırışlarla qarşı-qarşıya qaldığı zaman kəsiyində dialoqun əhəmiyyəti qat-qat artır. Dağıdıcı müharibələrin xalqları zəiflətdiyi, qlobal təhlükəsizliyə mənfi təsir göstərdiyi şəraitdə güc tətbiqindən imtina edilməsi mütləq zərurətdir. M.X.Niyassın qeyd etdiyi beynəlxalq ədalət sistemindəki uçurum ifadəsi müasir geosiyasi böhranın ən dərin qatlarına işıq tutur. Beynəlxalq hüququn tətbiqində müşahidə olunan selektiv yanaşma, yəni ikili standartlar, əksər regional münaqişələrin uzanmasına və qlobal institutlara inamın sarsılmasına rəvac verdi.

Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası yalnız növbəti diplomatik görüş xarakteri daşımır, qlobal geosiyasi keçid dövründə İslam dünyasının yeni siyasi və strateji hədəflərini müəyyən edən mühüm tarixi mərhələdir. Azərbaycanın ev sahibliyi etdiyi mötəbər forum ölkənin qlobal arenada artan nüfuzunu, balanslaşdırılmış xarici siyasət xəttini və regional sülhün təmin edilməsində artan rolunu yenidən təsdiqlədi.

Yusif ŞƏRİFZADƏ
XQ



Siyasət