Azərbaycanı zəngin qaz ölkəsi kimi tanıdan “Şahdəniz” yatağı uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Burada qazma işlərinə 1990-cı ildə başlanılsa da, vəsait çatışmazlığı səbəbindən işlər yarımçıq dayandırılıb. Müstəqilliyin ilk illərində yatağın istismara cəlb edilməsi üçün bir sıra tanınmış şirkətlərlə aparılan danışıqlar da lazımi nəticə verməyib.
Yalnız 1996-cı il iyunun 4-də Bakıda keçirilən “Xəzər neft-qaz sərgi və konfransı çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalandıqdan sonra neft ölkəsi kimi tanınan Azərbaycan, eyni zamanda, əsas qaz təchizatçısı kimi dünyanın maraq dairəsinə daxil olub. Bu saziş dünyanın transmilli neft şirkətlərinin “Əsrin müqaviləsi”nin imzalanması ilə təməli qoyulmuş Azərbaycanın yeni neft strategiyasının həqiqiliyinə inamı bir qədər də artırıb.
Prezident İlham Əliyev iyunun 1-də “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində 30 il əvvəl, 1996-cı ilin iyununda dünyanın ən iri qaz yataqlarından olan “Şahdəniz” yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü ilə bağlı imzalanmış sazişi xatırladaraq deyib ki, bu müqavilə sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açdı.
Məlumat üçün bildiririk ki, “Şahdəniz” yatağı Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50–600 metr arasında dəyişdiyi ərazidə yerləşir. Dünyanın ən böyük qaz-kondensat yataqlarından biri sayılan “Şahdəniz”in sahəsi 140 kvadratkilometrdən çoxdur. Bu, həm də layihənin operatoru olan bp şirkətinin kəşf etdiyi ən böyük qaz yatağıdır. Belə ki, “Şahdəniz” yatağının təsdiqlənmiş ehtiyatı 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensatdan ibarətdir. Bu da Azərbaycanın qaz potensialının, təxminən, 50 faizini təşkil edir.
Saziş çərçivəsində həyata keçirilmiş ilkin qazma işləri “Şahdəniz” yatağının qaz ehtiyatları ilə zənginliyini tam sübuta yetirib. Beləliklə, 1999-cu ilin yayında Xəzərin Azərbaycan sektorunda nəhəng qaz-kondensat yatağının kəşfi bütün dünyaya bəyan edilib. Bu münasibətlə ümummilli lider Heydər Əliyevin iştirakı ilə təntənəli mərasim keçirildi. Ulu öndər bu əlamətdar hadisə münasibətilə neftçiləri və ölkə ictimaiyyətini təbrik edərək deyib: “Şahdəniz” yatağı Azərbaycanın Xəzər dənizindəki sektorunda, demək olar ki, ən böyük və ən zəngin neft və qaz yataqlarından biridir... “Şahdəniz” konsorsiumunun prezidentinin və başqa natiqlərin burada verdikləri məlumatlar bizi həddən artıq sevindirir və güman edirəm ki, bu, dünya miqyasında böyük bir hadisəyə çevriləcəkdir”.
Xatırladaq ki, Azərbaycan hökuməti ilə layihə iştirakçıları arasında yatağın bir neçə mərhələdə işlənməsi ilə bağlı razılıq əldə olunmuşdu. 2003-cü ilin fevral ayında “Şahdəniz-1” layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinə start verilib. Bu mərhələdə suyun 105 metr dərinliyində 15 quyunun qazılması üçün nəzərdə tutulmuş nəhəng hasilat, qazma və yaşayış platforması inşa olunub, hər biri 100 kilometr uzunluğunda olan iki sualtı boru kəməri çəkilib. “Şahdəniz” yatağından həmin kəmərlər vasitəsilə nəql olunan qaz və kondensatın qəbulu üçün Səngəçal terminalında lazımi infrastruktur yaradılıb. Bundan əlavə, “Şahdəniz” qazının Gürcüstana və Türkiyəyə ixracını təmin etmək məqsədilə Cənubi Qafqaz boru kəməri tikilib istismara verilib.
“Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində ilk qazın hasilatına isə 2006-cı ilin payızında başlanılıb. İlkin mərhələdə maksimum hasilat ildə 10 milyard kubmetr qaz və gündə 50 min barel kondensat təşkil edib. Layihə çərçivəsində hasil olunan qazı Gürcüstan və Türkiyəyə çatdırmaq üçün qaz ixracı sisteminin yaradılması da nəzərdə tutulmuş vaxtda başa çatdırılıb. Xatırladaq ki, 690 kilometrlik Cənubi Qafqaz boru kəməri ilə “Şahdəniz” qazının Gürcüstan və Türkiyəyə ixracına 2007-ci ilin əvvəllərində başlanılıb.
2013-cü il dekabrın 17-də isə konsorsium iştirakçıları tərəfindən “Şahdəniz-2” layihəsinin işlənməsi üçün yekun investisiya qərarı qəbul olunub. Bununla da “Şahdəniz” qaz hasilatı və ixracı layihəsi həlledici mərhələyə qədəm qoyub. Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin ixrac gücünə ildə 16 milyard kubmetr əlavə olunması (Azərbaycanda 48 düymlük yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası), Türkiyə ərazisindən keçən Trans-Anadolu qaz boru kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə imkan yaradıb.
Bu zəngin yatağın tammiqyaslı işlənməsi mərhələsi Azərbaycan qazını Türkiyə və Avropaya çatdıracaq nəhəng bir layihədir. Ötən müddətdə bu mərhələdə genişmiqyaslı tikinti-quraşdırma işləri həyata keçirilib. “Şahdəniz-2” layihəsi çərçivəsində mövcud platformaya körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması inşa olunub. Suyun 550 metrədək dərinliyi ilə 500 kilometr uzunluğunda sualtı boru kəmərləri çəkilib, Cənubi Qafqaz boru kəmərinin ixrac imkanlarının artırılması məqsədilə Azərbaycanda 48 düymlük yeni boru kəməri, Gürcüstanda isə ildə daha 16 milyard kubmetr qazın qəbulu üçün iki kompressor stansiyası tikilib. Səngəçal terminalında isə əlavə genişləndirmə işləri aparılıb. Bu mərhələdə iki yarımdalma qurğu vasitəsilə 26 sualtı quyunun qazılması nəzərdə tutulur. Ümumilikdə, 2026-cı ilin 1-ci rübünün sonuna “Şahdəniz” layihəsi çərçivəsində kapital xərcləri 31 milyard dollar təşkil edib.
Ötən il “Şahdəniz” yatağında daha bir mühüm layihənin icrasına başlanılıb. Dəyəri 2,9 milyard dollar təşkil edən “Şahdəniz kompressiya” layihəsindən məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə burada maksimum qazvermə əmsalına nail olmaqdır. Layihə çərçivəsində istismara veriləcək unikal platformanın “Şahdəniz” yatağından, təxminən, 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir. Layihə, həmçinin yataqdan hasil edilən qazın təzyiqini artıraraq ixracını təmin etmək məqsədi daşıyır. Mövcud “Şahdəniz” platformalarının yaxınlığında yerləşəcək yeni kompressiya platforması suyun 85 metr dərinliyində quraşdırılacaq.
İndiyədək “Şahdəniz” yatağında, ümumilikdə, 34 quyu qazılıb. Bunun da 11-i yatağın birinci, 23-ü isə ikinci işlənmə mərhələsinə aiddir. Hazırda həmin quyulardan 32-si istismardadır. “Şahdəniz” yatağının ikinci mərhələsi üzrə hasilata 2018-ci ildə başlanılıb. Hazırda “Şahdəniz” qurğularının hasilat gücü gündə, təxminən, 76 milyon (ildə təqribən 28 milyard) standart kubmetr təşkil edir.
Diqqətçəkən daha bir maraqlı fakt ondan ibarətdir ki, “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda “Şahdəniz” yatağının ən məhsuldar quyusundan hasilat gündə 28 min barel neft ekvivalentə bərabərdir. Bütövlükdə isə, hasilata başlanıldığı 2006-cı ilin noyabr ayından 2026-cı ilin 1-ci rübünün sonunadək “Şahdəniz” yatağından 271 milyard kubmetr qaz və təxminən, 53 milyon ton kondensat hasil olunub.
“Şahdəniz” qazını Avropa bazarına çatdıran Cənub Qaz Dəhlizi layihəsi də real fəaliyyət sahəsinə çevrilib. 2006-cı ildə istifadəyə verildikdən etibarən Cənubi Qafqaz boru kəməri və onun genişləndirilmiş hissəsi vasitəsilə daxili bazarlar da daxil olmaqla, təxminən, 271 milyard kubmetr qaz ixrac edilib. Bu nəhəng arteriya uzun illər Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq. Dəhlizi qidalandıran “Şahdəniz” yatağı isə daha 100 il Azərbaycan və tərəfdaş ölkələr üçün əsas tədarük bazası olacaq.
İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri
“Şahdəniz” Xəzər dənizində indiyə qədər kəşf edilmiş ən böyük təbii qaz yatağı, sözün əsl mənasında, yataqların şahı hesab edilə bilər. Bu yatağın kəşf edilməsi və sonradan onun resurslarının mərhələli şəkildə bazarlara çıxarılması Azərbaycanın enerji sektorunda yeni inkişaf mərhələsinə daxil olan qaz sənayesinin XXI əsrdə əldə etdiyi ən böyük nailiyyətdir.
“Şahdəniz” Azərbaycanın enerji tarixində, sadəcə, böyük qaz yatağı deyil, ölkənin iqtisadi inkişaf modelini dəyişən, Azərbaycanı regional enerji istehsalçısından qlobal enerji tərəfdaşına çevirən strateji layihədir. Müqayisə üçün deyim ki, əgər “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi – “Əsrin müqaviləsi” Azərbaycanın neft əsrinin əsasını qoymuşdusa, “Şahdəniz” XXI əsrdə Azərbaycanın qaz əsrini başlatdı.
Bu yataq ölkəmizə təkcə enerji gəlirləri deyil, həm də beynəlxalq nüfuz, yeni tərəfdaşlar, geosiyasi əhəmiyyət və gələcəyə hesablanmış strateji üstünlüklər qazandırdı. Bu mənada, “Şahdəniz” son 30 ildə Azərbaycanın iqtisadi və siyasi tarixini formalaşdıran əsas layihələrdən biri hesab oluna bilər.
Ötən əsrin 90-cı illərinin sonlarına qədər Azərbaycan, əsasən, neft potensialı ilə tanınırdı. Lakin “Şahdəniz” yatağının kəşfi və işlənməsi göstərdi ki, ölkəmiz, həm də dünya səviyyəli qaz ehtiyatlarına malikdir. Məhz bu layihə sayəsində Azərbaycan XXI əsrdə tədricən yalnız neft ixrac edən ölkə statusundan çıxaraq böyük qaz ixracatçısına çevrildi. Hazırda ölkənin enerji siyasətində qaz ən azı neft qədər strateji əhəmiyyət daşıyır və bir çox hallarda gələcəyin əsas enerji resursu hesab olunur.
“Şahdəniz” yatağı olmasaydı, bu gün Cənubi Qafqazdan Avropaya uzanan nəhəng qaz infrastrukturu da mövcud olmazdı. Məhz “Şahdəniz” qazı Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kimi strateji kəmərlərin çəkilməsinə təkan verdi. Bu kəmərlər birlikdə Avropa ilə Xəzər hövzəsi arasında ilk birbaşa qaz dəhlizini yaratdı. Beləliklə, Azərbaycan, sadəcə, enerji istehsalçısı deyil, həm də qitələri birləşdirən enerji körpüsünə çevrildi.
Qeyd etdiyim kimi, “Şahdəniz” layihəsi Azərbaycanı enerji bazarında etibarlı tərəfdaş kimi tanıdıb. Avropanın enerji təhlükəsizliyi ilə bağlı müzakirələrdə Azərbaycanın adı müntəzəm olaraq çəkilir. Bu isə ölkənin siyasi və iqtisadi çəkisini əhəmiyyətli dərəcədə artırır. Yeri gəlmişkən, enerji sahəsində əldə olunan yüksək etimad sonradan digər istiqamətlərdə – ticarət, nəqliyyat, logistika və investisiya əməkdaşlığında da yeni imkanlar yaradıb.
Mirbağır YAQUBZADƏ
XQ


